Əsas Səhifə > Dünya > Baxçalıdan tarixi prezidentlik açıqlaması
Baxçalıdan tarixi prezidentlik açıqlaması7-11-2024, 08:46 |
Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçalının konstitusiyada seçki qanunları ilə əlaqədar dəyişiklik edilməsi barədə çağırış edib. Baxçalı Rəcəb Tayyib Ərdoğanın yenidən prezident seçilməli oluğunu bildirib. Bir müddət öncə D.Baxçalı PKK lideri Abdulla Öcalanın İmralı həbsxanasından çıxarılıb TBMM-ə gətirilməsini, terrora son qoyması haqda bəyanat verməsini təklif etmişdi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da Baxçalının təklifini dəstəkləyib, bunu “tarixi fürsət” kimi dəyərləndirib. Globalinfo.az-a danışan türkiyəli politoloq Hüsaməddin İnaç deyib ki, D.Baxçalının bu təklifinin arxasında dayanan məqsəd Türkiyənin öz daxilində terror qruplaşmasını bitirmək və onlara kimin dəstək verdiyini aşkara çıxartmaq planının tərkib hissəsi idi: “Yəni Abdullah Öcalanın həbsdən çıxıb terror təşkilatını ləğv etdiyi ilə bağlı verəcəyi açıqlamaya kimlərin qarşı çıxacağı, yaxud da dəstək verəcəyi aşkara çıxacaq. Bunun nəticəsində daxili siyasəti yenidən təşkil etmək mümkün olacaq. Daxildə yaranan birlik sayəsində xarici təhdidlərə cavab vermək daha asanlaşacaq. Məlum olduğu kimi, DEM Partiyası PKK-nı dəstəkləyir, parlamentdə onun siyasi qoludur. Cümhuriyyət Xalq Partiyası (CHP) DEM partiyası ilə ittifaq halındadır. Bu ittifaq seçkilər zamanı özünü göstərdi. PKK-nın təsiri olduğu bölgələrdə terrorla əlaqəli insanlar bələdiyyə sədri seçildilər. Daha sonra isə terrora dəstək verən bələdiyyə rəhbərləri əyalət rəhbərləri ilə əvəz olundu. Bunun ən böyük səbəbi isə İsrailin Suriyada apardığı əməliyyatlardır. Belə ki, PKK-nın Suriya qolu olan YPG-PYD faktiki olaraq özünü İsrail əsgəri kimi aparır. Çünki İsraildən dəstək alır. Bu tezisi gündəmdən çıxartmaq üçün isə hazırda əlindən gələni edir. Təl- Əvivin əsas məqsədi Türkiyəni bölmək, parçalamaqdır. PKK Türkiyənin federal quruluşa malik ölkəyə çevrilməsini istəyir”. Politoloqun sözlərinə görə, dünya düzəninin yenidən qurulduğu bir vaxtda dövlətlər mövcudluqlarını qorumağa çalışırlar: “Türkiyə müxalifəti, xüsusən İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu kimi isimlər terror qrupları ilə daha çox əlaqə qururlar. Onlar ABŞ və İsraillə birlikdə siyasət yürüdərək, Türkiyə əleyhinə hər cür addımı atmağa hazır olan qüvvələrdir. Buna görə də Baxçalı ölkənin birliyini qorumaq üçün Rəcəb Tayyib Ərdoğanın növbəti dəfə prezident seçilməsinin vacib olduğunu düşünür. O səbəbdən konstitusiyada dəyişikliklərin aparılmasını və yenidən seçkilərin keçirilməsini zəruri hesab edir”. Geri qayıt |