Əsas Səhifə > Dünya > Avropada casuslar ovu davam edir

Avropada casuslar ovu davam edir


29-04-2024, 10:59
Avropada casuslar ovu davam edir
Avropada növbəti casus qalmaqalı yaşanr. Avropa ölkələrində həm Rusiya, həm də Çin casusları yaxalanır. Moskva ilə yanaşı Pekinin də Avropa ölkələrində casus fəaliyyətini genişləndirməsi Brüsselin ciddi narahatlığına səbəb olub. Son aylarda, həm Böyük Britaniyada, həm də Almaniyada Çinə casusluq edən şəxslər həbs olunublar.
Çinə bağlı casuslar Böyük Britaniyada sənaye müəssisələrinə və kadameik mühitə müdaxilə edərək sirləri öyrənməyə çalışıblar. Casuslardan biri Böyük Britaniya parlamentinin xarici əlaqələr komitəsinin rəhbəri Alicia Kirnsin köməkçisi olub və əvvəllər hazırda təhlükəsizlik naziri olan Tom Tugendhat tərəfindən yaradılan nüfuzlu beyin mərkəzi olan Çin Araşdırma Qrupunda işləyib. Pekin Londonun iddialarını qəbul etməyib. Buna baxmayaraq, Böyük Britaniya hökuməti son üç ildə ilk dəfə olaraq Çin dövlətinə bağlı qurumlara qarşı sanksiyalar tətbiq etməyə qərar verib.
Bu arada, Almaniyanın daxili işlər naziri Nensi Faeser açıqlama verərək, “biz Çinin biznes, sənaye və elm sahələrində casusluğunun yaratdığı əhəmiyyətli təhlükənin fərqindəyik” cümləsini işlədib. Almaniyada həbs edilən casuslar hərbi məqsədlər üçün sənaye məlumatlarını toplamaqda ittiham olunurlar. Həbs orderində bildirilib ki, həbs edilən şəxslərdən biri Çinin Təhlükəsizlik Nazirliyinin – onun gizli polis xidmətinin agenti kimi fəaliyyət göstərirdi. Həmin şəxs Almaniyada hərbi məqsədlər üçün istifadə oluna biləcək innovativ texnologiyalar haqqında məlumat əldə etməkdə ittiham olunur.
Bu xəbər Almaniya kansleri Olaf Şolzun Çinə başa çatan səfərindən sonra yayıldı. Halbuki, Olaf Şolts Çin lideri Si Tsinpinlə iqtisadi əlaqələrin inkişafı mövzularında müzakirə aparmışdı. Ancaq Almaniyada casus qalmaqalı bu səfərin nəticələrinə mənfi təsir edib.
Casuslar Almaniyanın Düsseldorf şəhərində həbs olunublar. Onlar bu şəhərdə fəaliyyət göstərən elm və tədqiqat sektorları ilə əməkdaşlıq edirdilər. Digət tərəfdən həmin casuslar strateji sirlərin Çinə ötürülməsində Almaniya universitetlərinin imkanlarından da istifadə ediblər. Həmin universitetlərin Çin universitetləri ilə əməkdaşlıq müqavilələri mövcuddur.

“Atlas” Araşdırmalar Mərkəzi
dia-az.life

Geri qayıt