Əsas Səhifə > Dünya > «Xilafət» İraq neftindən gündə 1 milyon dollar əldə edir
«Xilafət» İraq neftindən gündə 1 milyon dollar əldə edir12-07-2014, 12:27 |
«The Daily Telegraph» qəzetinin müxbiri Damien McElroy məlumat verir ki, İslam Dövləti təşkilatı zəbt etdiyi ərazilərdə çıxarılan nefti Türkiyə və İran vasitəsilə qaçaqmalı kimi bazara çıxarır. SU QİYMƏTİNƏ Neft sənayesi ekspertləri deyirlər ki, az əvvəl İraq və Şam İslam Dövləti (İŞİD) kimi tanınan cihadçı təşkilat Mosulun cənubundakı tankerlərin neftini az qala su qiymətinə - bareli 25 dollara satır. Məqalədə deyilir ki, İraqın Kürdüstan regionundakı araçılar sonradan bu nefti təkrar emal edərək daha qiymətli benzin və dizel yanacağına çevirir və yaxşı qazanc götürürlər. «Iraqi Oil Report» məcmuəsinin məlumatına görə, günü 1 milyon dollarlıq ticarət Kürdüstan regionu ilə həmsərhəd Tuz Xurmatu şəhərində cəmləşib. Neft tacirləri İslam Dövlətinin tanker karvanlarını məhz burda qəbul edirlər. İraqın neft təhlilçilərindən Shwan Zulal deyib ki, İslam Dövləti silah gücünə əldə etdiyi ərazidə ölkənin əsas neft mədənlərinə sahib olub. KƏRKÜK-CEYHAN BORU XƏTTİ XİLAFƏTİN NƏZARƏTİNDƏ Ötən ay cihadçıların Mosulu işğal etməsi onlara İraqın ən böyük Kərkük-Ceyhan kəmər xəttinə, həmçinin ölkənin ən mühüm neft emalı zavodlarından Baiciyə nəzarət imkanı verib. İslam Dövləti həmçinin Suriyanın Fərat Neft Şirkətinə aid mədənləri də ələ keçirdiyini bildirib. Şərhçilər bu qənaətdədirlər ki, yaranmış vəziyyət İslam Dövlətini genişləndirmək və möhkəmləndirmək üçün cihadçılara silahla yanaşı, neft ticarəti üstünlüyü də verəcək. Bir sıra başqa məlumatlara görə, cihadçılar zəbt etdikləri ərazilərdə yerli əhalini elektrik enerjisi ilə təmin etmək üçün nəhəng dizel generatorları quraşdırırlar. ŞİƏLƏRİN ÖZ NEFTİ Bu da qeyd edilir ki, İraqda neft ixracı Saddam Hussein devriləndən bəri ilk dəfə olaraq gündə 3 milyon barrel artıb və bu neft bazarlara ölkənin şiə cənubundakı mədənlərindən çıxarılır. Bu neft ixracı tamamilə Bağdad hökumətinin nəzarətində olsa da, şimalda zəbt etdiyi mədənlər sünni cihadçılara yerli əhalinin könlünü ələ almaq imkanı verib. «Maplecroft» şirkətinin İraqdakı risk təhlilçisi Jordan Perry deyir ki, indi İslam Dövləti «Həmas» təşkilatının cihadçı versiyası kimi özünütəsdiq imkanlarına malikdir. Təhlilçi xatırladır ki, «Həmas» da kommunal xidmətləri və sosial təminat proqramlarını tətbiq etməklə vaxtilə Qəzza zolağında nəzarəti ələ götürmüşdü. ƏN ZƏNGİN TERROR TƏŞKİLATI Onun fikrincə, İraqın şimalındakı neftdən günə 1 milyon dollar əldə edən İslam Dövləti təşkilatı indi artıq bir növ büdcə gəlirlərinə malik olacaq. Bu isə o deməkdir ki, yaraqlılar və şeyxlər onlara verilən pulun müqabilində Bağdadla bütün əlaqələrini kəsməyə hazır olacaqlar. Geri qayıt |