Əsas Səhifə > Dünya > “Qitələrəarası millət”dən Avropa mərkəzli inkişaf yoluna keçidin hekayəsi

“Qitələrəarası millət”dən Avropa mərkəzli inkişaf yoluna keçidin hekayəsi


3-05-2024, 07:14
 “Qitələrəarası millət”dən Avropa mərkəzli inkişaf yoluna keçidin hekayəsi
50 il əvvəl Portuqaliyada əfsanəvi “qərənfil inqilabı” baş verdi. Avropa əndazələrinə görə misli görünməmiş, hətta qonşuluqdakı Franko tiraniyasından çox - 48 il davam edən diktatura öz mövcudluğunu beləcə başa vurdu. Getdikcə daha çox təcrid olunan qocalmış imperiya uzun və perspektivsiz müharibədən bezən öz hərbçilərinin əli ilə çökdü. Bir ovuc əsgərə heç bir müqavimət göstərilmədi və sayılı saatlardan sonra faşist diktaturasının süqutunu minlərlə paytaxt sakini bayram etdi.

Portuqaliyada 1974-cü il 25 aprel çevrilişini quru qoşunlarının kiçik və orta komanda heyəti həyata keçirdi, onlar diktatura üçün döyüşməyə hazır olanlardan sayca çox idilər. Dinc əhali dərhal hərbçilərə qoşuldu. Devrilmiş diktator Kaetanunun sonuncu sığınacağını hərbçilərdən və mülkilərdən ibarət kütlə əhatəyə aldı. Ona divan tutulacağından ehtiyat edən Kaetanu zirehli avtomobildə qaçdı. “Qərənfil inqilabı” - dərin kök salmış rejimin bir göz qırpımında uçula biləcəyinin sübutudur.

Portuqaliya rejimi hətta özünün çiçəklənmə dövründə qənaətbəxş sayılmazdı. “Yeni dövlət” (Estado Novo) deyilən quruluşun mamır basmış qeyri-çevik sistemi İtaliyada Mussolini rejimi kimi faşist tipli siyasi iyerarxiyadan ibarət idi. Ənənəvi atributları da vardı: yeganə hakim partiya və təbliğatçı gənclər təşkilatı. 1930-cu illərin əvvəllərində yaradılan “Yeni dövlət” dar maraqları ilə fərqlənirdi. Hakimiyyət, bir neçə imtiyazlı ailənin əlində cəmləşən biznesi qorumaq üçün iqtisadi rəqabəti məhdudlaşdırmışdı.

Xammal ticarəti və müstəmləkələrdə təbii resursların çıxarılması da inhisara alınmışdı və rejimi dəstəkləmək müqabilində bir ovuc oliqarxa verilmişdi.

Müstəmləkələrin, elə metropoliyanın da əhalisinə, demək olar, heç nə çatmırdı. Portuqaliya XX əsrin ikinci yarısında mahiyyətcə feodal dövləti olaraq qalırdı.

O dövr Avropasının daha sərt diktatorlarından fərqli olaraq, Antoniu di Salazar siyasi repressiyaları böyük hiyləgərliklə həyata keçirirdi. Portuqaliyalı tiran hüquq professoru idi, əvvəlcə siyasi çəki topladı, sonra da maliyyə naziri vəzifəsində hakimiyyətə gəldi. Dövlət büdcəsini qaydaya saldı, siyasi və iqtisadi qarışıqlığa son verdi. Titrək səs, kənd keşişi ədaları (yeri gəlmişkən, Salazar heç vaxt evlənmədi) - diktatorun bütün görünüşü şəxsiyyətin paradoksal antikultunu yaradırdı: dövlət başçısı ölkədə sabitlik və təhlükəsizlik naminə təmənnasız çalışan təvazökar zəhmətkeş obrazını formalaşdırırdı. Stereotip faşist diktatorlarından fərqli olaraq şəxsi zənginləşməyə can atmayan bu zəhmətsevər məmur obrazını, əlbəttə, ciddi senzura və təbliğat maşını möhkəmləndirirdi.

PİDE, yəni gizli polis, bütün ölkə üzrə informatorlar şəbəkəsinə malik idi və rejimin iradəsini həyata keçirirdi, bəzən də sərt üsullarla: xüsusən də siyasi müxalifətin nüvəsini təşkil edən dissident-kommunistlərə qarşı. Onlar diktaturanın bütün mövcudluğu boyu gizli fəallıqlarını saxlayırdılar. Özü də hökumət zorakılığın görünən təzahürlərini azaltmışdı və polis özbaşınalığını qanunçuluq maskası ilə pərdələyirdi, amma ictimai təhlükəsizliyi qorumaq adı altında yadfikirlilərə divan tutulurdu.

