Əsas Səhifə > Dünya > Pezeşkian İranın “Qorbaçov”u olsa...

Pezeşkian İranın “Qorbaçov”u olsa...


5-10-2024, 09:05
Pezeşkian İranın “Qorbaçov”u olsa...
İran ətrafında proseslərin hara aparıldığı hələ ki, qeyri-müəyyən olaraq qalır. Bu da ən əvvəl rəsmi Tehranın, özəlliklə dini liderinin verəcəyi qərarlardan asılı olacaq. Bütün hallarda qonşu Azərbaycan Respublikası da bütün mümkün ssenarilərə hazır olmalıdır.

Rusiyalı tanınmış politoloq Sergey Markov bölgədəki olayları şərh edərkən deyib ki, Qərb getdikcə daha fəal şəkildə Tehranı “yenidənqurma”ya başlamağa sövq edəcək. “Lakin farslar buna bir anda başlasa, nəticə bizdəki (SSRİ-dəki - red.) kimi olacaq”, - deyə o qeyd edib. Onun sözlərinə görə, Qərb üçün İranla bağlı hazırkı vacib plan SEPAH-ın cəmiyyət arasında gözdən salınmasıdır: “İndiki mərhələdə Qərb qlobalist elitasının əsas məqsədi SEPAH-ın ən parlaq və xarizmatik liderlərinin və onunla əlaqəli silahlı fəalları fiziki olaraq məhv etməkdir. Sonra isə islam inqilabının əsas sütunu kimi SEPAH-ı gözdən salmağa çalışmaq və İran cəmiyyətində konkret təxribatçı işlər aparmaqla məqsədinə nail olmaqdır”.

Markova görə, onlar (Qərb - red.) ali hakimiyyətin gözlənilən transferi ərəfəsində demokratikləşmə proseslərinin başlanmasına təkan vermək fikrindədir. “Artıq onların ”iranlı Qorbaçov"u var - o, sanksiyaların aradan qaldırılması üçün Qərblə də dostluq etmək istəyir (Məsud Pezeşkian nəzərdə tutulur - red.). KQB (DTK) hər şeyə qadir görünürdü, lakin SSRİ-ni dağılmaqdan xilas edə bilmədi. Görəsən SEPAH necə, öz missiyasını yerinə yetirə biləcəkmi?", - politoloq qeyd edib.

“Qərb İranda ”yenidənqurma" görmək istəyir. Lakin əgər bu baş verərsə, nəticə SSRİ-də olduğu kimi olacaq". Bunu Xəzər Strateji Araşdırmalar İnstitutunun direktoru İqor Korotçenko özünün “Telegram” səhifəsində yazıb. O qeyd edib ki, Qərb qlobalist elitasının hazırkı mərhələdə əsas vəzifəsi İslam İnqilabının əsas dayağı kimi SEPAH-ın nüfuzdan salınması, regionda onun ən parlaq və xarizmatik liderlərinin, təşkilatla əlaqəli şəxslərin fiziki olaraq məhv edilməsidir. Onun sözlərinə görə, Qərb İran cəmiyyətində məqsədli təxribatçı işlər görür, eləcə də “demokratikləşmə” proseslərinin başlanmasını istəyir. “Artıq iranlı Qorbaçov da var - o, sanksiyaların aradan qaldırılması üçün Qərblə dostluq etmək istəyir”, - Korotçenko İran Prezidenti Məsud Pezeşkianı nəzərdə tutaraq yazıb.

Rusiyalı politoloqların proqnozları nə dərəcədə reallaşa biləndir? SSRİ ilə İran rejimlərinin oxşat cəhətləri kimi nələri qeyd etmək olar? Pezeşkina gerçəkdənmi Qorbaçov (yenidənqurma) missiyası tapşırılıb? Pezeşkianın “İran ərazisində 4 dövlət yarana bilər” mesajının özü də Qərbə şantajdır: Qərb İranda Cənubi Azərbaycan dövlətinin yaranması ilə Türkiyənin Orta Asiyanın türk dövlətləri ilə geniş əlaqəsinin yaranmasına və Turanın quru sərhədlərlə birləşməsinə hazırdırmı? Qərb buna razıdırmı?

Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı “Yeni Müsavat”a bildirdi ki, Pezeşkian Qorbaçovla müqayisə oluna bilməz. Onun sözlərinə görə, Qorbaçov SSRİ-də hakimi-mütləq idi. “Bütün idarəetmə onun əlində idi, Siyasi Büronu və ölkəni necə istəyirdisə, elə də idarə edirdi. Pezeşkianın isə əlində o səlahiyyətlər yoxdur. İranda Seyid Əli Xamenei təkcə ali dini rəhbər deyil, həm də cümhuriyyətin lideridir. İndiki halda onlar arasında qarşıdurma da görünmür və razılaşdırılmış şəkildə ölkəni idarə edirlər. O baxımdan Pezeşkianın Qorbaçov kimi olacağını güman etmirəm”, - deyə Sabir Rüstəmxanlı vurğuladı. VHP sədri qeyd etdi ki, Pezeşkian Azərbaycan türküdür, bizi yaxşı tanıyır, ölkəmizdəki prosesləri bilir: “Eyni zamanda, Güney Azərbaycanı da dərindən tanıyır. Ona görə anlayır ki, istənilən hərəkat Güney Azərbaycanı ayağa qaldıra bilər. Üstəlik, orada ərəb hərəkatı da var, bəlluclar aktivdirlər. Bu mənada Pezeşkianın son açıqlamasını xəbərdarlıq kimi qiymətləndirmək lazımdır. Yəni İranı istəyənlər bilsinlər ki, ölkəni parçalanma gözləyə bilər və dövləti qorumaq lazımdır”.

Siyasi şərhçi Asif Nərimanlı hesab edir ki, İran-İsrail qarşıdurması Azərbaycan üçün də risklər vəd edir: “Toqquşma regional müharibəyə çevrilərsə, Cənubi Azərbaycandan köç dalğası ilə üzləşə bilərik. ”Sionistləri Araz sahilində" axtaran SEPAH “İsrail bazaları” iddiası ilə qarşıdurmanı Azərbaycan üzərinə köçürməyə cəhdlər edə bilər. İranın Dəməşqdəki konsulluğu vurulanda Tehranda belə çağırışlar gündəmə gəlmişdi. Sürünən gərginlik davam edərsə, Bakıya qarşı “İsrailin müttəfiqi” iddiası ilə ritorik hücumlar edilə bilər. Bu risklərə qarşı Azərbaycanın sərhədlərini gücləndirməsi, paralel olaraq, neytral mövqeyini hər iki paytaxta yenidən xatırlatması zərurəti yarana bilər".


Geri qayıt