Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/dia-az.life/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/dia-az.life/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Dünya > Silah buraxıldı, təşkilat bitdimi?
Silah buraxıldı, təşkilat bitdimi?Bu gün, 06:17 |
![]() Türkiyə, ABŞ, Avropa İttifaqı və digər ölkələr tərəfindən terror təşkilatı kimi tanınan PKK və ya Kürdüstan Fəhlə Partiyası mayın 12-də özünü buraxdığını elan etdi. Bu qərar terror təşkilatının həbsdəki qurucusu Abdullah Öcalanın 27 fevral 2025-ci il tarixdə öz tərəfdarlarına ünvanladığı yazılı müraciətdə “silahı yerə qoyun” çağırışı əsasında verildi. Öcalanın adından yayılan müraciətdə “Bütün qruplar tərksilah olunmalı və PKK ləğv olunmalıdır. Mən silahı yerə qoymağa çağırıram və bu çağırışa görə tarixi məsuliyyəti öz üzərimə götürürəm” deyilirdi. Ardınca 1 mart 2025-ci ildə PKK terror təşkilatı atəşkəs elan etdiyini açıqladı və Öcalanın çağırışına cavab verərək qurultay keçirməyə hazır olduğunu bildirdi. Həm ayrı-ayrı rəsmi şəxslər, həm də siyasi ekspertlər bölgədəki geosiyasi vəziyyəti dəyişib 40 ildən artıq davam edən silahlı münaqişənin sona çatması, bölgədə sülhün bərqərar olmasına yön verəcək bu qərarı “tarixi an” adlandırırlar. Türkiyənin şərq və cənub-şərqini, İraqın şimalını, Suriyanın şimal-şərqini və İranın şimal-qərbini əhatə edən bölgədə "özünüidarə" qurmaq məqsədilə Abdullah Öcalan tərəfindən 27 noyabr 1978-ci ildə yaradılan, törətdiyi hücumlar, terror aktları nəticəsində 40 mindən çox insanın ölümünə səbəb olan təşkilatın bu qərarının bölgədə vəziyyəti hansı yöndə dəyişəcəyi bütün dünyanın diqqətindədir. Rəsmi Ankaradan da bəyanatla bağlı açıqlamalar verilib. Prezident Ərdoğan və xarici işlər naziri Hakan Fidanda açıqlamalarında PKK-nın özünü buraxma qərarının “Terrorsuz Türkiyə” prosesi üçün mühüm addım kimi qiymətləndiriblər. Bəzi ekspertlərə görə, bu, təşkilat tarixində nadir görülən bəyanat olsa da, keçmişdə atəşkəs və danışıqlar prosesi çərçivəsində oxşar açıqlamaların verildiyi, lakin nəticə vermədiyi də unudulmamalıdır. Məhz o səbəbdən həm Türkiyə mətbuatında, həm də təhlükəsizlik dairələrində mövzu ciddi şəkildə müzakirə olunur. Görünən odur ki, Ankara da PKK-nın hər hansı bəyanatına və dəyişiklik cəhdlərinə ehtiyatla yanaşır. Türkiyə üçün əsas məsələ yalnız bəyanatın verilməsi deyil, onun praktik nəticələridir. Yəni təşkilatın silahı buraxması, sərhədyanı bölgələrdəki varlığına son qoyması və əlaqəli qrupların da bu qərara tabe olması çox vacibdir. Xüsusilə Suriyanın şimalında fəaliyyət göstərən YPG və digər strukturların gələcək mövqeyi diqqətlə izlənir. PKK-nın özünü buraxdığını açıqlaması ümidverici başlanğıc sayılsa da, bəyanatın reallaşması üçün zaman lazımdır. Qeyd edək ki, PKK terror təşkilatı 1984-cü ildən bu yana həm Türkiyədə, həm də ümumilikdə bölgədə minlərlə günahsız insanın həyatına son qoyub. Silahlı hücumlar, xain pusqular, mina tələləri, intihar hücumları ilə bölgədə sabitliyə və birlik çağırışlarına qarşı çıxış edib. Təşkilat təkcə hərbi hədəflərlə kifayətlənməyib, məktəbləri, xəstəxanaları, mülki nəqliyyat vasitələrini də hədəf alıb. Gəncləri zorla silahlandırması və kəndlərdə