Əsas Səhifə > Dünya > Moskvada ilginc buluşma
Moskvada ilginc buluşma21-09-2015, 09:28 |
Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 23-də Moskvaya səfər edəcək. Xəbər verildiyi kimi, bu barədə ötən həftəsonu Rusiya mətbuatı məlumat yayıb. Prezident Əliyev həmin tarixdə - mübarək Qurban bayramına bir gün qalmış Moskvada, Sülh prospektindəki yeni Cümə məscidinin açılış mərasiminə qatılacaq. Rusiya Müftiləri Şurasının sədri şeyx Ravil Qaynutdinin mətbuata bildirdiyinə görə, mərasimdə Rusiya prezidenti Vladimir Putin, din xadimləri, həmçinin, Azərbaycan, Fələstin, İordaniya, Qatar, Küveyt, Səudiyyə Ərəbistanı, Türkiyə, İran, Qazaxıstan, Türkmənistan, Qırğızıstan, Tacikistan və Özbəkistan dövlət başçıları iştirak edəcək. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın da Rusiyaya səfər edəcəyi artıq dəqiqləşib. “Sentyabrın 23-də Moskvada prezident Vladimir Putin, Rəcəb Tayyip Ərdoğan və Fələstin Milli Administrasiyasının başçısı Mahmud Abbasın görüşü olacaq”. Bunu Kremlin mətbuat katibi Dmitri Peskov söyləyib. “Türkiyə prezidenti Moskvada məscidin açılış törənində iştirak edəcək. Həmçinin, onun prezident Putinlə görüşü də nəzərdə tutulub. Biz Mahmud Abbasın da mərasimdə iştirakını gözləyirik. Onunla Vladimir Putin ayrıca danışıqlar aparacaq”, - deyə Peskov qeyd edib. *** İlk baxışda belə təəssürat yarana bilər ki, Putin müsəlman dünyasının ən önəmli dövlətlərinin başçılarını Moskvaya dəvət eləməklə “mini-sammit” düzənləyib bir növ Rusiyanın təklənmədiyini göstərmək istəyir, Qərbə hətta güc nümayiş etdirir. Ancaq mübarək Qurban bayramı günlərinə təsadüf edəcək qarşıdakı mərasim və görüşlər, bizcə, ən çox üç ölkənin - Azərbaycan, Türkiyə və Rusiya prezidentlərinin bir araya gəlməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Ona görə ki, şimal qonşumuzun məhz bu iki türk dövləti ilə əlaqələri hazırda ən çox aktuallıq kəsb edir və həssasiyyətə malikdir. Yada salaq ki, İlham Əliyev, Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında sonuncu dəfə ikili-üçlü formatda təmaslar Bakıda - I Avropa Oyunlarının açılışı çərçivəsində baş tutmuşdu. Ümumiyyətlə, son zamanlar üç paytaxt arasında əlaqələrdə bir dinamizm müşahidə edilir ki, bu da öncəliklə bölgənin taleyinə həlledici təsirə malik yeni təhlükəli proseslərin vüsət alması ilə, qlobal terror təhlükəsinin üç dövlətin sərhədlərinə yaxınlaşması ilə, nəhayət hər üç ölkənin Qərblə münasibətlərinin bu və ya digər dərəcədə problemli fazaya adlaması ilə bağlıdır. Əlbəttə, Qərblə mürəkkəb münasibətlər Moskvaya Bakı və Ankaraya yaxınlaşmaq üçün fürsət verir və üstünlük yaradır. Ancaq Bakı və Ankara da boşuna rəsmi Kremlə yaxınlaşmaq istəmir, Moskvadan bunun müqabilində konkret dividendlər umur, nəzərə alır ki, bu gün Rusiyaya Azərbaycan və Türkiyə daha çox gərəkdi, nəinki əksinə. Təbii ki, ikitərəfli qarşılıqlı münasibətlərə aid həllini gözləyən problemlər də qalır. Bu və digər regional, qlobal xarakterli məsələlərin bir daha və effektli müzakirəsi uçun, obrazlı desək, “saatları Kremllə tutuşdurmaq” üçün Moskva təmasları yaxşı platforma rolu