Əsas Səhifə > Dünya > ABŞ Yaponiyaya böyük ordu saxlamağa qadağan etməklə əslində bu dövlətə yaxşılıq edib
ABŞ Yaponiyaya böyük ordu saxlamağa qadağan etməklə əslində bu dövlətə yaxşılıq edib11-10-2024, 16:37 |
Builki Nobel Sülh Mükafatı Xirosima və Naqasaki bombardmanlarından sağ çıxan Yaponiya təşkilatı olan “Nihon Hidankey”a nüvə silahlarından azad dünya yaratmaq səylərinə və nüvə silahının bir daha heç vaxt istifadə edilməməsinin nümayiş etdirilməsinə görə verilib. Gələn il ABŞ-ın Yaponiyaya qarşı nüvə silahından istifadəsinin 80 illiyi qeyd ediləcək. ABŞ İkinci Dünya müharibəsində nüvə silahından istifadə etmədən Yaponiyanı məğlub edə bilərmi? ABŞ müharibədə qələbə qazana bilərdi, ancaq yaponlar ölümünə savaşırdılar. Buna görə də Vaşinqton nüvə silahından istifadə etməklə daha çox itki vermədən Yaponiya imperiyasını kapitulyasiya aktına imzalamağa məcbur etdi. Yaponiyanın başqa çıxış yolu yox idi. Yaponiya bu kapitulyasiya aktını imzalamasaydı, növbəti atom bombası paytaxt Tokioya atılacaqdı. Vaşinqtonun Yaponiyaya qarşı nüvə silahından istifadəsi gələcək rəqibi SSRİ-də qorxutmaq mahiyyəti də daşıyırdı. Bu mövzuda bir neçə yapon diplomatla söhbətimi xatırlayıram. “ABŞ-ın Xirosima və Naqasakiyə atom bombası atması nəticəsində yüzminlərlə insan həlak oldu, bir o qədər insan da ömrünün sonuna qədər əlil oldu. Buna baxmayaraq, yaponların ABŞ-a qarşı nifrət etməmələrini necə izah etmək olar” sualıma yapon diplomatların cavabı təxminən beləydi ki, Yaponiya imperiya illərində özü müxtəlif xalqları istila edib, müharibələr edib, minlərlə insan öldürülüb və bunlara görə cəzalandırılıb və yaponlar gərəkən dərsi çıxarıblar. Orası da var ki, ABŞ-ın Yaponiyaya atom bombaları atmasına baxmayaraq, sonrakı illərdə bu dövləti özünün strateji müttəfiqi səviyyəsinə çatdırıb, sürətli inkişafına şərait yaradıb. ABŞ Yaponiyaya böyük ordu saxlamağa qadağan etməklə əslində bu dövlətə yaxşılıq edib. Yaponiya orduya ayıracağı maliyyəni iqtisadi inkişafına xərcləyib və bunun hesabına dünyanın ən inkişaf etmiş ölkələrindən birinə çevrilib. Elxan Şahinoğlu - dia-az.life Geri qayıt |