Əsas Səhifə > Dünya > BRİCS toplantısı ərəfəsində vacib razılaşma əldə olundu
BRİCS toplantısı ərəfəsində vacib razılaşma əldə olundu23-10-2024, 12:12 |
Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Jian “Reuters” xəbər agentliyinə bildirib ki, Çin Hindistanla sərhəd münaqişəsinin həlli ilə bağlı qərara gəldiyini və həll yollarını həyata keçirməyə çalışacağını bildirib. Bundan əvvəl oxşar açıqlamanı Hindistanın xarici işlər naziri Subrahmanyam Cayşankar səsləndirib. O deyib ki, Hindistan Çinlə sərhəddə patrul fəaliyyətinin bərpa edilməsi ilə bağlı razılıq əsasında dörd ildir davam edən sərhəd qarşıdurmasına son qoyub. Subrahmanyam Cayşankar əldə edilən razılaşmanı sərhəd bölgələrində sülh və əmin-amanlıq üçün zəmin yaradacağına əmin olduğunu bildirib. Maraqlıdır ki, Pekin və Dehlidən barışığa yönəlik açıqlamalar Çin lideri Sin Cinpinin və Hindistanın baş naziri Narendra Modinin Rusiyanın Kazan şəhərində işə başlayan BRİCS sammitindən bir neçə gün əvvəl verilib. Hər iki lider sammit ərəfəsində müsbət nəticə əldə etməklə Kazanda ikitərəfli görüş üçün zəmin yaradıblar. Pekin və Dehli arasında münasibətlər 2020-ci ilin iyun ayında sərhəddə gərginlik və toqquşmalar nəticəsində gərginləşmişdi. Toqquşmalar nəticəsində hər iki tərəfdən itkilər qeydə alınmışdı. Tərəflər bir-birini sərhəd xəttini keçməkdə və razılaşmaları pozmaqda ittiham etmişdilər. İki ölkə arasında yeni razılaşma Hindistanla Çin arasında 4 ildir davam edən gərginliyi azaldacaq. İki ölkə arasında sərhədin uzunluğu 3488 kilometrdir. Müxtəlif illərdə sərhədin müəyyənləşməsiylə bağlı danışıqlar aparılsa da, nəticə əldə olunmayıb. Son razılaşma sərhədin müəyyənləşməsinə şərait yaratmasa da, birgə patrul xidməti tərəfləri gələcək toqquşmalardan qoruyacaq. Pekinlə Dehli arasında əldə edilən son razılaşma Kremlin maraqlarına uyğundur. Hindistan və Çin Rusiyanın da üzvü olduğu BRİCS və Şanxay Əməkdaşlıq Təşkilatının üzvüdürlər. Ukrayna müharibəsinə görə ABŞ və Avropa İttifaqı ilə münasibətləri gərginləşdirən Kreml bu iki təşkilatın güclənməsində maraqlıdır. Çinlə Hindistan arasında gərginlik davam edərkən BRİCS və Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində inteqrasiya prosesləri şübhə doğururdu. Dehli və Pekin razılaşma əldə etdikdən sonra isə BRİCS və Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində interqasiyanı gücləndirmək üçün yeni imkanlar açılacaq. “Atlas” Araşdırmalar Mərkəzi "DİA-AZ" Geri qayıt |