Əsas Səhifə > Dünya > Təyyarə düşən ərazidə Rusiya izləri
Təyyarə düşən ərazidə Rusiya izləri12-08-2015, 09:28 |
MH17 reysiylə uçan təyyarənin Şərqi Ukraynada qəzaya uğradığı ərazidə Rusiya raket sisteminin hissələri olduğu güman edilən qalıqlar tapılıb. ANS PRESS-in məlumatına görə, bu barədə iddianı qəzanı araşdıran təhqiqatçılar qaldırıblar. Hollandiyada yerləşən beynəlxalq təhqiqat qrupu bildirir ki, qalıqlar yer-göy tipli Buk kompleksinə aid ola bilər. Qrupun bəyanatına əsasən fraqmentlər “xüsusi maraq” doğurur və qəzaya kimin aidiyyatı olduğunu müəyyənləşdirə bilər. Lakin qrup aşkar edilmiş qalıqlarla qəza arasında bilavasitə əlaqənin olduğunu hələ ki, təsdiqləməyib. MH17 reysi rusiyapərəst qüvvələrin nəzarətində olan Ukraynanın şərqindəki ərazi üzərində ötən ilin iyul ayında qəzaya uğrayıb. Qəza nəticəsində Amsterdamdan Kuala Lumpura uçan Boeing 777 təyyarəsinin göyərtəsində olan 298 adamın hamısı həlak olub. Ukrayna, ABŞ və bir sıra Qərb ölkələri rusiyapərəst qüvvələri təyyarəni vurmaqda ittiham edirlər. Moskva və rusiyapərəst üsyançılar ittihamları rədd edərək hadisədə Ukrayna hərbçilərini təqsirləndirirlər. Qəzanı araşdıran Beynəlxalq təhqiqat qrupuna Hollandiya, Ukrayna, Malayziya, Avstraliya, Britaniya, ABŞ və Rusiya nümayəndələri daxildir. Hazırda Haaqada toplaşan qrupun üzvləri qəzanın səbəblərilə bağlı hesabatın layihəsini müzakirə edirlər. Sənədin yekun versiyasının oktyabr ayında açıqlanacağı gözlənilir. Geri qayıt |