Əsas Səhifə > Dünya > Lidersiz qalan HƏMAS və ya “sonun başlanğıcı”

Lidersiz qalan HƏMAS və ya “sonun başlanğıcı”


21-10-2024, 00:10
Lidersiz qalan HƏMAS və ya “sonun başlanğıcı”
Oktyabrın 17-də İsrail Müdafiə Qüvvələrinin (IDF) mənbələri Fələstinin radikal HƏMAS qruplaşmasının lideri Yəhya Sinvarın məhv edilməsi barədə məlumatlar verməyə başladı. Tezliklə onun ölümü İsrail və ərəb mediasında DNT testinə istinad edərək təsdiqləndi və sonra İsrailin xarici işlər naziri İsrael Katz müvafiq bəyanatla çıxış etdi. Baş nazir Benyamin Netanyahu bu hadisəni fələstinli yaraqlılar üçün “sonun başlanğıcı” hesab etdi. İsrailin müttəfiqləri Netanyahunu təbrik etməyə başladılar və qeyd etdilər ki, “bu uğurun ardınca başqa mühüm məqsədlərə nail olmaq olar”.

HƏMAS liderinin necə məhv edildiyi və bu hadisəyə reaksiyalar necə oldu?

İsrail ordusunun bir qrup əsgəri Qəzza zolağının cənubundakı bir ərazidə patrul xidməti apararkən fələstinli yaraqlılarla qarşılaşıb. Bildirilir ki, İsrail hərbçiləri təsadüfən HƏMAS Siyasi Bürosunun rəhbəri Yahya Sinvara rast gəlib və onun şəxsiyyətini yalnız atışma və radikal qruplaşma döyüşçülərinin olduğu binaya zərbə endirdikdən sonra müəyyənləşdiriblər.

“The New York Times” İsrail rəsmilərinə istinadən yazıb ki, HƏMAS lideri daha iki yaraqlı ilə birlikdə məhv edilib və onlarla birlikdə əməliyyat zamanı zərər çəkə biləcək girovlar tapılmayıb. Yəhya Sinvarın cəsədinin yanından pul, silah və saxta sənədlər tapılıb.

İsrail Müdafiə Qüvvələri tezliklə Yəhya Sinvarın son anlarını əks etdirən dron görüntülərini yayıb. Yaraqlı lider çubuğa bənzəyən bir alətlə dronu vurmağa çalışıb.

İsrail hakimiyyəti Yəhya Sinvarın məhvini “böyük uğur” və hətta HƏMAS-ın “son gününün başlanğıcı” adlandırıb. Baş nazir Benyamin Netanyahu deyib: "Bu gün şər güclü bir zərbə aldı, lakin qarşımızda duran missiya hələ tamamlanmayıb" dedi.

Eyni zamanda, İsrailin siyasi və hərbi rəhbərliyi daha mühüm məqsədə - girovların azad edilməsinə nail olmağa yönəlməyi vacib sayır. Məlumata görə, HƏMAS hazırda Qəzza zolağında 101 nəfər israillini girov saxlayır. Netanyahu deyib ki, İsrail ordusu girovları qaytarmaq üçün “tam gücü ilə” çalışacaq.

İsrail rəsmilərinin fikrincə, Yəhya Sinvarın ölümü həqiqətən də HƏMAS-ın hələ də saxladığı girovların azad edilməsi üçün danışıqların bərpasına səbəb ola bilər. Lakin İsrail hələ ki, bu məqsədə çatmaq üçün konkret vaxt çərçivələri barədə açıqlama yaymayıb. Bununla yanaşı, Baş nazir Netanyahu artıq bu problemi həll etmək üçün Qətər və Misirdən olan vasitəçilərlə əlaqə saxladığını bildirib.

ABŞ Prezidenti Co Bayden də Yəhya Sinvarın məhvini girovların azad edilməsi və hətta İsrail və HƏMAS arasında müharibənin dayandırılması məsələsində “irəli getmək” üçün səbəb adlandırıb. Bayden Almaniyaya səfəri zamanı onunla telefon danışığı aparan İsrailin Baş nazirini “uğurlu əməliyyat” münasibətilə təbrik edib.

