Əsas Səhifə > Dünya > Ukrayna üçün Koreya modeli?

Ukrayna üçün Koreya modeli?


22-05-2024, 14:59
Ukrayna üçün Koreya modeli?
Ukrayna və Rusiya bir neçə aydan sonra sülh danışıqlarına başlaya və cəbhə xəttində müharibəni dayandıra bilər. Bu barədə “The New York Times” xəbər verir.

Məqalədə deyilir: "Bayden administrasiyasında növbəti bir neçə ayın həlledici ola biləcəyinə dair artan bir hiss var. Çünki müəyyən bir nöqtədə hər iki tərəf, nəhayət, 1953-cü ildə Koreyada aktiv hərbi əməliyyatlara son verənə bənzər danışıqlar yolu ilə atəşkəsə keçə bilər".

Ağ Ev rəsmilərinin fikrincə, Rusiyanın Xarkov vilayətinə yeni hücumu “Ukraynadakı müharibənin trayektoriyasını dəyişir”. Bir tərəfdən Amerika rəsmiləri hesab edirlər ki, ABŞ yardımı gəlməyə başlayandan və Ukrayna cəbhəyə daha çox gənc əsgər göndərəndən sonra Ukrayna indiki ərazi itkilərinin çoxunu geri ala biləcək. Digər tərəfdən, onlar “hətta bir neçə aydan sonra cəbhə xəttinin harada olacağı və ya Zelenskinin gələn il uzun müddətdir təxirə salınmış əks-hücumunu başlaya biləcəyi ilə bağlı proqnoz verməkdə tərəddüd edirlər”.

Vaşinqtonu ən çox narahat edən məqam odur ki, Rusiya müharibənin ilk 27 ayında məhv edilmiş silahları əvəz edir və öz mövqelərini bərpa edir: “Rusiya çox vaxt müharibələrə pis başlayır və yaxşı başa vurur”.

Nəşrin yazdığına görə, Baydenin bir sıra köməkçiləri Rusiyanın münaqişədən hansı texnologiyaların yaxşı və hansının zəif çıxış etdiyinə dair dərslər çıxarmasından, həmçinin Amerika silahlarına qarşı mübarizədə texnoloji irəliləyişlərə nail olmasından narahatdırlar.

Bu, ABŞ Demokratlar Partiyasının çap orqanı kimi öz reputasiyasını çoxdan təsdiqləyən “The New York Times” qəzetinin fikri idi. Göründüyü kimi, Ağ Ev Rusiya ilə Ukrayna arasındakı müharibənin Koreya yarımadasının Şimal və Cənub hissələri arasındakı müharibə kimi başa çatmasına həqiqətən də qarşı deyil.

Xatırladım ki, döyüşlər 1953-cü il iyulun 28-də atəşkəslə başa çatıb. Ölkəd Koreya Xalq Demokratik Respublikasına (KXDR) və Koreya Respublikasına (KR) bölündü. KXDR Kesonq bölgəsini aldı, lakin 38-ci paraleldən şimal-şərqdə 3900 km² ərazisini itirdi. Sərhəd boyu 4 km eni və 241 km uzunluğunda Koreyanın silahsızlaşdırılmış zonası yaradıldı. “The New York Times” qəzetinin yazdığına görə, Ukrayna məsələsində söhbət Ukraynanın kifayət qədər böyük bir hissəsindən imtina etməsi ssenarisindən gedir.

Yeganə sual budur: hansı ərazilərindən? Bəzi liderlərin və Ukrayna rəhbərliyinin “danışan dillərinin” elan etdiyi kimi, 1991-ci ilin sərhədlərinə çıxmaq, eləcə də Krımda qəhvə içmək olmayacaq. Lakin Rusiyanın tammiqyaslı işğalı başlayandan sonra Ukraynanın itirdiklərinin qaytarılması mübahisəli məsələdir. Bununla bağlı xatırlatmaq lazımdır ki, Çexiya Prezidenti Pyotr Pavel də Ukraynada hərbi əməliyyatları dayandırmağa və müharibədən sonrakı sistemlə bağlı danışıqlara başlamağa çağırıb.

Onun açıqlamasına istinadən Britaniyanın “Sky News” telekanalı xəbər verir ki, Pavel Ukraynanın yaxın gələcəkdə itirilmiş ərazilərini geri qaytara biləcəyi ehtimalını “sadəlövh” hesab edib - "Biz realist olmalıyıq".

Pavelin nöqteyi-nəzərindən münaqişə tərəfləri danışıqlar zamanı “Ukrayna, Rusiya və bu razılaşmanın təminatçısı olacaq ölkələrin razılığı ilə” kompromis əldə edilməlidir. O, NATO-nun Ukraynada öz kontingentini yerləşdirə bilməyəcəyi fikrini də ifadə edib, çünki bu, Rusiya ilə Şimali Atlantika Alyansı arasında münaqişəyə səbəb olacaq. Çexiya Prezidenti qeyd edib ki, Kiyevə silah tədarükü eskalasiyanın qarşısını alacaq şəkildə həyata keçirilir.

Onun sözlərinə görə, Ukrayna hərbi əməliyyatlar başa çatdıqdan sonra NATO-ya üzv olmaq üçün müraciət edə bilər, lakin ilk növbədə münaqişəni həll etmək və regionda sülhü bərpa etmək lazımdır. Bu, öz qiymətləndirmələrində həmişə ayıq olan hərbçinin sözləri idi. Belə ki, ötən ilin martında o, Ukraynanın əks-hücum üçün yalnız bir cəhdinin olacağını bildirmişdi. Bu barədə Çexiya Prezidenti “Rzeczpospolita” nəşrinə müsahibəsində bildirmişdi.

“Qərbin Ukrayna ordusunun cəbhədə yeni iri əməliyyatları üçün kifayət qədər resursu olmaya bilər. Bir çox ölkələr, bir çox siyasətçilər bu il müəyyən irəliləyiş gözləyirlər. İnanıram ki, Ukraynanın böyük əks-hücum etmək üçün yalnız bir cəhdi olacaq. Beləliklə, əgər onlar birini başlamaq qərarına gəlsələr və bu, uğursuz olarsa, növbəti üçün vəsait əldə etmək çox çətin olacaq”, - deyə Pavel vurğulamışdı.

Zaman göstərdi ki, o, haqlı idi və Ukraynanın çatışmayan sursatla təmin olunmasında böyük rol oynayan Çexiya Prezidentinin o zaman haqlı olduğunu başa düşməsi onun hazırda belə olduğunu deməyə əsas verir.

Sadə dillə desək, ABŞ-da prezident seçkilərinə daha yaxın olan yay və ya payız hərbi kampaniyası nəticəsində Ukrayna ilə Rusiya arasında barışıq elan olunacağını düşünməyə əsas var. Bu, Co Baydenə seçkilərdə “Avropaya sülh gətirən” siyasətçi kimi mövqeyini gücləndirməyə imkan verəcək. Müvafiq olaraq, ABŞ və Ukraynanın digər müttəfiqlərinin o vaxta qədər bütün səyləri onun mümkün qədər çox işğal olunmuş əraziləri geri almasına kömək etməsinə yönələcək.

ayna.az

Geri qayıt