məcburi köçlərə səbəb olması da beynəlxalq insan hüquqları təşkilatları tərəfindən dəfələrlə tənqid olunub. PKK-nın fəaliyyəti həm regionda, həm də beynəlxalq miqyasda terrorizmin açıq nümunəsi kimi tanınıb. Siyasi şərhçi Asif Nərimanlı Sherg.az-a deyib ki, PKK-nın rəsmən özünü ləğv etməsini Türkiyənin 40 ildən artıqdır davam edən terror probleminin həlli istiqamətində sonun başlanğıcı mərhələsinə keçid kimi qiymətləndirmək olar. Ekspertin fikrincə, burada üç nəticə xüsusilə önəmlidir: "Bu qərarla PKK-nın Türkiyə siyasətinə müdaxiləsinin aradan qalxdığını demək mümkündür. PKK üzərindən illərdir Türkiyəyə qarşı istifadə edilən rıçaqlar, tətbiq edilən planlar sıradan çıxır. PKK-nın dağ və şəhər qrupları arasındakı bağlantılar faktiki olaraq parçalanır və bu, qruplaşmanın sonunu sürətləndirəcək. Hərçənd, PKK-nın “silahı buraxmaq, özünü ləğv etmək” qərarının praktiki müstəvidə icrasının asan olmayacağı bəllidir. Hakan Fidan da bildirib ki, “təkcə silahın buraxılması ilə iş bitmir, qeyri-leqal qruplaşma da aradan qaldırılmalıdır”. Türkiyədə müzakirə edilən əsas məsələ də budur: PKK-nın rəsmən ləğv etmə qərarı praktiki müstəvidə necə icra ediləcək, silahların toplanması necə baş tutacaq? Müəyyən fikirlər, ehtimallar mövcuddur. Bura silahların Türkiyə ordusu tərəfindən toplanması, Qəndildəki rəhbərlərin üçüncü ölkəyə keçidi, hücumların icraçılarının məhkəmə qarşısına çıxarılması, dağa qaçırılan gənclərin əfv edilməsi və s. addımlar daxildir. Lakin PKK-nın tamamilə silahı buraxacağı, xüsusilə Qəndildəki rəhbərlərin “özünü ləğvetmə qərarına” tabe olacağı sual altındadır. Öcalanın ilk çağırışında da Qəndil rəhbərliyi terror aktı ilə müqavimət göstərmişdi. Qəndildə gizlənənlər, xüsusilə Murat Karayılan və Cəmil Bayıkın yenə müqavimət göstərəcəyi gözləntilər arasındadır". Analitik hesab edir ki, PKK-nın özünü ləğvetmə qərarının hadisələrin inkişafında hansı nəticələrlə müşahidə ediləcəyinə dair müəyyən təxminlər irəli sürmək mümkündür: "Karayılan və Bayık başda olmaqla Qəndil yeni hücumlarla qərarın praktiki icrasına mane olmağa çalışacaq. Lakin onlar da yeni reallıqla müqavimət imkanlarının azaldığını anlayırlar. Bu baxımdan, Qəndil rəhbərliyinin mümkün hücum cəhdləri öz şərtlərinin qəbul edilməsinə hesablana bilər. PKK-nın daxilindəki qruplaşmalar arasında qərara tabe olmaqdan boyun qaçıranlar, yaxud yenidən təşkilatlanmağa çalışanlar olacaq, KCK-nin ləğvetmə qərarına münasibəti bu kontekstdə diqqət çəkir. "Silahın buraxılması" prosesinə nəzarət edən Türkiyə hadisələrin inkişafını sürətləndirmək istiqamətində addımlar ata bilər". A.Nərimanlı yekun addım kimi Qəndildə əməliyyatın keçirilməsinin də mümkün variant olduğunu düşünür: "PKK-nın yenidən təşkilatlanması riskinə qarşı Qəndil rəhbərliyinin “sığındıqları” üçüncü ölkələrdə neytrallaşdırılması baş verə bilər. Bütün bunların fonunda PKK-nın arxasındakı ölkələrin ləğvetmə qərarının praktiki icrasına maneələr yaradacağı, Qəndil rəhbərliyinin müqavimətə sövq edəcəyi də istisna edilməməlidir. Lakin PKK-nın son qərarından sonra qruplaşmanın Türkiyəyə qarşı planlarda əvvəlki qədər effektiv olmayacağı və tədricən dağılma mərhələsinə keçəcəyi görünür". Geri qayıt |