Əsas Səhifə > Dünya > Amerikalılar Trampa “hə” dedilər: Sürpriz, yoxsa gözlənilən nəticə?
Amerikalılar Trampa “hə” dedilər: Sürpriz, yoxsa gözlənilən nəticə?6-11-2024, 17:46 |
ABŞ-da keçirilən prezident seçkilərində Respublikaçılar Partiyasının namizədi Donald Tramp qalib olub. Tramp Demokratlar Partiyasından rəqibi Kamala Harrisi qabaqlayaraq növbəti ABŞ Prezidenti postuna sahib olub. Bu gün Tramp dövlət başçısı postu uğrunda keçirilən seçkilərdə qələbə qazandığını elan edib. Respublikaçıların namizədi Florida ştatındakı Mar-a-Laqodakı malikanəsində özünü ABŞ-ın 47-ci Prezidenti adlandırıb. “Bu, ölkəmizin indiyədək görmədiyi siyasi qələbədir”, - deyə Tramp bildirib. Amerikanın yeni lideri tərəfdarları qarşısında çıxış edərək ölkədəki vəziyyəti düzəltmək niyyətində olduğunu, qanunsuz miqrasiya və dövlət borcu problemlərini həll edəcəyini, həmçinin vergiləri azaldacağını deyib. Göstərdiyi dəstəyə görə amerikalılara təşəkkür edən Tramp həmçinin tərəfdarlarına, o cümlədən sahibkar İlon Maska, biznesmen Deyn Uayta və sonradan onun kampaniyasına qoşulan müstəqil namizəd Robert Kennediyə minnətdarlığını ifadə edib. Tramp eyni zamanda, respublikaçıların Senatda çoxluğu təmin etdiyini və Nümayəndələr Palatasına da nəzarəti əllərində saxlayacağını iddia edib. Trampın vitse-prezident postuna namizədi Cey Di Vens isə sabiq Prezidentin qələbəsinin “Amerika siyasəti tarixində ən heyrətamiz revanş” olduğunu vurğulayıb. Artıq dünya ölkələrinin liderləri Trampa qələbə münasibətilə təbrik məktubları ünvanlamaqdadırlar. ABŞ-dakı prezident seçkilərinin nəticələri ilə bağlı AYNA-nın suallarını cavablandıran “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib ki, Trampın qalibiyyəti sürpriz deyil: - Çünki Demokratlar Partiyası seçki kampaniyasına tez başlamışdı ki, bu da Prezident Co Baydenin kobud səhvi idi. Bayden yenidən namizəd olacağını açıqlamışdı ki, yaşının çoxluğu və xəstəliyi amerikalılar arasında suallar yaratmışdı. Tramp Baydenlə debatında faktiki olaraq Baydeni geridə qoymuşdu ki, bu da respublikaçıların namizədinin şanslarının çox olduğunu göstərirdi. Eyni zamanda, Trampa qarşı sui-qəsd cəhdi onun reytinqini yüksəltmişdi. Ekspertlərin bir çoxu bu hadisədən sonra deyirdilər ki, Tramp çox rahatlıqla Baydeni məğlub edəcək. Daha sonra Baydenin ətrafındakı şəxslər ona başa saldılar ki, bu reytinqlə namizəd olsan, uduzacaqsan. Sanki Bayden məcburi şəkildə namizədlikdən geri çəkildi və demokratlar Kamala Harrisin namizədliyini irəli sürdülər. Harrisin namizədliyi geciksə də, qısa müddətdə reytinq toplaya bilmişdi. Bəzi sorğuların nəticəsinə əsasən, Trampı qabaqlayırdı. Debatda da Harris müəyyən qədər üstünlük qazanmışdı. Amma bu faiz çox az idi. Demək olar ki, Trampla Harrisin şansları bərabər idi. Bu mənada, Trampın seçkilərdə qalib gəlməsi gözlənilməz deyil. - Məlumdur ki, seçkilərin nəticəsini “yelləncək” adlandırılan yeddi ştat müəyyənləşdirdi. Bu ştatlarda Trampın üstünlük qazanmasının səbəbi nədir? - “Yelləncək” ştatlarda demokratların namizədinin qalib gəlmə şansının daha çox olduğu proqnozlaşdırılırdı. Amma həmin ştatlarda Trampı seçmək sürpriz sayıla bilər. İlk dəfə deyil ki, Amerika seçki tarixində belə hal baş verir. Yaxın keçmişə nəzər salsaq görərik ki, seçkilərlə