Əsas Səhifə > Dünya > Sallivan istəyinə nail olmadı
Sallivan istəyinə nail olmadı29-08-2024, 15:31 |
ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşavii Ceyk Sallivan Pekində Çinin xarici işlər naziri Van Yi və bu ölkənin digər rəsmiləriylə görüşlər keçirib. Sallivanın Pekinə səfərinin məqsədi ABŞ-Çin münasibətlərindəki gərginliyi azaltmaq və ya bu gərginliyi idarə edilən səviyyədə saxlamaqdır. Bu, Bayden hökuməti üçün noyabrda prezident seçkisi öncəsi xüsusi əhəmiyyət kəsb edir. Prezidentliyə namizəd Donald Tramp isə Vaşinqtonun Pekinlə yumşaq davranmasını sərt tənqid edir. Onun fikrincə, Vaşinqton Pekinə güzətşə getdikcə, Çin müxtəlif bölgələrdə möhkəmlənməkdə davam edəcək. Ceyk Sallivanın Pekində keçirdiyi görüş və müzakirələrə baxmayaraq, Vaşinqton istəyinə nail olmayıb. Çin Rusiya ilə strateji tərəfdaşlığını davam etdirir, Pekin Ukrayna müharibəsinə görə Kremlə təsir etmir. Vaşinqton hesab edir ki, Pekin Kremlə təsir etsəydi, Rusiya Ukrayna ilə bağlı siyasətini korrektə edərdi. Pekin müharibənin dayandırılmasını istəyir, ancaq Rusiyanın Ukrayna ərazilərinin işğalına etiraz etmir. Pekinlə Vaşinqton Tayvan məsələsində də ortaq məxrəcə gələ bilmirlər, əksinə bu istiqamətdə gərginlik getdikcə artır. ABŞ Pekinin narazılığına rəğmən, Tayvanla hərbi sahədə əməkdaşlığını davam etdirir. ABŞ-la yanaşı Yaponiya da Tayvanla təmaslarını genişləndirib. Tayvan rəhbərliyi Yaponiyaya yeni nümayəndə təyin edib. Tokio Çinin hərbi güclərinin Yaponiyaya məxsus adalara yaxınlaşdığını iddia edib. Çinin kəşfiyyat təyyarələrinin Yaponiya sahilləri ıtrafında uçuşlar həyata keçirdiyi bildirilib. Tokio Çinin Rusiya ilə birgə okeanlarda fəallığını artırmasından narahatdır. Tokio hesab edir ki, Moskva və Pekin Hind və sakit Okean bölgəsində status-kvonu dəyişmək istəyirlər. Bu arada, Tayvan öz ərazisində ABŞ istehsalı Harpoon raketlərini yerləşdirmək üçün ən azı beş baza tikir. Dördü Tayvanın cənubunda və biri şərqindəki Taitung bölgəsində yerləşən bazalar donanmanın 2026-cı ildən etibarən ABŞ-dan qabaqcıl raketlər alması ərəfəsində qurulur. Bazaların tikintisi ilə bağlı imzalanan dörd müqavilənin ümumi dəyəri 150 milyon dollara yaxındır. Dörd bazanın üç il ərzində hazır olacağı gözlənilir. “Atlas” Araşdırmalar Mərkəzi Dia-az.İnfo Geri qayıt |