Əsas Səhifə > Dünya > Pezeşkian öndədir, amma...

Pezeşkian öndədir, amma...


4-07-2024, 07:27
Pezeşkian öndədir, amma...
İranda iyunun 28-də keçirilən prezident seçkilərinin nəticələrə əsasən, birinci turunda islahatçı Məsud Pezeşkian və mühafizəkar Səid Cəlilinin heç biri 50 faizdən çox səs toplamadığı üçün onlar iyulun 5-də keçiriləcək ikinci turda mübarizə aparacaqlar. Seçki qərargahının nümayəndəsi Möhsün Eslaminin bildirib ki, 58,6 min seçki məntəqəsinin hamısında 24,5 milyon səs hesablanıb. Pezeşkian 10,4 milyon, Cəlili isə 9,5 milyon səs toplayıb.

İrandakı seçkilərin ikinci turunun gözləntiləri ilə bağlı fikrini AYNA ilə bölüşən Orta Doğu Araşdırmaları Mərkəzinin sədri, politoloq Sədrəddin Soltan deyib ki, hər iki namizədin – həm Pezişkianın, həm də Cəlilinin növbəti İran Prezidenti olmaq şansı yüksəkdir:

“İndi bəzi fikirlər var ki, bu dəfə də mühafizəkarlar qanadının namizədi, yəni Cəlili Prezident olacaq, çünki helikopter qəzasında həlak olan İbrahim Rəisi mühafizəkar qanada mənsub idi. Yəni iki dönəm islahatçı hakimiyyətdə olursa, iki dönəm də islahatçı olmalıdır. Əslində İranda iki dönəm islahatçı, iki dönəm də mühafizəkarların seçilməsi ənənəsi şərti bölgüdür. Məsələn, Seyid Əli Xamneyidən sonra Prezident Əli Əkbər Haşimi Rəfsəncani, ondan sonra isə Məhəmməd Xatəmi iki dəfə seçilib. Demək istəyirəm ki, bu məsələ şərtidir. Ona görə də bu dəfə islahatçı seçilə bilməz demək doğru yanaşma sayılmır”.

“Əslində hansı qanadın namizədinin seçilməsinin o qədər də əhəmiyyəti yoxdur, rejimin ümumi siyasəti nədirsə, ona uyğun siyasət aparılacaq. İran Prezidenti olmuş Rəfsəncani, Xatəmi, Həsən Ruhani də islahat tərəfdarı olublar. Daha doğrusu, islahatçılar qanadının təmsilçisi olublar. Amma bunlar daha çox islahatı imitasiya, təlqin edirdilər. İslahatın aparılması üçün də başlıca şərt güc və maliyyə vəsaitinin olmasıdır. Nə XX əsrin əvvəlində, nə də Rəfsəncanidən sonrakı dövrdə islahatçıların arxasında güc olmadı. Hətta Müsəddiqin, Pişəvərinin, Şeyx Məhəmməd Xiyabaninin arxasında belə güc və maliyyə vəsaiti olmadı. Güc və maliyyə vəsaiti olmadığından bu islahat prosesləri və hərəkatları həmişə məğlub olub. Eyni zamanda, bu islahat hərəkatları xarici qüvvələr və beynəlxalq ictimaiyyət tərəfindən də ciddi şəkildə dəstəklənməyib. Bu dəstəkləməmə nəticədə İranda avtoritarizmin və diktaturanın daha da güclənməsi ilə müşahidə olunub”, - analitik vurğulayıb.

Mərkəz rəhbərinin sözlərinə görə, Pezeşkian və Cəlilinin mübarizə apardığı seçkilərdə hər hansı birinin qalib gəlməsi dəyişikliyə səbəb olmayacaq: “Onların hansının seçilməsi İranda nə demokratiyaya, nə islahata, nə azad bazara, demək olar ki, ümumi vəziyyətə heç bir təsir göstərməyəcək. Yaxın və Orta Şərqdəki müharibəyə, yaxud İranın nüvə proqramı ilə bağlı “Altılıq”la aparılan danışıqları da buraya əlavə etsək, fikrimcə, heç buna da təsir olmayacaq. Ötən dövrdə Xatəminin “Altılıq”la nüvə danışıqları çox uğurlu başlamışdı. Sonra elan etdilər ki, imzalanma mərhələsini saxlayaq prezident seçkisindən sonraya. Prezident seçkisində də Mahmud Əhmədinejadı seçdilər və danışıqlar mərhələsi sıfırdan başladı. Həsən Ruhaninin dövründə “Altılıq”la əhatəli razılaşma sənədi imzalandı, sonra gəldilər İbrahim Rəisini seçdilər və onun dövründə bütün bu məsələləri təftiş etməyə başladılar. Ruhanini tənqid etdilər, onu dövlətə xəyanətə qədər ittiham etdilər. Demək istəyirəm ki, sabah Pezişkian da hakimiyyətə gəlsə, dəyişən nəsə olmayacaq”.

“Hansı namizəd ikinci turda seçiləcəksə, ölkənin Ali Dini Lideri Ayətullah Seyid Əli Xamneinin tapşırıqlarını icra edəcək. İndi əsas sual budur: icraçı kim olacaq - Pezeşkian, yoxsa Cəlili? Birinci tur və sonrakı proseslər göstərir ki, Cəlilinin ikinci turda qalib gəlmək şansı çoxdur. Çünki mühafizəkar qanada mənsub olan Qalibaf ilk turda üçüncü yerdə qərarlaşdı və onun 16 faizdən bir qədər artıq səsi var. 38 faizdən bir qədər artıq səsi isə onunla eyni xəttin təmsilçisi Səid Cəlili əldə edib. İkisinin bir yerdə səsi 50 faizdən çox edir. Pezeşkianın səsi isə 43 faizə yaxındır. Buna görə də demək olar ki, Cəlilinin Prezident olmaq şansı daha çoxdur”, - politoloq fikrini tamamlayıb.
Geri qayıt