Əsas Səhifə > Dünya > “Mayın ortalarından sonra müharibə həlledici fazaya keçəcək”
“Mayın ortalarından sonra müharibə həlledici fazaya keçəcək”9-05-2024, 08:20 |
Ukraynada müharibə tam şiddəti ilə davam edir. Nə işğalçı tərəf hücumlarını, nə də müdafiə olunan tərəf müqavimətini dayandırır. Dünya isə tökülən qana, mülki insanların fəlakətinə tamaşa edir. Bu ölkədə yaşayan azərbaycanlı jurnalist, “Birlik” Odessa Azərbaycanlıları Diaspor Təşkilatının sədr müavini Anar Natiqoğlu son vəziyyətlə bağlı AYNA-nın suallarını cavablandırıb. - Hazırda Ukraynada vəziyyət necədir? - Vəziyyət sabit ağır olaraq qalır. Rus ordusunun bütün gücünü səfərbər etməsinə rəğmən, bir neçə aydır ki, ciddi uğurları yoxdur. Əksinə, hər gün minə yaxın canlı qüvvə və yüzlərlə texnikası sıradan çıxarılır. Artıq üçüncü ildir davam edən savaşda rusların canlı qüvvə itkisinin 477 min nəfər olduğu barədə Ukrayna Silahlı Qüvvələrindən açıqlama verilib. - ABŞ-dan Ukraynaya 61 milyardlıq yardım xəbərindən sonra nəsə dəyişiklik varmı? - ABŞ-ın yardım xəbərindən sonra, təbii ki, canlanma var və hətta vaxtaşırı müxtəlif Avropa ölkələrindən texnika ilə dolu kolonların və ya qatarların Ukraynaya tərəf yön aldığına dair foto-video görüntülər də yayılır. Ukraynada əsas sıxıntılardan olan canlı qüvvə ilə bağlı da səfərbərlik tam gücü ilə davam etdirilir və hətta son bir neçə həftədə bu istiqamətdə temp artırılıb. - Məlumat yayılıb ki, Fransa hərbçiləri artıq Ukraynadadır. Doğrudurdumu? - Fransadan canlı qüvvə gəlməsi barədə çox xəbər yayılsa da, Fransa Xarici İşlər Nazirliyi məlumatı təkzib edib. Və əlavə edib ki, Avropanın təhlükəsizliyi baxımından bu, istisna olmasa da, hazırda gündəmdə deyil. - Gedişatdan nə gözlənilir? - Ümumən ictimai fikirdə bu il savaşın son ili olacağı ilə bağlı düşüncələr səslənir. Bəzi ekspertlər isə tam bitməyəcəyini, sadəcə hərbi əməliyyatların dondurulacağını və danışıqlar üçün müəyyən cəhdlər ediləcəyini bildirirlər. Hazırda əsas gözlənti ondan ibarətdir ki, savaş mayın ortalarından sonra daha aktiv və həlledici fazaya keçəcək. - “Daha aktiv və həlledici faza” deyərkən..? - Daha aktiv faza deyərkən, rusların daha çox ərazi işğal etmə niyyətindən söhbət gedir. Ukrayna ordusunun planları isə, təbii ki, uğurlu müdafiə təşkil etmək və fürsət düşdükcə əks-hücuma keçib işğalda olan torpaqları azad etmək, ərazi bütövlüyünü təmin etməkdir. Ruslar hazırda savaş bölgəsinə aid olmayan şəhərləri raketlərlə bombalamağa davam edirlər. Hədəf əsasən mülki infrastruktur, yollar, körpülər, enerji sistemləridir. Təəssüf ki, mülki əhali də bu bombardımanın qurbanına çevrilir. Təkcə son sutkada ümumən Ukrayna ərazisində ruslara aid 39 raket və 20 dron hava hücumundan müdafiə sistemləri tərəfindən vurulub. Təəssüflər olsun ki, hava hücumundan müdafiə sistemlərinin işi hər zaman uğurla yekunlaşmır. Təkcə son 1 ayda bizim Odessada 200 nəfərdən çox mülki şəxs raket hücumlarının qurbanı olub. - Rusların itkiləri? - Son 4-5 ayda bildiyiniz kimi, savaş Rusiyanın içərilərinə də sıçrayıb. Ukrayna Silahlı Qüvvələri və kəşfiyyat qüvvələri vaxtaşırı müxtəlif irihəcmli obyektləri, əsasən yanacaq depolarını, yanacaq və silah zavodlarını, hərbi aerdromları hədəf alan əməliyyatlar və uğurlu hava hücumları həyata keçirir. Bundan başqa, yuxarıda qeyd etdiyim kimi, Ukrayna Silahlı Qüvvələrinin açıqladığı rəsmi məlumata görə, rus ordusu ilk gündən bu tərəfə 477 min nəfərdən çox canlı qüvvə itirib. Bunun iki qatı qədər yaralı və şikəst olanları saysaq, rus ordusunun itkiləri ilə bağlı milyondan yuxarı rəqəm ortaya çıxır. Geri qayıt |