bağlı proqnozlar bəzən alt-üst olub. Məsələn, 2000-ci ildə vitse-prezident Albert Qor ilə Corc Buş arasında seçki yarışında Qor daha çox səs qazanmışdı. Amma nəticədə Buş seçildi. Bu da ABŞ-da qarışıq seçki sistemi ilə bağlıdır. Bu ölkədə vətəndaş birbaşa seçim etmir, nümayəndələri seçirlər, həmin nümayəndələr də prezidenti seçir. Hər ştatda da rəqəmlər fəqrlidir: bir ştatda nümayəndə 20 nəfər ola bilər, başqa bir ştatda 40, digərində 4 nəfər ola bilər. Əvvəldən də məlum idi ki, qızğın mübarizə “yelləncək” ştatlarda gedəcək. Proqnozlar var idi ki, həmin ştatlarda Trampın şansları aşağıdır. Amma bu proqnozlar özünü doğrultmadı. Nəzərə almaq lazımdır ki, 2016-cı ildə də Tramp qələbəsi ilə proqnozları alt-üst etmişdi. Həmin vaxt mübahisəli ştatlarda demokratların namizədi Hillari Klinton üstün görünürdü. Amma Tramp həmin seçkidə də qalib gəlmişdi. Demək olar ki, keçirilən sorğular həqiqəti əks etdirmir. Görünür, “yelləncək” ştatlar Trampa üstünlük verdi. Burada əsas məqam demokratların bir neçə səhvidir. Həmin səhvlər seçkinin nəticələrinə təsirsiz ötüşmədi. - Trampın ABŞ Prezidenti olması ilə dünya siyasətində nə dəyişəcək? - ABŞ xarici siyasətində müəyyən dəyişikliklər proqnozlaşdırılır. Tramp seçki kampaniyası zamanı bildirirdi ki, müharibələri, xüsusilə, Rusiya-Ukrayna müharibəsini qısa müddətdə, hətta bir-iki sutkaya bitirəcək. Proqnozlar da buna əsasən verilir. Əlbəttə, Harris seçilsəydi, Ukrayna ilə bağlı Bayden adminstrasiyasının siyasəti davam edəcəkdi. Trampın isə dediyim kimi, vədləri var. Görək cənab bu vədləri yerinə yetirəcəkmi?! Əslində bütün dünya üçün maraqlıdır ki, Tramp bu müharibə ilə bağlı vədini hansı formada yerinə yetirəcək? Düzdür, Tramp xarizmatik siyasətçidir, sözünün kəsəri var. Amma unutmaq olmaz ki, Amerikada “dərin dövlət” var və prosesləri müəyyənləşdirən də məhz o institutdur. “Dərin dövlət” Trampa imkan verəcəkmi ki, Rusiya ilə sıx əlaqə qursun, Ukraynanı pis vəziyyətdə qoysun, Putinin qələbəsini tanısın? Tramp xarici ölkələrlə mübarizədən çox ölkə daxilindəki qüvvələrlə mübarizə aparmalı olacaq. Dövlət Departamenti var, Pentaqon var, Mərkəzi Kəşfiyyat İdarəsi var, beyin mərkəzləri var ki, bu qurumlarda çalışanların çoxu ABŞ-ın Ukraynaya dəstəyinin davam etdirilməsini istəyirlər, Rusiya ilə münasibətlərin sıxlaşmasının isə əleyhinədirlər. Hesab edirəm ki, qarşıda maraqlı proseslərin şahidi olacağıq. - Trampın bizim bölgə ilə bağlı – Cənubi Qafqazla bağlı siyasəti nə vəd edir? - Cənubi Qafqazın əsas ölkəsi Azərbaycandır və Azərbaycan da öz problemini həll edib, ərazilərini işğaldan qurtarıb, suverenliyini bərpa edib. Trampın əvvəlki prezidentliyi dövründə ABŞ-Azərbaycan əlaqələri yaxşı idi. Amma unutmayaq ki, ABŞ Prezidenti öz ölkəsinin milli və təhlükəsizlik maraqlarından çıxış etməlidir. Amerikanın milli və təhlükəsizlik maraqları isə Cənubi Qafqazda Azərbaycanla da əməkdaşlığı tələb edir. Söhbət enerji sahəsində, təhlükəsizlik sahəsindəki əməkdaşlıqlardan gedir. Bu sahədə son vaxtlar soyuqluq yaranmışdı, amma hər halda Vaşinqtonun Bakıya münasibəti Parisinki qədər deyildi. Trampın seçilməsi ilə soyuqluğun aradan qalxması gözlənilir. Azərbaycan da maraqlı olmalıdır ki, ABŞ-da arada olan müəyyən suallar aradan qalxsın. Geri qayıt |