Əsas Səhifə > Dünya > KTMT üzvünə hücum: təşkilat yardıma gəlmir
KTMT üzvünə hücum: təşkilat yardıma gəlmir24-08-2024, 14:00 |
Kursk vilayətində yaranmış vəziyyətlə bağlı bu günə kimi Rusiyadan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) heç bir müraciət daxil olmayıb. Bu barədə KTMT-nin rəsmi saytında yer alan məlumatda bildirilir. “KTMT-nin qəbul etdiyi prosedura görə, hərbi yardıma ehtiyacı olan birliyə üzv dövlət müraciət etməldir. Bu günə qədər Kurskdakı vəziyyətlə bağlı Rusiya Federasiyasından belə bir müraciət daxil olmayıb region”, - deyə məlunatda qeyd olunur. KTMT vəziyyətin inkişafını diqqətlə izlədiyini vurğulayıb: “Hərbi münaqişənin KTMT-nin məsuliyyət zonasına keçməsi eskalasiyanın yeni mərhələsidir. Bizim analitik xidmətimiz gecə-gündüz işləyir. Biz vəziyyətin inkişafını diqqətlə izləyirik və təşkilatın nizamnaməsinə uyğun hərəkət edəcəyik. KTMT Katibliyi və Rusiya Federasiyasının müvafiq dövlət qurumları iş rejimində məlumat mübadiləsi aparır”. Bəs, həqiqətən, niyə bu proses baş vermir? Rusiya niyə birbaşa hərbi müttəfiqlərinə müraciət etmir? Bunu necə izah etmək olar? Axı, KTMT nizamnaməsinə görə, üzv ölkələrdən birinin ərazisinə silahlı basqın başlayarsa, blokun bütün üzvləri öz silahlı qüvvələri ilə döyüşməyə borcludur. Niyə biz bunu Kursk vilayətindəki hadisələr fonunda görmürük? AYNA mövzunu təşkilata üzv ölkələrinin ekspertləri ilə müzakirə edib. Belaruslu analitik, jurnalist, demokrat fəal Aleksandr Otroşenkov (Varşava): “Bilmirəm, Azərbaycanda belə qəbul edirlər, ya yox, amma Belarusda KTMT-nin rolunu üzv ölkələrdə Kremlə dost rejimlərin sabitliyinin təmin edilməsi və onların Rusiya orbitində davam etdirilməsi kimi görürlər. Əslində, bu, ölü bir quruluşdur. Biz görürük ki, o, real problemlərin öhdəsindən gələ bilmir, məsələn, iki üzvünün - Özbəkistan ilə Tacikistanın arasındakı sərhəd münaqişəsini həll edə bilmir. Ermənistan keçmiş liderlərinin KTMT-nin təhlükəsizliyini təmin edə biləcəyi ilə bağlı illüziyalarının əslində çox acı bədəlini ödədi və digər üzvlər də bu nümunədən çox konkret nəticələr çıxardılar. Təşkilatın gələcəyinə olan həvəsini nümayiş etdirməyə çalışan yeganə şəxs Belarus lideri Aleksandr Lukaşenkodur. Lakin onun seçimi yoxdur, çünki o, Rusiyanın Ukraynaya qarşı təcavüzündə şəriklik ilə həddən artıq çirklənib və 2020-ci il prezident seçkilərindən və ölkədəki kütləvi etirazların yatırılmasından sonra Rusiyanın onun hakimiyyətinə dəstəyi müqabilində həddindən artıq Belarus suverenliyindən imtina edib. KTMT-yə üzv qalan ölkələrin rəhbərliyi Moskvadan o qədər də asılı deyil, Qərb tipli demokratiyalarla əlaqələri kifayət qədər uğurla inkişaf etdirir və bunun gətirdiyi üstünlüklərdən əl çəkməyə hazır deyil. Ermənistan istisna olmaqla, bu ölkələr çətin ki, yaxın illərdə bu mənasız təşkilatı tərk etmək qərarına gəlsin, çünki Rusiya ilə münasibətləri qaçılmaz şəkildə pozacaq