Əsas Səhifə > Dünya > “Psixi pandemya”nı yaradan ÜST-nin özüdür
“Psixi pandemya”nı yaradan ÜST-nin özüdür13-05-2024, 08:39 |
Qarşıda dünyanı yeni pandemiya gözləyir. Həm də bu pandemiya hər hansı virus pandemiyası deyil, psixi pandemiya olacaq. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının Avropa üzrə regional direktoru Hans Kluge öz çıxışında bildirib. H.Kluge psixi sağlamlıq problemlərini “növbəti pandemiya” adlandırıb. Bunun da səbəbləri var. Pandemiyada müasir gənclər də təcrid vəziyyətində idilər və bu, onların psixi sağlamlığına da təsir etdi. Gənclərdə narahatlığın artması və yuxu problemi özünü göstərir. "Medicina" xəbər verir ki , artıq 149 ölkə ilə "epidemiya sazişi" imzalanması işləri gedir. Çünki psixi narahatlıqlar epidemiya həddinə gəlib. Avropa Birliyi ölkələrində hər 6 nəfərdən 1-nin narahatlıq və yuxu problemi yaşadığı bildirilir. H.Kluge növbəti pandemiyaya hazırlıq üçün ölkələrin əlaqəli şəkildə hərəkət etmələri və qoruyucu vasitələr də daxil, məlumatların da paylaşılması zərurətini vurğulayıb. Psixoloq Azad İsazadə “Sherg.az”a açıqlamasında qeyd etdi ki, “psixi pandemya”nın yaranmasında əsas günahkar ÜST-nin özüdür: - Bu məlumatın içində hardasa həqiqət var. Pandemiya hamını sarsıtdı. Depressiyalar, panikalar, həyəcan artmışdı, qorxu çoxalmışdı. Amma səbəb pandemiya yox, elə ÜST-nin özü idi. Onlar yaratdılar bu panikanı. Sonra özləri də təsdiqlədi. Tibb üzrə alimlər də təsdiqlədilər ki, pandemiyanın özü yox, karantin, pandemiya ətrafında gedən söz-söhbətlər insanlara nə qədər mənfi təsir etdi. ÜST bunu boynuna almalıdır. Sonra vaksin – peyvəndlənmə tələb etdilər. O peyvəndlərin güvənli olduğunu ÜST özü təsdiqlədi. Amma sonra məlum oldu ki, bəzi vaksinlər insanlara mənfi təsir edib, tromb yaradıb. Bundan həyatını itirən insanlar oldu. O peyvəndlərdən milyonlarla insan istifadə edib. Bu da bir tərəfdən panikanı, qorxunu çoxaldır ki, bəlkə məndə də ola bilər, görəsən, mənə pis təsir etməyəcək ki? İnsanlar bu fikirlə dolaşır. Psixoloji mənfi təsirlərin ola biləcəyini nəzərə almamış, əhalini pandemiya ilə qorxudub, indi də psixoloji pandemiyadan danışmaq gülməlidir. Bu vəziyyəti, ümumiyyətlə, beynəlxalq tibb elmi üzrə alimlərin fikrini, pandemiyanın hansı mənfi təsirlər yarada biləcəyini nəzərə almadan insanlara belə bir mənfi təsir göstərəndən sonra indi deyirlər, psixoloji pandemiya yarada bilər. A.İsazadə bildirdi ki, təəssüf ki, ölkəmizdə pandemiyanın insanlarda hansı mənfi fəsadlar yaratdığına dair heç bir tədqiqat, araşdırma aparılmayıb: - Belə bir tədqiqat aparılsaydı, bilinərdi insanlar nədən əziyyət çəkir və səbəbləri nədir. Ona görə də narahatlıq, yuxusuzluq kimi problemlər adi nevroz hadisəsi kimi müalicə olunur. Əsəbi, nevroz spektrində rast gəlinən hallar kimi. Bu əlamətlərə pandemiya vaxtı da rast gəlinirdi. Birində aqressiya, qorxu, həyəcan, yuxusuzluq, digərində əksinə, çox yatmaq. Burada fərdilik rol oynayır. İnsanlar hamısı eyni hal keçirmir. Müxtəlif hallar olur. Fərdilik olduğu üçün mütəxəssislərə müraciət olunmalıdır ki, hər bir insana düşdüyü vəziyyətə uyğun müalicə təyin edilsin və ya məsləhət verilsin. Ümumilikdə isə deyə bilərəm ki, normal yuxu bütün hallarda ən vacib məsələdir. Yuxusuzluq həmişə anormal vəziyyətlər yaradır, gərginliyə, əsəb və stressə səbəb olur. Həmçinin insanların bir-biriylə ünsiyyət qurması, söhbət etməsi, bölüşməsi vacibdir. Psixi sarsıntıları özünə qapanma, ətrafdan təcrid olunma, dost-tanışla ünsiyyətdən qaçmalar yarada bilir. İnsanlar arasında ünsiyyət, görüşmək, söhbət etmək çox vacibdir. Təəssüf ki, son illərdə insanlar özlərini təcrid edib. Telefonda, internetdə keçirdikləri zamanın üçdə birini ailə üzvlərinə, qohumlara, dostlara ayırmırlar. Bundan əvvəl niyə belə deyildi, niyə bu qədər stres, sarsıntı yox idi, çünki insanlar sevinci də, kədəri də paylaşırdılar. Paylaşdıqca sevinc çoxalır, kədər azalır, deyirlər, əsas bax budur. Geri qayıt |