Əsas Səhifə > Dünya > İsrail Qərbin İrana qarşı siyasətinin yumşaldılmasını istəmir

İsrail Qərbin İrana qarşı siyasətinin yumşaldılmasını istəmir


31-07-2024, 10:57
İsrail Qərbin İrana qarşı siyasətinin yumşaldılmasını istəmir
İsrail HƏMAS liderini istənilən başqa ölkədə neytrallaşdıra bilərdi. Ancaq bunun üçün məhz İranı seçdi. Fikrimcə, İsrailin HƏMAS lideri İsmayıl Haniyəni Tehranda raket zərbəsi ilə öldürməsinin səbəbi islahatçı kimi dəyərləndirilən İranın yeni Prezidenti Məsud Pezeşkianla bağlıdır. İsrail Qərbin İrana qarşı siyasətinin yumşaldılmasını istəmir. Məsud Pezeşkianın isə prezident kürsüsündə başlıca məqsədi Qərb ölkələri ilə münasibətlərin normallaşması, yeni nüvə anlaşmasının imzalanması olacaqdı. Bu İsrailin maraqlarına ziddir. Çünki Tel-Əviv düşünür ki, Tehran Qərblə münasibətlərin normallaşması adı altında həm nüvə çalışmalarını davam etdirəcək, həm də əvvəlki kimi HƏMAS və Hizbullah kimi təşkilatları İsrailə qarşı maliyyələşdirməkdə və silahlandırmaqda davam edəcək. HƏMAS liderinin Pezekişanın andiçmə mərasiminə qatıldığı gün Tehranda öldürülməsi İranın yeni Prezidentinin imicinə də mənfi təsir etdi. Pezeşkian HƏMAS liderinin Tehranda öldürülməsinə kəskin reaksiya vermək məcburiyyətindədir, o ali dini lider və SEPAH-ın İsrailə qarşı müxtəlif həmlələrinə dəstək vermək məcburiyyətində qalacaq. Belə olan halda Məsud Pezeşkianın Qərb ölkələri ilə münasibətlərin normallaşdırılması istəyi arxa plana keçəcək. İsrailə də elə bu lazımdır.

Elxan Şahinoğlu - Dia-az.İnfo

Geri qayıt