Əsas Səhifə > Dünya > Ukrayna müharibəsi: Yardımlar gecikir, əhali azalır, texnologiya isə dəyişir
Ukrayna müharibəsi: Yardımlar gecikir, əhali azalır, texnologiya isə dəyişir3-07-2024, 10:36 |
ABŞ-nin Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) keçmiş direktoru Devid Petreus Ukrayna münaqişəsi ilə bağlı diqqət çəkən açıqlamalar verib. O, "Makkeyn İnstitutu"nun podkastına müsahibəsində bəyan edib ki, hazırda Ukraynadakı müharibəyə birbaşa təsir edən üç amil var. Bu amillər əhali sayı, texnoloji inkişaf və müttəfiqlərin yardımlarıdır. "Rusiyanın əhalinin sayına görə Ukraynadan üstünlüyü var. Müharibənin əvvəlində bu mövzuda üçə bir nisbəti söhbəti var idi. Amma ukraynalıların ölkədən kütləvi şəkildə axın etməsini nəzərə alsaq, yəqin ki, indi bu üstün nisbət dördə, hətta beşə qalxıb", - Petreus deyib. Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş rəhbəri həmçinin qeyd edib ki, Rusiyalı məmurlar ölkənin ucqar kənd yerlərində uğurla səfərbərlik apara bilirlər. Onlar cəlbedici maaşlar və ölümdən sonra döyüşçünün yaxınlarına yüksək müavinət təklif edirlər. Bununla yanaşı, nə Moskvada, nə də Sankt-Peterburqda səfərbərlik prosesi getmir. Qarşı tərəfdə isə vəziyyət bir qədər fərqlidir. Ukrayna ordusunda heyətin əksəriyyəti orta yaşlı kişilərdən ibarətdir. Yəni əsgərlərin orta yaş həddi 40-dan çoxdur. Yalnız son zamanlar rəsmi Kiyev səfərbərliklə bağlı qanunları dəyişdirməklə döyüş bölmələrini yeni, nisbətən gənc kadrlarla doldurmağa çalışır. Bundan əlavə, Petreus qeyd edib ki, bu müharibəni digərlərindən əhəmiyyətli dərəcədə fərqləndirən cəhət odur ki, pilotsuz aparat və maşınlar həlledici rol oynayırlar. Ukrayna pilotsuz aparatlardan həm səmada, həm də dənizdə uğurla istifadə edir. Nəticədə Rusiya donanmasına aid gəmilər və ümumilikdə infrastruktur məhv edilir: "Kiyevə məxsus hərbi qüvvələr Rusiyanın neft emalı zavodlarını hədəfə almaqla, rusların Ukraynada və ona yaxın ərazilərdə aktiv fəaliyyət göstərən texnika və döyüş maşınlarının yanacaqla təmin edilməsinə mane olurlar. Onlar mühüm infrastrukturu, aerodromları məhv edirlər". Ruslar da yerlərində saymırlar. Keçmiş baş kəşfiyyatçı vurğulayıb ki, Moskva hava hücumundan müdafiə və elektron mümübarizə sistemlərini təkmilləşdirə biliblər. Müttəfiqlərin köməyi amilinə gəlincə, Petreus qeyd edib ki, Putin Rusiyada geniş hərbi sənaye kompleksinin yaradılmasına nail olub. Bu da əsasən Moskvanın Pekindən aldığı müəyyən məhsullar, Şimali Koreyadan əldə etdiyi raketlər və İranın verdiyi pilotsuz təyyarələrlə bağlıdır. Məhz bu üç dəstək Kremlə Ukraynanın enerji sistemlərinə təsirli hücumlar etməyə imkan verib. "Problem ondadır ki, bu dəstək sistemi işə yarayır. Ruslar Ukraynanı bir sıra artilleriya zərbələri, idarə olunan aviabombalar, eləcə də inanılmaz sayda artilleriya mərmiləri ilə vururlar. Bütün bunlar əsasən elektrik şəbəkəsi sistemlərini hədəfə alır. Deyəsən Ukraynada bu qış qızınmaq mümkün olmayacq. Hətta indi belə gündə 12 saat elektrik enerjisi kəsilir”, - Petreus qeyd edib. Keçmiş MKİ rəhbəri Kiyevin Qərb müttəfiqlərinin Ukraynaya yardımlarda xeyli ləng davranmalarından, texnikaların gec göndərilməsindən də gileylənib: "Uzun mənzilli sistem sayılan ATACMS ilə bağlı qərarların verilməsi xeyli vaxta başa gəldi. Biz hələ də onların Rusiya ərazinə atılması məsələsində məhdudiyyətlər qoyuruq. Avropa İttifaqı bu məsələyə daha ciddi yanaşır. Biz isə həddindən artıq tərəddüd edərək Qəərbə olan etibarı sarsıdırıq". AzVision.az Geri qayıt |