Əsas Səhifə > Dünya > Fidel Kastro ABŞ-dan milyonlarla dollar istəyir

Fidel Kastro ABŞ-dan milyonlarla dollar istəyir


14-08-2015, 10:13
Fidel Kastro ABŞ-dan milyonlarla dollar istəyir
Kuba inqilabının lideri Fidel Kastro Amerika Birləşmiş Ştatları (ABŞ) haqqında yeni iddia irəli sürüb. O deyib ki, Vaşinqton indiyədək Kubaya tətbiq etdiyi sanksiyalara görə Havanaya ciddi zərbələr vurub və bu zərər üçün milyonlarla dollar ödəməlidir.

ANS PRESS-in məlumatına görə, Kuba lideri bunu 89 illik yubileyi münasibətilə ölkə mətbuatına verdiyi müsahibəsində bildirib.

Onun sözlərinə görə, Kuba dərisinin rəngindən asılı olmayaraq dünyada yaşayan bütün insanların və planetin hər bir sakininin rifahı üçün mübarizəsini davam etdirəcək.

O, səhiyyə, təhsil, mədəniyyət, elm, kənd təsərrüfatı, təhlükəsizlik və digər sahələrdə çalışan vətəndaşlara əmin-amanlıq içində, bərabər hüquq çərçivəsində yaşamağı arzulayıb.

Bu arada ABŞ-ın dövlət katibi Con Kerrinin avqustun 14-də Kubaya səfəri planlaşdırılıb. O, ölkəsinin Havanadakı səfirliyi binasının üstündə ABŞ bayrağını qaldıracaq. Bu, 1945-ci ildən bəri Amerika xarici siyasət idarəsi başçısı tərəfindən Azadlıq Adasına edilən ilk səfər kimi tarixə düşəcək.

ABŞ və Kuba 2013-cü ilin ikinci yarısında iki ölkə arasındakı münasibətlərin bərpası haqqında gizli danışıqlara başlayıb. ABŞ və Kuba liderləri
Barak Obama və Raul Kastro 2014-cü il dekabrın 17-də əlaqələrin bərpa olunması barədə niyyətlərini açıqlayıblar. Bundan sonra bu məsələ ilə bağlı Havanada və Vaşinqtonda bir neçə görüş baş tutub. İkitərəfli münasibətlərin bərpasına yönəldilmiş addımlardan biri kimi Barak Obama bu il aprelin 14-də ABŞ özünün terrorizmin dövlət səviyyəsində maliyyələşdirilməsi siyahısından Kubanın adını çıxarıb.

Geri qayıt