Əsas Səhifə > Dünya > Pekin və Vaşinqton dialoqdan imtina etməməyə qərar veriblər...

Pekin və Vaşinqton dialoqdan imtina etməməyə qərar veriblər...


29-04-2024, 07:54
Pekin və Vaşinqton dialoqdan imtina etməməyə qərar veriblər...
Vaşinqton Pekinlə dialoqu genişləndirib. Dövlət katibi Entoni Blinkenin Çinə bir neçə gün əvvəl səfəri bu dialoqun tərkib hissəsi sayıla bilər. Blinkenin 3 günlük səfəri Çinin Şanxay şəhərindən başlamı paytaxt Pekində davam etmişdi.
Blinkenin Pekindəki görüşdə səsləndirdiyi tələblər iki ölkə arasındakı münasibətlərin bugünkü gərgin xarakterini tərənnüm etdirib. Birincisi, Vaşinqton Pekindən Rusiyanın hərbi-sənaye kompleksinin fəaliyyəti üçün avadanlıq göndərməyi dayandırmağı tələb edib. İkincisi, Pekinin uyğurlara qarşı siyasəti Vaşinqtonu əvvəlkitək narahat edir. Üçüncüsü, Pekin Çin sahillərinə yaxın ticarət gəmilərinə maneələr yaratmamalıdır. Blinken Pekində Çinin də tələbini eşidib: “ABŞ Çinə aid olan Tayvan adasında hərbi dəstəkdən imtina etməlidir”.
Pekin Vaşinqtonun tələblərini yerinə yetirmədiyi kimi, Vaşinqton da Pekinin tələbini yerinə yetirməyəcək. Misal üçün ABŞ Konqresi Ukrayna və İsraillə yanaşı Tayvana da maliyyə yardımı ayırıb. Pekin Konqresin qərarını tənqid edib. Pekini ABŞ-ın Çin sahillərinə yaxın ərazidə keçirdiyi hərbi təlimlər də narahat edir. ABŞ Sakit və Hind okeanında bu təlimlər tərəfdaşları ilə birgə həyata keçirir. Bu təlimlərdə ABŞ-la yanaşı Filippin, Avstraliya, Yeni Zellandiya, Cənubi Koreya və Yaponiya da iştirak edirlər. Misal üçün ABŞ-ın Filippinlə aprel ayının son günlərində birgə başladığı hərbi təlimlər mayın 10-a qədər davam edəcək. “Balikatan” adlanan təlimlərdə 11 amerikalı, 5 min filippinli hərbçi iştirak edir. 14 ölkənin təmsilçisi hərbi təlimləri müşahidə edir.
Buna baxmayaraq, Pekin və Vaşinqton dialoqdan imtina etməməyə qərar veriblər. Ancaq bu dialoq iki ölkə arasındakı münasibətlərdə və bölgədəki gərginliyi azaltmır. Pentaqonun yayımladığı son hesabatda Çinin sualtı gəmilərinin Amerika sahillərinə yaxın üzdükləri bildirilib. Həmin gəmilər ABŞ-a məxsus Alyaska və Havay adalarına zərbə endirmək imkanına malikdirlər. Çinin sualtı gəmilərinin sayı yalnız Rusiya və ABŞ-dan geri qalır.
ABŞ-ın keçmiş prezidenti Donald Tramp Çinlə ticarətin məhdudlaşdırılması üçün sərt addımlar atmışdı. ABŞ-ın hazırki prezidenti Cozef Bayden bu siyasəti davam etdirir. Bayden aprel ayındakı qərarıyla Çindən polad və alüminium idxalına tarifləri 7.5 faizdən 22.5 faizə qədər artırıb. Bundan başqa Ağ Ev sahibi Pekinin gəmiqayırma, gəmiçilik və logistika sahəsindəki fəaliyyətini araşdırmağı tələb edib. ABŞ Konqresi isə Rusiya hərbi müəssisələri ilə əməkdaşlıq edən Çin şirkətlərini hədəf seçib. Rusiyaya köçürmələr həyata keçirən Çin bankları da nəzarət altındadırlar. Amerikada hesab edirlər ki, Çin Rusiyanın hərbi-sənaye kompleksini ayaqda tutmaq üçün dəstəyini əsirgəmir. Çin Rusiyaya dəzgahlar, yarımkeçiricilər və Moskvanın istədiyi digər ləvazimatları göndərir. “The Financial Times” nəşrində yayımlanan məqalədə, Entoni Blinkenin Vaşinqtonun xəbərdarlığını bir daha Pekinin diqqətinə çatdırıb.
Blinkenin Çinə səfərinin başqa bir önəmli səbəbi var idi. CNN televiziya kanalının yaydığı məlumata görə, ABŞ dövlət katibi Çinə üç günlük səfərini başa vurarkən deyib ki, Çin prezidenti Si Cinpinin əvvəllər bunu etməyəcəyinə dair öhdəliyinə baxmayaraq, ABŞ Çinin qarşıdan gələn ABŞ seçkilərinə “təsir etmək və mübahisəli şəkildə müdaxilə etmək” cəhdlərinə dair sübutlar görüb. Blinkenin sözlərindən çıxan nəticə budur ki, Çin lideri Si Tsinpin seçkilərə qarışmayacağı barədə ABŞ prezidenti Cozef Baydenə şəxsən vəd verib. Blinken CNN kanalına müsahibəsində deyib ki, Çin rəsmilərinin verdikləri vədə Pekində əmin olmaq istəyirdi. Ancaq verilən vədlər Vaşinqtonun narahatlığını azaltmayıb. Çünki Kanada da Pekini seçkilərə müdaxilədə ittiham etmişdi.

“Atlas” Araşdırmalar Mərkəzi
dia-az.life

Geri qayıt