Əsas Səhifə > Dünya > Vaşinqtonla Kreml bunun uğrunda mübarizə aparırlar
Vaşinqtonla Kreml bunun uğrunda mübarizə aparırlar6-08-2024, 09:10 |
ABŞ-la Rusiya arasında bir mübarizə meydanı da çiplərlə bağlıdır. Qərb ölkələrinin Rusiyaya qarşı sərt sanksiyaları mövcud olduğuna görə Moskva modern texnikanın və hərbi-sənaye kompleksinin inkişafı üçün çiplərə ehtiyacı var. Rusiya özü çip istehsal etmir, ona lazım olan çipləri qeyri-rəsmi kanallarla əsasən Çindən əldə edir. Bu arada, Honq-Konqdan Rusiyaya yükdaşımaların artımı Vaşinqtonu narahat edib. Son məlumatlara görə, Rusiya dəzgahların 70%-ni və mikroelektronikanın 90%-ni Çindən idxal edir. “New York Times” qəzetində yayımlanan məqalədə Rusiya son iki ildə 4 milyard dollar həcminə çip əldə edə bilib. Məqalədə Honq-Konqdakı şirkətlərin bu işin içində olduğu yazılıb. Rusiyaya göndərilən məhsullar içərisində rəqəmsal yaddaşlar, diodlar, yaddaş çipləri və inteqral sxemlər var. ABŞ dövlət katibi Entoni Blinken Rusiyaya çip satışını çinli həmkarı Van Yi ilə Laosda müzakirə edib. Blinken Van Yini xəbərdar edib ki, Rusiyaya çip satışı dayandırılmasa ABŞ Çin şirkətlərinə qarşı sanksiyaları sərtləşdirəcək. Vaşinqton Rusiya ilə əməkdaşlıq edən Honq-Konq şirkətlərinə və banklarına sanksiya tətbiq etməyə hazırlaşır. ABŞ-ın respublikaçı senatoru Marko Rubio Rusiya daşımaları ilə bağlı əməliyyatları həyata keçirən maliyyə institutlarına sanksiya vermək səlahiyyətini prezidentə verəcək Milli Müdafiə Səlahiyyəti Aktına düzəliş təklif edib. Vaşinqtonun xəbərdarlıqlarına baxmayaraq, Pekin yüksək texnologiyalar sahəsində Moskva ilə əməkdaşlıqdan imtina etməyib. Buna baxmayaraq, Pekin sanksiyalardan risqləri hesablamaq məcburiyyətindədir. “Global Ratings” hesabatına görə, Çin borc böhranını həll etmək üçün xilasetmə planı indiyə qədər yalnız müvəqqəti düzəlişlərlə yoluna qoyub, defolt riskləri əhəmiyyətli olaraq qalır və borc yığını gələcək iki ildə artacaq. Pekin Çinin bank sisteminə zərər verə biləcək təhlükəni aradan qaldırmağa yönəlmiş borc dəyişdirmə proqramı və kreditlərin restrukturizasiyasına çalışır. Çinin iqtisadi sıxıntısına əhəmiyyətli töhfə verən daşınmaz əmlak sektoru Pekinin son iqtisadi stimullaşdırma təşəbbüslərinin hədəfi olmuşdur. Bununla belə, faiz dərəcələrinin azaldılması və gələcək ev sahiblərinə genişlənmiş kreditlərin verilməsini əhatə edən bu strategiyalar istənilən nəticəni verməyib. Əmlak qiymətlərində davamlı eniş və cüzi istehlak xərcləri vəziyyəti daha da gərginləşdirməyə xidmət edir. Çində azalan xarici sərmayə əlavə narahatlıq elementi gətirir. Bu səbəbdən indiki şəraitdə Qərb bazarından məhrum olmaq Çinin maraqlarına ziddir. “Atlas” Araşdırmalar Mərkəzi Dia-az.İnfo Geri qayıt |