Əsas Səhifə > Dünya > Erməni erməniyə qarşı: didişmə başladı
Erməni erməniyə qarşı: didişmə başladı14-08-2024, 07:26 |
Ötən ilin sentyabrında Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatı nəticəsində bölgəni könüllü tərk edən ermənilərlə Ermənistandakı ermənilər arasında didişmələr başlayıb. Ermənistanın müxtəlif şəhərlərində məskunlaşan Qarabağdan gedən ermənilər qayda-qanunları pozmaqla Ermənistan hakimiyyətini də, erməni cəmiyyətini də hövsələdən çıxarırlar. Ötən həftə Ermənistan müxalifətinə bağlı medianın əsas müzakirə mövzudu Qarabağdan gedən erməni hüquqşünas Roman Yeritsyanın qardaşı Aramın ətrafındakı insident olub və hələ də müzakirə edilir. Sabiq Ermənistan prezidentləri, indiki müxaliflər olan Robert Köçəryan və Serj Sarkisyanın qidalandırdığı media və sosial şəbəkələrdəki səhifələr zərərçəkmiş İstintaq Komitəsinin başlatdığı araşdırmanın sonunu gözləmədən təkcə polisi deyil, həm də erməni səlahiyyətliləri günahlandırıb. Belə ki, Yeritsyan bildirir ki, 10 patrul əməkdaşı avtomobili qadağan olunmuş yerdə saxladığını bəhanə edərək qardaşını vəhşicəsinə döyüb, onu müxtəlif bədən xəsarətləri ilə polis bölməsinə aparıblar: “Onlar onun üzünə gözyaşardıcı qaz atıb, döyüb, qollarını qandallayıb polis bölməsinə aparıblar. Qolu və barmaqları sınıb, görmür, başı şişib. Ona tibbi yardım göstərilir”. “Ermənistan polisinin Aram Yeritsyana qarşı zorakılığı, təkcə Aram Yeritsyana deyil, bütün “Artsax xalqına” qarşı çoxsaylı təhqirlərlə müşayiət olunması, “Artsax xalqına” qarşı hörmətsizliyin təzahüründən başqa bir şey deyil”, Aram Yeritsyanın vəkili Beqlaryan “Facebook” səhifəsində yazıb. Erməni ictimaiyyət nümayəndələri isə hesab edirlər ki, Qarabağdan getmiş ermənilər qanunsuzluqlar etməklə dövləti xaos meydanına sürükləməyə çalışırlar ki, bu, yolverilməzdir. Məsələn, erməni jurnalist və analitik Tevos Arşakyan məsələ ilə bağlı yazdığı məqalədə qeyd edir ki, könüllü olaraq müxalifətin “mitinq materialına” çevrilmiş Qarabağdan Ermənistana gedənlərin xeyli hissəsi Ermənistana müvəqqəti sığınacaq və “pul inəyi” kimi baxmaqda davam edir: “Onlar hesab edirlər ki, biz, Ermənistan vətəndaşları, sadəcə olaraq, onları qucağımızda gəzdirməyə və onların çox vaxt sərhəd tanımayan kobudluğuna, özbaşınalığına, hörmətsizliklərinə və bütün iyrəncliklərinə dözməyə borcluyuq. Təbii ki, bu, cəmiyyətimiz tərəfindən kəskin şəkildə rədd edilir”. Arşakyan davam edir: “Onların sözlərindən belə çıxır: Ermənistanda onlara qarşı düşmənçilik edilir. Əminəm ki, bir çox erməni mütəmadi olaraq həm şəhərlərimizin küçələrində, həm də sosial şəbəkələrdə Qarabağdan gələnlərin bu cür əsassız iddiaları ilə qarşılaşırlar. Görünür, onlar artıq unudublar ki, müstəqillik illərində onların saxlanması, təhlükəsiz yaşaması üçün çəkilən xərclərin böyük hissəsi Ermənistanın dövlət büdcəsi hesabına olub. Ən çətin anlarda - 1990-cı illərin əvvəllərində belə son pulumuzu onlara verdik. Keçən ilin sentyabrında minlərlə erməni Qarabağı tərk edən insanları qarşılamaq, yedizdirmək, hətta qonaq etmək üçün sərhədə axışdı. Onlarla bağlı dövlətin proqramları da öz yerində. Bunun müqabilində keşiş Baqratın (Baqrat Qalstanyan – müxalif qüvvələrin lideri) və onun arxasında duran “Qarabağ klanı”nın təşkil etdiyi müxalifət mitinqlərində onların kütləvi şəkildə iştirakını görürük. Yoxsa onlar Köçəryan, Qukasyan, Saakyan tərəfindən idarə olunduqları dövrlər üçün darıxırlar? Onlar Qarabağda olanda “rəhbərləriniz” (Qarabağın işğalı vaxtı separatçı rejimin başında dayananları nəzərdə tutur) sizi adam yerinə qoymurdu. Yəqin ki, onlar özlərinə qarşı belə münasibətə, qanunsuzluğa öyrəşiblər və ona görə də indi öz konsepsiyalarını Ermənistan ərazisinə keçirməyə çalışırlar, amma bu plan baş tutmayacaq”. “Yeritsyanla bağlı insidentə gəlincə, o, polis əməkdaşlarının qanuni tələblərinə nümayişkaranə şəkildə tabe olmaqdan imtina etdikdən sonra ona qarşı güc tətbiq oluna bilərdi. Əgər o, avtomobili qadağan olunmuş yerdə saxlayıbsa və patrul əməkdaşlarının tələblərini yerinə yetirməkdən imtina edibsə, deməli, onların güc tətbiq etmək hüququ var. Hətta dünyanın ən demokratik ölkəsi olan ABŞ-da polisin tələblərinə tabe olmaqdan imtina edəni tapdalayırlar. Belə hallarda söhbət qısa olur: ən yaxşı halda sizi üz üstü uzandırırlar, ən pis halda odlu silahdan istifadə edirlər. Qaydaları pozanları, Ermənistan qanunlarına əməl etməyənləri erməni cəmiyyəti rədd edir. Nə hökumət, nə də biz cəmiyyət olaraq heç kimə ictimai asayişi pozmağa, ölkənin təhlükəsizliyinə xələl gətirməyə, siyasi manipulyasiya ilə məşğul olmağa icazə verməyəcəyik”, - analitik məqaləsini tamamlayıb. Göründüyü kimi, Qarabağdan gedən ermənilərlə Ermənistanda yaşayan ermənilər arasında artıq bir-birinə qarşı nifrət başlayıb və didişmə mərhələsinə start verilib. Hələ ötən il bir çox analitiklər proqnozlaşdırırdılar ki, separatizmə, cinayətkarlığa və vəhşiliyə öyrəşmiş Qarabağdan gedən ermənilərlə Ermənistanda yaşayan normal düşüncəli ermənilər arasında konfliktlər yaranacaq və dərinləşəcək. İndi həmin proqnozlar öz təsdiqini tapmaqdadır. Geri qayıt |