Sərt repressiyalar poruqaliyalılar üçün adi hala çevrilmədi, amma işarə aydın idi: sakit durun, siyasətə qarışmayın, yoxsa üzərinizdə dövlətin qəzəbini hiss edəcəksiniz. Hər şeyin qayğısına hakimiyyət qalacaq.

Müharibə - dəyişikliklərin katalizatoru kimi

İstənilən rejim ölkə üzərində nəzarəti əldən verməzdən əvvəl adətən gerçəkliklə əlaqəni itirir. Portuqaliyanın “Yeni dövləti”i bu əlaqəni İkinci dünya müharibəsindən sonra itirməyə başladı. Salazar nasist Almaniyasının ticarət əlaqələri ilə müttəfiqlərin maraqlı arasında manevr edərək, bitərəfliyi məharətlə qoruyurdu. ABŞ müharibəyə qoşulanda o, müttəfiqlərə Atlantik okeanında yerləşən Azov adalarında mühüm hərbi baza verdi. Amma müharibədən sonra Portuqaliya diktatoru anlamadı ki, müttəfiqlərin qələbəsi müstəmləkə imperiyalarının da sonu deməkdir. Salazar Qərbi Afrikadan Cənub-Şərqi Asiyaya qədər səpələnən Portuqaliya müstəmləkələrindən inadla yapışıb qaldı.

Hətta Böyük Britaniya və Fransa - qalib dövlətlər - dekolonizasiya prosesinə başlayanda belə, Portuqaliya “qitələrarası dövlət” illüziyalarında israr edirdi. Sonun başlanğıcı 1961-ci ildə Anqolada müstəqillik uğrunda hərəkatın vüsət alması oldu. Mozambik və Qvineya-Bisau da oradan nümunə götürdü. 1961-ci ilin dekabrında Portuqaliyaya daha bir zərbə endirildi: ölkənin Hindistandakı koloniyalarının qalıqları olan bir neçə sahilyanı şəhəri Hindistan tutdu; digərlərini hind üsyançılar hələ 1954-cü ildə tutmuşdular.

Azadlıq hərəkatlarının uğuru və Hindistanın, necə deyərlər, portuqal ştatının itirilməsi diktatorun təkcə ordusunu rüsvay etmədi. Rejimin bütün legitimlik iddiaları Böyük coğrafi kəşflər zamanı yaranan Portuqaliya imperiyasının varisliyinə söykənirdi. Müstəmləkələri qorumaq uğrunda silahlı mübarizə tezliklə rejimin mövcudluq amalına çevrildi. “Anqola bizimdir!” kimi şüarlar səslənirdi. BMT və azsaylı məcburi müttəfiqlərin getdikcə artan təzyiqinə dözmək zərurəti Portuqaliyanı tarixin yolkənarına atdı. Bütün ölkə üzrə gənc kişiləri orduya cəlb edirdilər ki, əllərində silah naməlum və özləri üçün faydasız əraziləri qorusunlar. Üzücü partizan müharibəsi başladı. Nəticədə, Afrikadakı konfliktlər 11 il sürdü.

1960-cı illərin sonlarında Portuqaliyanın hərbi xərcləri büdcənin 40 faizini təşkil etdi. Buna baxmayaraq, ön cəbhədəki əsgərlər kəskin sursat və hətta ərzaq çatışmazlığı hiss edirdilər. Korrupsiyalaşmış ordu rəhbərliyi kart-blanş alanda çox vaxt olduğu kimi, hərbi tədarükün nəhəng hissəsi yuxarı eşalonlar tərəfindən mənimsənilirdi. Nəticədə kiçik rütbəlilər arasında ali komanda heyətinə qarşı böyük etimadsızlıq yarandı, zabit korpusunun tədricən siyasiləşməsi baş verdi. Rejim qüvvələri, özləri də bilmədən odun üzərinə benzin tökürdülər.

