Əsas Səhifə > Dünya > Çin "Şərqi Türkistan"ı məhv etmək üçün kömək istəyir

Çin "Şərqi Türkistan"ı məhv etmək üçün kömək istəyir


15-08-2015, 10:57
Çin "Şərqi Türkistan"ı məhv etmək üçün kömək istəyir
Çin Xalq Respublikası (ÇXR) "Şərqi Türkistan" döyüşçüləri ilə mübarizədə ABŞ-ın ona kömək göstərməsini istəyir.

ANS PRESS-in məlumatına görə, rəsmi Pekin Sinszyan-Uyğur muxtar rayonunda fəaliyyət göstərən "Şərqi Türkistanın İslam Hərəkatı" terrorçuları ilə mübarizədə dəstək üçün ABŞ-a müraciət edib.

Bu barədə Koreya Xalq Respublikasının (KXR) Xarici İşlər Nazirliyinin yaydığı xəbərdə deyilir. Bildirilir ki, onlar beynəlxalq cəmiyyət üçün ciddi təhlükə, təhdid mənbəyidir.

Pekində terrorçuluğa qarşı mübarizədə Çin-Amerika məsləhətləşməsi keçirilib, əsas müzakirə mövzusu terrorçuluq olub. Görüşdə iştirak edən Çinin xarici işlər nazirinin müavini Çen Qopin, ABŞ Dövlət Departamentinin terrorçuluqla mübarizə üzrə bölmənin koordinatoru Tina Kaydanov çıxış ediblər.

KXR XİN-nin bəyanatında deyilir: "Çin tərəfi təhlükənin ciddiliyini vurğulayıb, "Şərqi Türkistan İslam Hərəkəti" və "Şərqi Türkistan" terror təşkilatları Çin, ABŞ və bütün beynəlxalq cəmiyyət üçün qorxulu olduğunu bildirib. Bu təşkilatlara qarşı mübarizə aparmaq üçün möhkəm dəstəyə və köməyə ehtiyac duyulduğunu söyləyib və "Şərqi Türkistan" qüvvələri ilə mübarizədə kömək üçün ABŞ tərəfinə müraciət edib."

Çin hakimiyyətinin məlumatına görə, "Şərqi Türkistan" terror təşkilatı Sintszyan-Uyğur muxtar rayonu ərazisində fəaliyyət göstərir. Pekin onların beynəlxalq terror təşkilatları, xüsusilə "əl-Qaidə" ilə əlaqədə olmasından şübhələnir. KİV-lərdə bildirildiyi kimi, "Şərqi Türkistan" öz sıralarına yerli uyğurları cəlb edir, onları Suriyada və İraqda ekstremistlərin hazırlıq düşərgələrinə göndərir.

Tərəflərin məsləhətləşmələri zamanı dünyada və regionda vəziyyət barədə fikir mübadiləsi aparılıb. Hər iki tərəf hesab edir ki, terrorçuluq təhlükəsi hər gün daha da mürəkkəbləşir. Çin və ABŞ terrorçuluqla mübarizədə ikitərəfli və çoxtərəfli əməkdaşlığın möhkəmləndirilməsinə dair razılığa gəlibilər. Sənəddə deyilir ki, bu vəziyyət iki ölkənin maraqlarına cavab vermir, beynəlxalq və regional təhlükəsizliyin, sabitliyin təminatı üçün çox əhəmiyyətlidir.

Çində son illər ərzində bir neçə güclü terror aktı olub. 2013-cü ilin martında Kunmin şəhərində 8 silahlı gözləmə zalında və vağzalın kassasında sərnişinlərə hücum edib, 29 insan həlak olub, 130-dan çox insan yaralanıb.

Ötən ilin mayında Urumçi şəhər bazarında iki avtomobil camaatın üzərinə şığıyıb və sonra naməlum adamlar partlayıcı maddələr atıblar. Terror aktı nəticəsində 39 insan həlak olub, 94 nəfər yaralanıb.

Ümumiyyətlə, Çinin Şərqi Türkistan bölgəsində baş verən hadisələr bütün türk dünyasında böyük nigarançılıq yaradıb. Ötən illərdə olduğu kimi, bu il də müqəddəs Ramazan ayını qeyd etmək uyğur türklərinə qadağan olundu. Belə ki, Ramazan boyunca bölgədə yaşayan, dövlət strukturunda işləyənlər, müəllim və tələbələr oruc tuta, namaz qıla və yaxud məscidlərə gedə bilmədilər. Qadağanı pozan uyğurlar Çin polisi tərəfindən təqib edilir, hətta qətlə yetirilir. Bu səbəblə 2015-ci ilin iyul ayında 28 uyğur türki qətlə yetirilib. Bir çox hallarda qanlı olaylar terrorla mübarizə maskası altında həyata keçirilib. Bir sözlə, Çində uyğur türklərinə qarşı soyqırım siyasəti həyata keçirməkdən çəkinmirlər.

Uyğur xalqı tarix boyu öz müstəqilliyi uğrunda mübarizə aparıb. Bir neçə il bundan əvvəl ABŞ-da uyğur mühacirləri “Doğu Türkistan” dövləti yaradıblar. Ölkədən çıxmağa məcbur olan uyğur gəncləri daha çox Yaponiyaya üz tuturlar. Yaponiya uyğurları qəbul edir və onlara yardım göstərir. Tokioda müxtəlif vaxtlarda minlərə insanın iştirakı ilə Doğu Türkistandakı “Çin vəhşiliyi”nə qarşı etiraz aksiyaları keçirilir. Türkiyə və Azərbaycan da türk xalqı olaraq bu cür etiraz aksiyasına qoşulub. Bu il iyulun 1-də Bakıda Çinin Azərbaycandakı səfirliyinin qarşısında Milliyyətçi Gənclər Təşkilatı (MGT) tərəfindən Şərqi Türkistanda baş verən hadisələrə etiraz olaraq aksiya keçirilib.

Geri qayıt