Əsas Səhifə > Dünya > “Krım körpüsü tezliklə dağıdılmalıdır”
“Krım körpüsü tezliklə dağıdılmalıdır”23-04-2024, 08:30 |
“Ukrayna Krım körpüsünə hücuma hazırlaşır. İndi bu hücumu mümkün qədər sürətləndirmək lazımdır. Çünki Rusiya hərbi əməliyyatların intensivliyini artırmağa hazırlaşır və onlara Krım körpüsü çox lazımdır”. Bu fikirləri Ukrayna Hərbi Hüquq Araşdırmaları Mərkəzinin rəhbəri, politoloq Aleksandr Musienko yazdığı analitik məqalədə qeyd edib. Politoloq bildirib ki, hərbi texnika, silahlar, ağır silahların Rostov-na-Donudan cəbhəyə daşınması ümün mühüm logistik rolu Krım körpüsü oynayacaq: “Krım körpüsü də, dəmir yolu əlaqəsi də burada mühüm rol oynayacaq. Eyni zamanda, Rusiya qoşunlarının hücum xarakterli döyüş birləşmələrinin yerləşdirilməsinin qarşısını almaq, onların normal maddi-texniki təchizatını əngəlləmək, yeni böyük hücum əməliyyatına hazırlıqlarını pozmaq üçün hazırda Krım körpüsünü vurmaq, zərərsizləşdirmək və sıradan çıxarmaq xüsusilə vacibdir”. “Cankoyda parlaq zərbə ilə düşmənin hava hücumundan müdafiə sistemlərini məhv etdiyini gördük. Nəzərə almaq lazımdır ki, məhv edilən S-400 Rusiya üçün bahalı və son dərəcə vacib hava hücumundan müdafiə sistemidir. Bu, Ukraynanın Krıma hücumu baxımından bir xəbərdarlıq, hazırlıq ola bilər. Körpü tezliklə dağıdılacaq. Ukraynanın zərbəsi nəticəsində Rusiyanın Mi-8, Mi-25M, Mi-28 və Ka-52 helikopterlərinin yerləşdiyi aerodrom, 4 ədəd S-400 hava hücumundan müdafiə sistemi, 3 radar stansiyası və hava müşahidə avadanlığı məhv edildi”, - deyə Musienko qeyd edib. Analitikin sözlərinə görə, bu yaxınlarda məlum olub ki, Ukraynanın dəniz qüvvələrinin dronları 1000 kiloqram yük daşıya bilir: “Partlayıcı hissənin çəkisi baxımından bu, ikidən çox raketlə müqayisə edilə bilər. Belə birləşmiş zərbə - həm havadan, həm də sudan – Krım körpüsünü tamamilə dağıtmazsa, heç olmasa uzun müddət işləkliyini qeyri-mümkün edə bilər. Bəzən deyirlər ki, Krım körpüsünü dağıtmaq artıq gecdir, çünki Rusiya Ukraynanın cənubunun işğal olunmuş hissəsində dəmir yolu çəkir. Amma yox. Körpünü dağıtmaq üçün hələ də gec deyil. Rusiya bu dəmir yolunun tikintisinə başlasa da, hələ başa çatdırmayıb. Xüsusilə də dəmir yoluna görə körpünün dağıdılması prosesini sürətləndirmək son dərəcə vacibdir. Belə ki, bu zərbə təkcə simvolik deyil, həm də əməli nəticələrə malik olacaq. Rusiyanın yeni dəmir yoluna gəlincə, onunla ayrıca məşğul olunacaq. Rusların tikintini davam etdirməsinin qarşısını almağın yolları var”. ayna.az Geri qayıt |