Əsas Səhifə > Dünya > Rusiya üçün “fürsət pəncərəsi” açılıb: Kreml müharibənin gedişini dəyişir

Rusiya üçün “fürsət pəncərəsi” açılıb: Kreml müharibənin gedişini dəyişir


17-05-2024, 06:52
Rusiya üçün “fürsət pəncərəsi” açılıb: Kreml müharibənin gedişini dəyişir
Rusiya sanksiyalardan yan keçməyi bacardı, hərbi texnika üçün lazım olan komponentlərin tədarükünü qurdu, silahların kütləvi istehsalını təşkil etdi, ordunu gücləndirdi və indi cəbhənin çoxsaylı sektorlarında Ukrayna qüvvələrini sıxışdırarak Xarkova yaxınlaşır. Bütün bunlar isə Amerika liderlərini və hərbçilərini hərbi əməliyyatların gedişində dönüş nöqtəsinin baş verə biləcəyi qorxusuna vadar edir. Bu barədə “The New York Times” yazır.

ABŞ Prezidenti Co Baydenin administrasiyası hesab edir ki, qarşıdakı aylar kritik ola bilər. Çünki Rusiya təşəbbüsü ələ keçirə bilər. Lakin Ukraynanın döyüş qabiliyyətinin sonradan bərpası münaqişənin dondurulmasına və ya 1953-cü ildə Koreyada hərbi əməliyyatların dayandırılmasına bənzər atəşkəsə səbəb ola bilər. Bu, ABŞ və müttəfiqlərinin kəşfiyyat hesabatları və qiymətləndirmələrinə görə belədir.

Cümə günü Prezident Corc Buşun keçmiş milli təhlükəsizlik müşaviri Stiven Hadli deyib: “Rusiya müharibələrə pis başlayır, amma sonu güclü olur”. Hadli qeyd edib ki, Moskva indi cəbhədəki vəziyyəti öz xeyrinə çevirmək naminə əsgər toplamaq üçün böyük əhalisindən və "nəhəng hərbi infrastrukturundan" istifadə edərək "ağırlığını ortaya qoymağöa" hazırdır. Hadlinin fikrincə, bir neçə amil Kremlin xeyrinə işləyib: “Bunlardan biri Amerika silahlarının tədarükünün altı aydır gecikməsidir. Konqres buna baxmayaraq, aprelin sonunda 61 milyard dollarlıq yardım paketini təsdiqlədi və çərşənbə axşamı Kiyevə səfər edən dövlət katibi Antoni Blinkenin dediyinə görə, ilk avadanlığın artıq cəbhəyə göndərilməsinə başlanılıb. Bununla belə, Ukraynaya döyüş qabiliyyətini kifayət qədər bərpa etmək üçün daha bir neçə ay lazım ola bilər”.

Bundan əlavə, cəbhə xəttində Ukrayna qoşunları tükənib və səfərbərliyin genişləndirilməsi, o cümlədən çağırış yaşının 27-dən 25-ə endirilməsi ilə bağlı qanun da yalnız aprel ayında qəbul edilib. Səfərbər olunanlar öyrədilməlidir. Buna görə də cəbhə ən azı bir neçə ay ciddi əlavə dəstək olmadan qalacaq.

Ukrayna Silahlı Qüvvələrinin sursat, o cümlədən hava hücumundan müdafiə raketləri çatışmazlığı Rusiyaya artilleriya və havada öz üstünlüyündən istifadə etməyə imkan verir. Sovet bombalarını təkmilləşdirərək, onlardan mərmi kimi istifadə edərək Rusiya aviasiyası Ukrayna mövqelərinə demək olar ki, maneəsiz ağır zərbələr endirir. Rus təyyarələrini dəf edə biləcək ilk F-16 qırıcılarının da yayın ortalarına qədər Kiyevə çatması gözlənilmir.

Öz növbəsində, NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı general Kristofer Kavolinin bu yaxınlarda etiraf edib ki, müharibə başlayandan bəri Rusiya ordusunda şəxsi heyət sayını 15 faiz artırıb. Bununla yanaşı, Rusiya müəyyən texnoloji irəliləyişlərə də nail olub. Xüsusilə, Rusiya qoşunları bəzi hallarda GPS qəbuledicisinə təsir etməklə HIMARS qurğularından atılan müxtəlif növ raketləri zərərsizləşdirməyi, həmçinin bəzən bu qurğuların hərəkətini izləmək və onları məhv etməyi öyrənib.

