Əsas Səhifə > Dünya > Kanal kimin olacaq?
Kanal kimin olacaq?26-12-2024, 16:22 |
Ərazi iddiaları yenə gündəmdədir. Bu dəfə müxtəlif dövlətlərə qarşı ərazi iddiasında rolunda çıxış edən Amerika Birləşmiş Ştatlarıdır. Bu ölkənin yeni Prezidenti Donald Trampın iş başına keçmədən müxtəlif dövlətlərə qarşı ərazi iddiaları böyük narahatlıq yaradıb. Kanadanı ABŞ-ın 51-ci ştatına çevirəcəyini deyən Tramp Danimarkaya məxsus Qrenlandiyanı da ələ keçirəcəyini vurğulayıb. Tramp ötən prezidentliyi dövründə Qrenlandiyanı tələb etmişdi. Bu səbəbdən Danimarka-ABŞ münasibətləri gərginləşmişdi. Kanada və Danimarka rəsmiləri Trampın iddialarını rədd ediblər. Heç bir ölkə Amerikanın istəyi ilə ərazisindən imtina etməz. Trampın növbəti hədəfi Panama olub. Foto paylaşımında “ABŞ-a xoş gəldin, kanal” yazan Ağ Evin yeni sahibi bu dəfə Panama kanalına iddiasını ortaya qoyub. Tramp bu sürətlə getsə cənub qonşusu Meksikaya da ərazi iddiası irəli sürəcək. Onsuz da Amerika formalaşdığı illərdə Meksikadan xeyli ərazi qoparıb. Amerikanın ən böyük ştatı Texas vaxtilə Mekskiaya məxsus olub. 1920-ci ildə açılan Panama kanalını ABŞ inşa edib. Tikinti 10 il uzanıb və ağır şəraitdə aparılıb. Tikinti zamanı minlərlə insan həlak olub, bunların içərəsində ABŞ vətəndaşları da olub. Kanal uzun illər ABŞ mülkiyyətində olub, yalnız 1977-ci ildə imzalanan müqaviləyə görə, kanal 1999-cu ildə Panamaya təhvil verilib. Panama dövləti kanalının istifadəsinə görə, hər il milyardlarla dollar qazanır. Bu Panamanın dövlət büdcəsinin əsasını təşkil edir. Bu səbəbdən Trampın “kanal Amerikaya məxsus olacaq” iddiası Panamada narahatlıq doğurmaya bilməz. ABŞ-ın yeni Prezidenti kanalın Panamaya təhvil verilməsini Vaşinqtonun səhv qərarı adlandırıb. Ağ Evin gələcək sahibi Panama dövlətinin kanalının istifadəsinə görə ABŞ şirkətlərindən yüksək tariflər aldığını bildirib. Trampın iddiası Panama kanalından istifadə edən ölkələrin də narahatlığına səbəb olub. Misal üçün hazırda ABŞ-la Çin arasında ticarət müharibələri genişlənib. Pekin narahatdır ki, Panama kanalı ABŞ-ın nəzarətinə keçsə kanaldan istifadə edən Çin ticarət gəmilərinə yüksək tariflər tətbiq olunacaq və ya ümumiyyətlə keçidə məhdudiyyətlər qoyulacaq. Panama dövlətinin Çinlə sıx əlaqələri var. Bu amil Vaşinqtonu narahat edir. Panama dövləti Pekinin xahişi ilə Tayvanla bütün diplomatik əlaqələri kəsib. Buna cavab olaraq Çin Panama dövlətinə yatırımlar həyata keçirib. Çin Panama limanlarından birinin idarə edilməsinə 900 milyon dollar yatırım qoyub. Bundan başqa Çin kanal üzərindən körpü tikintisinə 1.5 milyard dollar xərcləyib. Çin ayrıca, Panama dövlətinə 2 milyard dollar həcmində humanitar yardım edib. Pekin bütün bu xərcləri ona görə həyata keçirib ki, Panama kanalından rahat istifadə edə bilsin, ticarət gəmiləri Çin məhsullarını zamanında son ünvana çatdırsın. Kanal ABŞ-ın nəzarətinə keçəcəyi halda bu Çin iqtisadiyyatına da mənfi təsir edəcək. Bu səbəbdən Pekin Panama dövləti ilə birgə Trampın kanalı sahiblənməsi səylərinə qarşı mübarizə aparacaq. “Atlas” Araşdırmalar Mərkəzi "DİA-AZ" Geri qayıt |