Əsas Səhifə > Dünya > Rusiya TÜRK BİRİLİYİNƏ sığınır?

Rusiya TÜRK BİRİLİYİNƏ sığınır?


10-08-2024, 08:31
Rusiya TÜRK BİRİLİYİNƏ sığınır?
“Türkiyə tamhüquqlu hərbi-siyasi blok yaratmağı planlaşdırır. Türk Dövlətləri Təşkilatı (TDT) Ankaranın rəhbərliyi altında bununla fəal şəkildə məşğuldur”. “Yeni Müsavat”ın verdiyi xəbərə görə, bunu rusiyalı hərbi ekspert Aleksandr Artamonov deyib. “Bu, Azərbaycan, Qırğızıstan və Qazaxıstanı birləşdirəcək vahid enerji və iqtisadi məkan olacaq. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatının mövqeyini gücləndirməyə və ona rəhbərlik etməyə çalışır. Azərbaycan Ordusu artıq NATO standartlarına uyğun hazırlanıb, İsrail və Türkiyə silahları ilə silahlanıb. Qırğızıstan və Qazaxıstan getdikcə "Türk NATO-su"na doğru irəliləyir", - o bildirib.

Ekspertin fikrincə, təşkilat nə vaxtsa türkdilli bölgələrin Rusiyadan ayrılmasından danışa bilər. O, bu ssenarini Türkiyə və Azərbaycan hakimiyyətinin Rusiyanı Cənubi Qafqazdan sıxışdırmaq siyasətinin bir hissəsi adlandırıb: “Türkiyə Orta Asiya respublikalarında da öz təsirini artırır, oraya fikirlərini aşılayır. Rusiya Türk Dövlətləri Təşkilatına dəvət edilmir, çünki onun təşkilatda iştirakı alternativ təsir mərkəzi yarada bilər. Bununla belə, Rusiyanın təşkilata qoşulma perspektivi artır. Belə bir qərar Türkiyənin BRİKS-ə üzvlüyü müqabilində verilə bilər”, - analitik iddia edib. Bəs Rusiyanın TDT-yə qoşulması nə dərəcədə realdır və hansı statusda?

“Türk Dövlətləri Təşkilatının gələcək inkişafına dair mənim baxışlarım tamamilə aydındır. Əminəm ki, bu təşkilatın çox böyük gələcəyi var”. Bu sözləri Prezident İlham Əliyev “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunda çıxışında demişdi. Təşkilatı daha da yüksək səviyyəyə qaldırmaq üçün ortaq səylərin lazım olduğunu vurğulayan dövlət başçısı bildirmişdi: “Biz birliyi daha da gücləndirməklə Türk Dövlətləri Təşkilatını dünya çapında güc mərkəzinə çevirməliyik. Bu gün bir neçə beynəlxalq təşkilat var, bəziləri böhran içində, bəziləri tənəzzüldə, Türk Dövlətləri Təşkilatı isə yüksəlişdə”.

Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli “Yeni Müsavat”a qeyd etdi ki, Rusiyanın müşahidəçi statusunda TDT-də təmsilçiliyi mümkündür. Onun sözlərinə görə, Avropa İttifaqı və NATO üzvü olan Macarıstan da bu təşkilatda müşahidəçi statusunda iştirak edir. VHP funksioneri bildirdi ki, eynilə Rusiyanın da bu imkanları ola bilər: “Üstəlik, təşkilata üzv olan türk dövlətləri ilə Moskvanın münasibətləri çox yaxşıdır, KTMT və Avrasiya İqtisadi Birliyində birgədirlər. Doğrudur, Kreml Türk Dövlətləri Təşkilatına alternativ qurum kimi qısqanclıqla yanaşa bilər. Bununla belə, Rusiyanın müharibədə üzləşdiyi vəziyyətlə əlaqədar olaraq, bu ölkələrlə əməkdaşlığı gücləndirməyə ehtiyacı artıb. Odur ki, Rusiyanı hələlik müşahidəçi statusu qismində türk platformasında görmək mümkündür. Nəzərə alaq ki, Macarıstan da burada yer alır və o da Rusiya ilə yaxşı əlaqələrə malik olan tək-tük Avropa Birliyi ölkələrindəndir. Digər tərəfdən isə bu platforma Rusiyanın Türkiyə ilə münasibətlərini daha da inkişaf etdirə bilər”.

S.Əsədli vurğuladı ki, TDT perspektivi olan təşkilatdır və gələcəkdə vahid ordu sistemi təsis edilə bilər: “Niyə də türkdilli ölkələrin hərbi qanadı olmasın?! Necə ki, KTMT və NATO var. Əslində KTMT üzvü olan ölkələr arasında türkdilli dövlətlər çoxdur. İndi isə dünyada yeni qütbləşmə gedir, müttəfiqlər artır, bloklar meydana çıxır, geopolitik mənzərə dəyişir. O baxımdan Rusiyanın izolyasiya edilməsi prosesində müttəfiqləri ilə münasibətlərini yaxşılaşdırması zəruridir”.

“Yeni Müsavat”

Geri qayıt