“The New York Times”la söhbətlərində Amerika rəsmiləri əmin olduqlarını bildiriblər ki, ABŞ-dan yeni silahlar tam yerləşdirildikdə (ehtimal ki, iyulda) və Ukrayna cəbhə bölgəsindəki bölmələri, o cümlədən şəxsi heyəti cəmləmək üçün bir yol tapdıqda, Rusiya bu üstünlüklərin çoxunu itirəcək. Bununla belə, Vaşinqton qarşıdakı aylarda hərbi əməliyyatların necə gedə biləcəyini və Ukrayna Silahlı Qüvvələrinin 2025-ci ildə genişmiqyaslı əks-hücum təşkil edə biləcəyini proqnozlaşdırmaqda tərəddüd edir.

ABŞ lideri Co Baydenin müşavirləri Rusiyanın məğlubiyyətlərindən və problemlərindən dərs almasından narahatdırlar. “The New York Times” yazır ki, onların ən böyük qorxusu odur ki, Rusiya silah istehsalını geniş miqyasda gücləndirməklə, qarşıdakı ayda, məhz iyunun ortalarında İtaliyada keçiriləcək G7 sammiti zamanı döyüş meydanında böyük qazanc əldə edə biləcək. Eyni zamanda, ABŞ Prezidenti, rəsmilərinin sözlərinə görə, belə bir hədəyə baxmayaraq, Fransa Prezidenti Emmanuel Makronun NATO qoşunlarının Ukraynaya mümkün göndərilməsi ilə bağlı təklifinə baxmaqdan imtina edir.

Mayın 10-na keçən gecə rus qoşunları Belqorod və Xarkov vilayətlərini ayıran sərhədi keçərək bir-birinin ardınca kəndləri tutaraq sürətlə irəliləməyə başlayıblar. Onlar Xarkovdan 70 kilometr, dövlət sərhədindən 10 kilometr aralıda yerləşən Volçanska da daxil olublar. Xarkov vilayətinin polis rəisi Vladimir Timoşko bildirib ki, davamlı atəşlər və uçan bombalardan istifadə nəticəsində Volçansk “müəyyən mənada Baxmuta çevrilir”. Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanov çərşənbə günü bildirib ki, vəziyyət “çox gərgindir və tez dəyişir”.

Müharibənin Tədqiqi İnstitutunun (ISW) analitiklərinə görə, Xarkov bölgəsinə hücum daha çox "bufer zonası" yaratmaq cəhdi kimi görünür. Çünki Rusiya Prezidenti Vladimir Putin Belqorod vilayətini bu bölgədən atəşə tutulmaqdan qorumaq zərurətindən danışmışdı. Ruslar Xarkov bölgəsinə daha da əhəmiyyətli irəliləyişlər etməsələr də, rus ordusunun vilayətə yaxınlaşması daim terror təhlükəsinin qaldığının göstəricisi olacaq. Qərb hərbçiləri və ekspertləri Rusiyanın Xarkovu işğal etmək üçün kifayət qədər qüvvəyə malik olmadığını dəfələrlə bildiriblər.

“Xarkov vilayətində hücumun strateji məqsədi Ukrayna Silahlı Qüvvələrini ehtiyat və elit bölmələri oraya köçürməyə məcbur etmək və bununla da cəbhənin digər bölmələrində müdafiəni zəiflətmək ola bilər”, deyə karneqi Mərkəzinin Rusiya ordusu üzrə eksperti Mixael Kofman bildirib. Onun sözlərinə görə, bu, Rusiya ordusuna iyunda Donbassa hücum təşkil etməyə imkan verəcək.

Kofman əlavə edib ki, Rusiyanın əsas məqsədi Donetsk bölgəsinin onun nəzarətində olmayan hissəsini ələ keçirməkdir. Onun fikrincə, Rusiya ordusu indi əhəmiyyətli üstünlüyə və strateji təşəbbüsə malikdir: “Bu il Rusiya üçün “fürsət pəncərəsi” açılıb. Lakin Rusiya ordusu bu üstünlüklərdən istifadə edərək döyüş meydanında uğurlar qazanmasa, 2025-ci ilə yaxınlaşdıqca bu “pəncərənin” bağlanması şansı yüksəkdir”.
Geri qayıt