Əsas Səhifə > Dünya > Qərbin TİFLİS PLANI...
Qərbin TİFLİS PLANI...17-10-2024, 08:22 |
Böyük Britaniya Gürcüstan hakimiyyətinin hərəkətləri səbəbindən nazirlər səviyyəsində Gürcüstanla Wardrop Dialoqunu dondurmaq və ölkələrin müdafiə qərargahları arasında danışıqları ləğv etmək qərarına gəlib. Bunu Krallığın Corciyadakı səfiri Qarret Uord Interpressnews xəbər agentliyinə müsahibəsində deyib. Onun sözlərinə görə, Böyük Britaniya və Gürcüstan arasında münasibətlər respublika hökumətinin atdığı addımlar nəticəsində pozulub. Britaniya tərəfi vətəndaş cəmiyyətinin fəaliyyətini məhdudlaşdıran qanunun qəbulundan narahatdır. Diplomat qeyd edib ki, sənəd böyük ictimai etiraza baxmayaraq qəbul edilib. Politoloq Əli Həziquliyev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, İngiltərənin təzyiqləri Gürcüstanda seçkinin nəticələrinə ciddi təsir göstərə bilməyəcək. “Bu həm də onunla bağlıdır ki, Gürcüstan müxalifəti daha çox Avropa Birliyinə daxil olan dövlətlərə, daha dəqiq desək, Fransaya bağlıdır və bu birliyin bəyanat və təzyiqlərinə daha çevik, daha adekvat cavab verir”-deyə politoloq bildirib. Əli Həziquliyev qeyd edib ki, Gürcüstan iqtidarı və eləcə də müxalifəti, ABŞ və İngiltərənin diqtəsi ilə hərəkət etmiş Ukraynanın başına gələn hadisələri görür və nəticənin necə də ağır olduğunun artıq fərqindədir. Gürcüstan vətəndaşları da bu prizmadan çıxış edəcək. Düzdür, vətəndaşların Avropaya vizasız gediş hüququnu itirmək qorxusu var. Hesab edirəm ki, Avropa Gürcüstanda məğlub olacaq və seçkidən sonra vəziyyəti yumşaltmağa, daha çox əməkdaşlığa cəhd göstərəcək. Bu, həm də ABŞ-dakı seçkilərin nəticələrinə bağlı olacaq”-deyən politoloqun fikrincə, Tramp hakimiyyətə gələcəyi təqdirdə, Gürcüstan iqtidarının mövqelərində redaktə etməsi təhlükəsizlik baxımından ölkəsinin lehinə olacaq. “Bunlarla yanaşı Gürcüstan İqtisadiyyatının əhəmiyyətli hissəsinin İvanaşvilinin əlində cəmləşməsi də, gələcək hakimiyyətlərin idarə və iradəsinə ciddi təsir edir. Bu da Qərbin Gürcüstandakı qüvvələrinin mövqelərinə öz təsirini göstərir və mövcud hakimiyyətin lehinə balansı dəyişir”-deyə Əli Həziquliyev əlavə edib. Geri qayıt |