Öz növbəsində ABŞ-ın vitse-prezidenti, Demokratlar Partiyasının prezidentliyə namizədi Kamala Harris HƏMAS liderinin öldürülməsini “uğurlu” və “Qəzza zolağında münaqişənin həlli şansı” hesab edib.

“HƏMAS Fələstində hakimiyyətdə olmadığı günə başlamağın vaxtıdır”, - deyə Harris vurğulayıb. Harris əlavə edib ki, Amerika xüsusi təyinatlıları Sinvarı izləməkdə İsrail müttəfiqlərinə böyük yardım göstərə biliblər.

Bundan əlavə, ABŞ dövlət katibi Antoni Blinkenin yaxın günlərdə İsrailə səfər edəcəyi məlum olub. Dövlət katibi İsrail rəhbərliyi ilə atəşkəs və girovların azad edilməsi ilə bağlı sazişlərin bağlanmasını müzakirə etmək niyyətindədir.

Maraqlıdır ki, ABŞ-ın Respublikaçılar Partiyasının nümayəndələri Sinvarın öldürülməsini analoji şəkildə şərh ediblər. Məsələn, respublikaçıların prezidentliyə namizədi Donald Trampın keçmiş müşaviri Con Bolton HƏMAS liderinin ölümünü “bütün dünya üçün yaxşı gün” adlandırıb: “Oktyabrın 7-də İsrailə hücumu planlaşdıran bu xüsusi terrorçu layiq olduğu yerə göndərildi”.

Nəhayət, NATO-nun baş katibi Mark Rutte etiraf edib ki, HƏMAS liderinin ölümündən üzülmür və “onun üçün darıxmayacaq”. Avropa diplomatiyasının rəhbəri Cozef Borrell isə Sinvarı “terrorçu” və “atəşkəsin yaradılmasına maneə” adlandırıb.

Qeyd edək ki, 61 yaşlı Sinvar bu ilin avqustunda HƏMAS Siyasi Bürosunun rəhbəri olub. Sinvar bu vəzifədə İsmayıl Haniyəni əvəz edib. Haniyə iyulun sonunda İranın yeni Prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirak etmək üçün səfər etdiyi Tehrandakı iqamətgahında baş vermiş partlayış nəticəsində öldürülüb.

Sinvar 20 ildən çox İsrail həbsxanalarında yatıb, lakin 2011-ci ildə əsir götürülmüş İsrail əsgəri Gilad Şalitin mindən çox fələstinli məhbusla dəyişdirilməsi prosesində azadlığa çıxa bilib. Bundan sonra Sinvar birbaşa İsrail hərbçilərinin ələ keçirilməsini “həbsdə olan yaraqlıları azad etməyin yeganə yolu” adlandırıb. 2015-ci ildə ABŞ Sinvarı qlobal terrorçular siyahısına daxil edib.

Sinvar 7 oktyabr 2023-cü ildəki terror aktının əsas təşkilatçılarından biri adlandırılıb. İsrail hakimiyyət nümayəndələrinin sözlərinə görə, əməliyyatın dəqiq planını məhz Sinvar hazırlayıb. Eyni zamanda, Sinvar ötən ilin noyabrında baş tutan atəşkəs danışıqlarında iştirak edib.

Evinin olmasına baxmayaraq, 2023-cü ilin dekabrından bu yana İsrail hərbçiləri və kəşfiyyatçılarından uğurla gizlənib. Sinvarın girovların əhatəsində Qəzzada yerin altında gizləndiyi güman edilirdi.

Maraqlıdır ki, bu il sentyabrın sonunda İsrail artıq Sinvarın mümkün məhvi barədə məlumat yaymışdı. Buna baxmayaraq, oktyabrın 7-dən 8-nə keçən gecə uzun sükutdan sonra Sinvarın sağ olduğu ortaya çıxmışdı.

AYNA.az
Geri qayıt