Qocalmış Salazar 1968-ci ildə Lissabon yaxınlığındakı iqamətgahında sözün hərfi mənasında stuldan yıxıldı: diktatorun beyninə güclü qan sızması baş verdi. Onun səlahiyyətlərini elmi dairələrdən çıxmış başqa birisi - Marselu Kaetanu üzərinə götürdü və xalqa yüngülvari yumşalmalar vəd etdi. Amma tədrici demokratikləşmə ümidləri həyata keçmədi: rejim dekolonizasiyaya yanaşmasını əhəmiyyətli dərəcədə dəyişə bilmədi və vətəndaşlara əsas siyasi azadlıqları vermədi. 1969-cu ildə ölkənin bütün universitetlərini etiraz hərəkatı bürüdü. Cavabında “təhrikçi” tələbələrin çoxu orduya çağrıldı. Hərbi qüvvələr daxilində müxalifətin yaranmasına ən çox töhfəni elə onlar verdi. İliyinə qədər korrupsiyalaşmış avtokratik rejim və müharibə 1974-cü il üçün Portuqaliyanı tam taqətdən salmışdı.

Qansız çevriliş

İnsanların amansız indiki zaman qarşısındakı qorxusu gələcək qarşısındakı qorxunu üstələyəndə diktaturalar çökür. Seçilmiş yolun sonunda guya işıqlı gələcək gözləməsi illüziyası dağılanda, şəxsi cəsarət romantikadan gerçək həyata adlayır.

1972-cü il aprelin 25-də səhər tezdən ordu kapitanı Salqeyro Mayya Lissabondan təxminən 80 km şimalda yerləşən Santarendəki hərbi məktəbdə öz əsgərlərini düzdü və paytaxta hərəkət əmri verdi. Onun kolonu Lissabonun mərkəzi meydanını tutdu. Salqeyro Mayyaya qarşı göndərilən iki hərbi hissə rejim uğrunda döyüşməkdən imtina edəndə çevriliş baş tutdu. 48 ildən sonra köhnə “Yeni dövlət” dağıldı (1926-cı ildə Portuqaliyada hərbi çevriliş baş vermişdi və müəllif, görünür “Yeni dövlət”i o vaxtdan hesablayır. Tarixşünaslıqda isə başlanğıc 1933-cü ildə yeni konstitusiyanın qəbulundan götürülür. Buna görə, “Yeni dövlət” 41 il mövcud olub - Press klub).

Hərbçilərlə yanaşı minlərlə adam Lissabona axışaraq ordunu alqışlayır və diktaturanın çöküşünü bayram edir. Salazarın varisi Marselu Kaetanu Milli qvardiyanın şəhərin mərkəzindəki mənzil-qərargahına sığınmışdı. Buranı əhatəyə alan əsgərlər və vətəndaşlar diktatorun təslim olmasını tələb edirdilər. Onun uğrunda kimsə döyüşmək istəmirdi və təslim şərtləri barədə razılıq əldə edən Kaetanu hərbçilər tərəfindən müvəqqəti olaraq Madeyra adasına göndərildi. Daha sonra Braziliyaya getdi və 1980-ci ildə burada öldü. Yalnız beş mülki şəxs çevrilişin qurbanı oldu: onlar Milli qvardiya binasından açılan atəşlə öldürüldülər.

Yazıçı Verjiliu Ferreyra yazırdı: “Az qala 50 il faşizm. Qorxu ilə şikəst edilmiş bütöv bir ömür”. 1974-cü ilin aprelində qorxu alovu yanıb qurtardı. Ona qalib gəlmək və hər şeyə yenidən başlamaq üçün özündə cəsarət tapmaqdan başqa yol qalmamışdı.

“İnqilabi proses”

Diktaturanı devirən hərbçilər üç maddədən ibarət siyasi proqramlarını bəyan etdilər: dekolonizasiya, demokratikləşmə və tərəqqi. Portuqaliya Qərbi Avropanın ən kasıb ölklərindən biri və uşaq ölümünə görə qitədə birinci idi. Ev təsərrüfatlarının yarıdan çoxunun su təchizatı, 43 faizinin isə sanitar qovşağı yox idi. Diktatura çökən zaman onun yerini tuta biləcək siyasi alternativ də yox idi. Portuqallar hansı rejim qurmaq istədiklərini yolüstü fikirləşməli oldular.

“Yeni dövlət”in birpartiyalı sistemində müxalifət bir institut kimi yox idi. Sosialist partiyası yalnız 1973-cü ildə qürbətdə yaradılmışdı. Kommunistlər gizli fəaliyyət göstərirdilər və yalnız onlar geniş siyasi struktura, fəhlə sinfi, yeni siyasi elitalar və ən mühümü də, çoxsaylı hərbçilər arasında önəmli təsirə malik idilər. Diktatura çökəndən sonra tələm-tələsik yeni partiyalar yaradıldı.