oynaya bilərdi - bir şərtlə ki, Moskva “nəsə verməyi” bacarsın və imperiya ambisiyalarını müvəqqəti də olsa, rəfə qoysun. *** Söz yox ki, qardaş Türkiyənin üzləşdiyi hazırkı qəliz vəziyyətə rəğmən, Ərdoğanın Rusiyaya yollanmaq qərarına gəlməsi Moskva səfərinə verilən önəmdən və konkret gündəlikdən xəbər verir. Yəni söhbət sadəcə, yeni məscidin açılış törəninə qatılmaq kimi bir ayindən getmir - “Allah evi” sadəcə, bir vəsilədir. Kreml və Ankara arasında isə hazırda iki ən mühüm, həllini gözləyən problem var - “Türk axını”nın taleyi və Suriya (Bəşər Əsəd) məsələsində diametral fikir ayrılığı. Hər ikisi geosiyasi amillərlə yetərincə qəlizləşən məsələlərdir. Hərçənd, ikinci halda - iqtisadi sferada Moskva və Ankaranın əməkdaşlıq və anlaşma potensialı qat-qat böyük görünür. İqtisadi, energetik sahələrdə bağlılıq isə gec-tez siyasi bağlılığa gətirir. Şübhə yox ki, bu iki məsələdə hansısa pozitiv irəliləyiş və yaxud fikir ortaqlığı Dağlıq Qarabağ probleminin həll perspektivinə, demək, həm də Rusiyanın Azərbaycanla əlaqələrinin gələcəyinə pozitiv təsirini göstərə, yaxud bu əlaqələr üçün daha münbit zəmin yarada bilər. Üç qonşu ölkənin ortaq maraqlarının olduğu da nəzərə alınarsa, prezidentlərin ikitərəfli formatla yanaşı, “üçlü format”da görüşəcəkləri istisna deyil. Ötən həftə Türkiyənin yeni xarici işlər naziri Firudin Sinirlioğlunun Bakı-Soçi marşrutu üzrə Azərbaycan rəhbərliyi və Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşü bu xüsusda təsadüfi sayıla bilməz və analitiklərə görə, həm də prezidentlərin Moskva görüşünü daha məhsuldar və məzmunlu etməyə yönəlib. *** Azərbaycanla bağlı da Kremlin iki mühüm gözləntisi var: 1. Azərbaycanın Avrasiya İqtisadi Birliyinə üzvlüyü və 2. Dağlıq Qarabağa Rusiya sülhməramlı qüvvələrinin yerləşdirilməsi. Bu yerdə yada salaq ki, ABŞ-ın nüfuzlu “Stratfor” analitik mərkəzinin ekspertləri ikinci məsələ ilə bağlı Bakı və Moskvanın az qala, ilkin anlaşma içində olduğunu, Moskvanın Qafqaz siyasətinin artıq dəyişdiyini və tezliklə Dağlıq Qarabağ ətrafında status-kvonun da dəyişəcəyini qeyd ediblər. Təbii ki, hər iki məsələdə, xüsusən də sülhməramlılar məsələsində Bakı ilə yanaşı, ikinci sırada Ankaranın “dobro”sunu da almaq gərəkdir. Bakının razılığı üçün əsas şərti çoxdan bəllidir - Qarabağ məsələsində real irəliləyiş, erməni işğalçı qüvvələrinin Azərbaycan ərazilərindən çıxarılması. “Türk axını” isə TANAP və TAP-a müəyyən mənada alternativ sayıldığından Türkiyə-Rusiya qaz anlaşması üçün də Ankara istər-istəməz Bakının “xeyir-duası”nı almaq zorundadır. Sadalanan səbəblərdən təkcə Ermənistan deyil, həm də Qərb və NATO tərəfindən üç paytaxt arasında ikili və üçlü format üzrə növbəti müzakirələrin diqqət və narahatlıqla izlənəcəyi dəqiqdir. Axı söhbət onların da köklü maraqlarına təhlükələrdən gedir. O ki qaldı, təcavüzkar Ermənistana, heç də pis olmazdı ki, Qurban bayramı günlərində Moskva Ermənistanı nə vaxtsa qurbanlıq edə biləcəyi barədə bir anons edəydi. Türkiyə və Azərbaycanı həmişəlik qazanmaq qarşılığında, bizcə, heç də böyük itki olmazdı. Siyasət şöbəsi Geri qayıt |