Əsas Səhifə > Dünya > Ballistik raketdən istifadə: nüvə hücumu məşqi, yoxsa blef?
Ballistik raketdən istifadə: nüvə hücumu məşqi, yoxsa blef?Bu gün, 00:37 |
Noyabrın 21-də səhər saatlarında Rusiya başqa silahlarla yanaşı, Ukrayna üzərindən qitələrarası ballistik raket buraxaraq Dnepr şəhərinə hücum etdi. Bu, RS-26 “Rubej” olub, yoxsa başqa bir qitələrarası ballistik raket o qədər də vacib deyil. Hər halda belə silahdan istifadə ilk dəfə baş verib. Kimsə bunu artıq “nüvə hücumu məşqi” adlandırsa da, xatırlatmaq istəyirəm ki, istənilən raket nüvə yükü daşıya bilər. Bunun üçün qitələrarası olandan istifadə etmək lazım deyil. Nüvə yükü raketin yalnız ikinci döyüş başlığıdır. Ruslar niyə qitələrarası ballistik raketdən istifadə etdilər, bununla nə demək istəyirlər? Məncə, onların məqsədi bizə yox, tərəfdaşlarımıza, yəni ki, Qərbə daha çox təzyiq göstərməkdir. Ruslar nəyə qadir olduqlarını göstərmək istəyirlər. Xatırladım ki, Rusiya Prezidenti, əslində Rusiya diktatoru Vladimir Putin noyabrın 20-də nüvə doktrinasının dəyişdirilməsi ilə bağlı sənədə imza atdı. Putin təsdiq etdi ki, Ukraynanın tərəfdaşlarının silahlarından Rusiya Federasiyası ərazisinə qarşı istifadəyə cavab veriləcək. Kreml deyir ki, Ukraynaya silah verən ölkələri artıq münaqişə tərəfidirlər. Yəni söhbət istənilən tərəfdaşlardan gedir - həm ABŞ, həm də Avropadan. Xüsusilə, söhbət Fransa və Böyük Britaniyadan gedir. Axı Rusiyanın indi Ukraynaya atdığı ballistik raket ABŞ-a çatmayacaq. Rusiya göstərir ki, Ukraynanın Avropa İttifaqından olan tərəfdaşları dayanmasalar - silahlarının Rusiya Federasiyası ərazisində istifadəsinə icazə versələr, Ukraynaya uzaqmənzilli raketlərin verilməsini dayandırmasalar, o zaman bu ölkələrin bəzi şəhərlərini vuracaqlar. Bildiyimə görə, Rusiya qitələrarası ballistik raketi Həştərxandan atır. Raketin Kiyevə potensial yaxınlaşmasının sürətini və vaxtını nəzərə alsaq, belə bir raket, məsələn, Londona da çata bilər. Eyni zamanda, yadda saxlamaq lazımdır ki, onlar bu tip silahları, məsələn, Bryansk vilayətindən də ata bilərlər. Biz bilmirik ki, onlar uyğun qurğulardan harada istifadə edə bilərlər və bunu harada etməyə cəhd göstərərlər. Amma istənilən halda təkcə Ukraynanın bütün ərazisi deyil, demək olar ki, bütün Avropa təhlükə altında ola bilər. Nəhayət, bu gün Rusiyanın piar kampaniyasının əsas məqsədi Ukraynanın tərəfdaşlarını qorxutmaqdır. Bəs ruslar Avropada qitələrarası ballistik raketlərdən həqiqətən istifadə edəcəklərmi? Məncə, etməyəcəklər. Axı, bunun Rusiya üçün necə bitəcəyini yaxşı başa düşürlər. Bununla belə, ruslar daim qorxudurlar. Çünki bu, onların əsas siyasətidir. Müəllif: Aleksey Hetman: Rusiya-Ukrayna müharibəsi veteranı, ehtiyatda olan mayor Mənbə: UNİAN Tərcümə AYNA-ya məxsusdur Geri qayıt |