O günlər ictimai müstəvidə kommunistlər və ifrat sol hərəkatlar üstünlük təşkil edirdilər. Onlar sovet tipli, ya da “birbaşa” və ya “xalq” demokratiyası kimi müxtəlif formalı rejimlərin tərəfdarı, kökündən əksinqilabi hesab etdikləri seçkili “burjua” demokratiyasının isə əleyhdarı idilər. PİDE polisinin ləğvi üzrə komissiyaya təyin olunan kommunistlərin məxfi məlumatları KQB-yə ötürmələri barədə söhbətlər gəzirdi. Kommunist partiyası sovet xüsusi xidmətləri ilə hər hansı əlaqəni indi də inkar etsə də, PİDE arxivlərindəki konfidensial məlumatların önəmli həcmi “Mitroxin arxivi”ndə - 1992-ci ildə Böyük Britaniyaya qaçan KQB arxivçisi Vasili Mitroxinin tərtib etdiyi arxivdə aşkar edildi.

Keçid dövründəki hakimiyyət mübarizəsinin başqa nəticələri də vardı. Müvəqqəti hökumət 1975-ci ildə iqtisadiyyatın əsas sahələrini - maliyyədən sənayeyə qədər - milliləşdirdi, bununla köhnə iqtisadi oliqarxiyanı başsız qoydu və bir sıra dövlət monopoliyaları yaratdı. Siyasi partiyalar torpaqların zəbt edilməsi hərəkatını həvəsləndirdilər, bu da, əslində, kənd təsərrüfatının kollektivləşməsinə səbəb oldu, xüsusən də ölkənin cənubunda: burada imtiyazlı siniflərin nümayəndələrinə məxsus nəhəng malikanələr vardı. Cəmi iki il ərzində Portuqaliya kəskin dəyişdi.

Avropa demokratiyası
Keçid dövrü mötədil siyasi partiyalarla daha radikal solçu hərəkatlar arasında yeni rejimin forması və quruluşu uğrunda mübarizədən ibarət idi. İnqilabdan sonra ölkədəki ciddi təsirini qorumuş hərbi qüvvələrdə bu tərəflərin hər birinin öz müttəfiqləri vardı.

Millət parçalanmışdı. İlk azad seçkilər 1975-ci ildə, inqilabın birinci ildönümündə Konstitusiya məclisinə keçirildi. Sol-mərkəzçi görüşlərə malik mötədil partiyalar - sosialistlər və sosial demokratlar qalib gəldilər. Bir il sonra qəbul edilən Konstitusiya Portuqaliyanı “sosializm yolu ilə gedən” dövlət elan edirdi, amma onun siyasi modeli Qərb nümunəli çoxpartiyalı demokratiyaya çox oxşayırdı. Bu zaman Anqolada, Mozambikdə, Qvineya-Bisauda və digər keçmiş Portuqaliya müstəmləkələrində hakimiyyət azadlıq hərəkatlarının əlinə keçmişdi. “Qitələrarası millət” barədə köhnə mif canını tapşırmışdı.

İmperiyanın süqutundan sonra Portuqaliya yeni identiklik üçün Avropaya üz tutdu - 1986-cı ildə Avropa Birliyinə qəbul bu baxımdan portuqal siyasi islahatlarının sonuncu fəsli oldu. Portuqaliya BMT-də açıq qınanan və tarixi müttəfiqlərinin belə uzaqlaşdığı inadkar müstəmləkə işğalçısından demokratik dövlətlər ailəsinin üzvünə çevrildi. Bu gün portuqal identikliyində Avropa mərkəzi yer tutur. Avropa investisiyalarının axını Portuqaliyaya infrastrukturu sürətlə inkişaf etdirmək, əhalinin ixtisaslaşmasını yüksəltmək imkanı verdi: Portuqaliyanın təhsil standartları orta Avropa səviyyəsindən xeyli geri qalırdı. Bundan əlavə, AB-də üzvlük siyasi institutların sabitləşməsində və hüququn üstünlüyünün möhkəmlənməsində həlledici rol oynadı. Son nəticədə bu üzvlük portuqallara nikbinlik üçün əsas, inkişaf arzusu və Avropanın ən firavan ölkələri ilə müqayisə olunacaq həyat səviyyəsinə nail olmaq istəyi verdi.

Hazırladı: Yadigar Sadıqlı
Pressklub.az
Geri qayıt