Əsas Səhifə > Dünya > Bayden orduya nüvə münaqişələrinə hazırlaşmağı əmr edib

Bayden orduya nüvə münaqişələrinə hazırlaşmağı əmr edib


21-08-2024, 10:02
Bayden orduya nüvə münaqişələrinə hazırlaşmağı əmr edib
ABŞ prezidenti Co Bayden hər 4 ildən bir yenilənən çox məxfi sənəd vasitəsilə Amerika ordusuna Rusiya, Çin və Şimali Koreya ilə mümkün nüvə münaqişələrinə hazırlaşmaq tapşırığını verib.

Reyting.az bildirir ki, “Nev York Times” nəşrinin iddiasına görə, Bayden mart ayında məxfi sənədin məzmununda “Çin təhdidinə yenidən diqqət yetirən gizli nüvə strategiyasını” təsdiqləyib.

Məlumata görə, Bayden mart ayında ABŞ-nın çəkindirmə strategiyasını ilk dəfə olaraq Çinin nüvə texnologiyalarının və silahlarının sürətlə genişlənməsinə diqqət yetirmək üçün Amerika ordusuna mümkün vəziyyətə hazırlaşmağı əmr edib.

Ağ ev Baydenin qərarını açıqlamasa da, “Nüvə Yerləşdirmə Bələdçisi” adlı strategiyada Rusiya, Çin və Şimali Koreya ilə mümkün koordinasiyalı nüvə münaqişələrinə qarşı hazırlıq planlarının olduğu iddia edilir.

Bildirilir ki, 4 ildən bir yenilənən sənəd “tam məxfi” olduğu üçün elektron nüsxəsi yoxdur, sənədin çap nüsxələri isə bir neçə milli təhlükəsizlik məmuruna və yüksək rütbəli komandirlərə verilib.

Xatırlanır ki, ABŞ Təhlükəsizlik Şurasının silahlara nəzarət və kütləvi qırğın silahlarının yayılmaması üzrə baş direktoru Pranay Vaddi iyun ayında bu sənədə istinad edib, “Rusiya, Çin və Şimali Koreyanı eyni anda çəkindirmək zərurətindən” danışıb.

Əvvəllər Pentaqonda işləyən nüvə strateqi Vipin Naranq da Baydenin “yenilənmiş bir sənəd dərc etdirdiyini, bunun nüvə silahından istifadə təlimatı” olduğunu deyib.

Geri qayıt