Əsas Səhifə > Dünya > Karantin problemi həll edəcəkmi?
Karantin problemi həll edəcəkmi?26-06-2024, 11:59 |
Tayvan adası ətrafında vəziyyət sabitləşmir. Pekin adanı ramn etmək siyasətində qətidir. Ancaq Pekin müharibənin Çinə baha başa gələcəyini hesablayaraq Rusiyanın səhvini təkrarlamaq istəmir. Kreml Ukraynaya qarşı müharibəyə başlayarkən, bunun Rusiyaya siyasi və iqtisadi zəmində hansı problemlər yaradacağını düzgün hesablamadı, Moskva Qərbin mövcud vəziyyətlə barışacağını düşündü. Kreml müharibənin cəmi bir neçə həftə çəkəcəyini zənn edirdi. Müharibə uzandı və Rusiyaya qarşı sərt sanksiyalar qəbul olundu. Rusiyadan fərqli olaraq Çin Tayvan adasının ram edilməsinə görə sanksiyalardan yayınmaq istəyir. ABŞ-ın Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin (The Center for Strategic and International Studies – CSIS) hesabatına görə, Pekin Tayvanın ram edilməsinin müharibədən kənar variantına üstünlük verə bilər. Bu karantin adıyla hərbi gəmilər vasitəsilə adanın mühasirəyə alınmasıdır. ABŞ bu üsuldan 1962-ci ildə Kubaya qarşı istifadə edib. ABŞ keçmiş SSRİ-nin Kubaya nüvə başlıqlarının yerləşdirilməsini qarşısını almaq üçün ada ətrafında karantin elan etdi və yaxınlaşan bütün gəmiləri yoxlamağa başladı. Nəticədə Moskva geri çəkildi və Kubada daha əvvəl yerləşdirdiyi nüvə başlıqlarını çıxartdı. İndi bu üsüldan Çin istifadə edə bilər. Tayvana yaxınlaşan və adanın limanlarından çıxan bütün gəmilər yoxlanıla, bəziləri isə saxlanıla bilər. Belə bir karantin nəticəsində Tayvana hərbi texnika göndərmək çətinləşəcək. Digər tərəfdən ticarət gəmilərinin yoxlanılması və limanlara yaxınlaşmalarının gecikdirilməsi Tayvan iqtisadiyyatına mənfi təsir edəcək. Tayvan ətrafında üzən Çin hərbi gəmilərinin sayı artıb, ada üzərində pilotsuz uçuş aparatları müşahidə aparırlar. Vaşinqton buna qarşılıq olaraq Tayvana 360 milyon dollar dəyərində pilotsuz uçuş aparatları satmağa qərar verib. Tayvanın özü də modernləşdirilmiş hərbi texnikanın istehsalını artırıb. Tayvanda süni intellektlə təchiz edilmiş 1000-ə yaxın hərbi pilotsuz uçan aparatı istehsal ediləcək. Pekin Tayvanı ram etmək üçün başqa vasitələrə də əl atıb. Pekin Tayvanda müstəqillik tərəfdarı olan radikalların ciddi şəkildə cəzalandırmağı qərara alıb. Pekinin qəbul etdiyi sənəddə Tayvanda müstəqillik fəaliyyətinə liderlik edənlər Çin dövlətinə və xalqına ziyan vurururlar. Buna görə Çində ölüm cəzası tətbiq edilir. Bu o deməkdir ki, Tayvanın müstəqillik tərəfdarları Çin ərazisində yaxalansalar, onlar ən ağır cəzaya məhkum olunacaqlar. Bu sırada Tayvanın hazırki prezidentinin də adı çəkilir. Bu arada, Çinlə Filippin arasında da gərginlik artıb. Bir neçə gün əvvəl Cənubi Çin dənizində Filippin donanmasının personalı ilə Çin sahil mühafizəsi arasında insident yaşanıb. Filippin gəmisi adalardan birinə təchizat çatdırmaq istəyərkən Çin sahil mühafizəsi tərəfindən hücuma məruz qalıb. Manila Pekinin qəsdən gərginlik yaratdığını iddia edib. Buna baxmayaraq, Filippin Prezidenti Ferdinand Markos Manilanın Pekinlə Cənubi Çin dənizindəki mübahisəsinə görə müharibəyə başlamayacağını bildirib. Halbuki, Çinlə Çənub-Şərqi Asiya ölkələri ilə dənizlərdə ərazi iddialarına əsaslanan problemlər həll olunmayıb. “Biz müharibəyə səbəb olacaq fəaliyyət baş vurmayacağıq” deyən Filippin dövlət başçısı ölkəsinin eyni zamanda heç bir xarici gücə baş əyməyəcəyini vurğulayıb. “Atlas” Araşdırmalar Mərkəzi Dia-az.İnfo Geri qayıt |