nəsə etmək istəməməsi hissi hələ də üstündür. KTMT-nin Nizamnaməsində açıq şəkildə deyilmir ki, KTMT üzvlərindən birinə hücum olarsa, münaqişəyə girməlidir. Nizamnamənin 7-ci və 8-ci maddələrində koordinasiya, məsləhətləşmə, birgə tədbirlər və kollektiv müdafiə hüququndan, öhdəlikdən bəhs edilir. Rusiya tərəfinin ustalıqla nümayiş etdirdiyi KTMT-nin təsis sənədində Ermənistanın nəyə görə yardım ala bilməyəcəyini izah edən məqam var: orada münaqişədə tərəf tutmaq, hətta üzvlərdən birinin tərəfində silahlı münaqişəyə girmək öhdəliyindən bəhs edilmir. İndi vəziyyət Rusiyaya doğru tərsinə çevrilib. Rusiya buna baxmayaraq, KTMT Nizamnaməsinin müddəalarını sərbəst şəkildə şərh etməyə çalışsa və müttəfiqlərindən onun tərəfində hərəkət etməyi tələb etsə, bu, təşkilatın sonu olacaq. Yararsız təşkilatdan KTMT zəhərli təşkilata çevriləcək. Təşkilat üzvlərinin heç biri Putinin Ukraynaya hücumuna həvəslə yanaşmır, yaxşı bilir ki, Rusiya ilə həmsərhəd olan istənilən ölkə öz gələcəyi və müttəfiq seçimi ilə bağlı müstəqil qərar vermək hüququna malik olduğunu düşünsə, bu cür təcavüzün qurbanına çevrilə bilər. Bu avantürada da iştirak etmək və yaramaz ölkələrin müharibəyə qoşulmaq tələbi, istər-istəməz, həm bu cür hərəkətlərdən, həm də KTMT-dən ayrılmaq əzmini gücləndirəcək. Görünür, Kreml bunu çox gözəl anlayır, ona görə də hələlik belə rəftardan çəkinirlər”. Qazaxıstanlı politoloq Dimaş Aljanov: “KTMT ölkələrinin bu müharibədə iştirakı sıfırdır. Hətta Belarus məsələsində belə bir qərar rejimin sağ qalması üçün ciddi risklər daşıya bilər, hələ Qazaxıstan və digər Mərkəzi Asiya ölkələrini demirəm. KTMT qüvvələrinin iştirakı yalnız atəşkəs əldə edildikdən və BMT-nin müvafiq qərarı alındıqdan sonra sülhməramlı missiya kimi mümkündür. Tokayevin bəyanatı məhz bundan ibarət idi və bu məqsədlə KTMT müqaviləsinə düzəlişlər qəbul edildi və genişmiqyaslı işğal ərəfəsində əlaqələndirici dövlət (Rusiya) rolu təqdim edildi. KTMT-də əvvəldən tərəflərin bərabərliyi yox idi. Bu, Rusiyanın dominantlıq etdiyi təşkilatdır. Təşkilat Rusiyanın hərbi-siyasi təsiri üçün formal çərçivə yaradır və keçmiş Sovet İttifaqının avtoritar rejimlərinə himayədarlıq edir. Qarabağ müharibəsi göstərdi ki, kollektiv təhlükəsizlik müqaviləsi Rusiya üçün məcburi deyil və iştirakçı ölkələrin hərəkətləri ziddiyyətli və situasiya faydalarına əsaslana bilər. Bu cür davranış ciddi kollektiv təhlükəsizlik müqaviləsi üçün əsas ola bilməz. Bütün bu müddət ərzində Qazaxıstanda etirazların yatırılmasında iştirakı bu təşkilatın diqqət çəkdiyi yeganə şeydir. İndi getdikcə aydın olur ki, KTMT ciddi beynəlxalq təşkilatdan daha çox uydurma və ya şırmadır. Son illərin iki müharibəsi iştirakçı ölkələrin kollektiv fəaliyyət üçün ümumi istəyinin və KTMT çərçivəsində ciddi hərbi-siyasi əsasın olmadığını üzə çıxardı. KTMT nə hərbi sahədə, nə də siyasi ölçüdə ciddi bir məna kəsb edir”. Geri qayıt |