Əsas Səhifə > Dünya > AKP Azərbaycanda da ən çox səs toplayan partiya oldu

AKP Azərbaycanda da ən çox səs toplayan partiya oldu


2-11-2015, 08:53
AKP Azərbaycanda da ən çox səs toplayan partiya oldu
Ötən gün Türkiyədə keçirilən növbədən kənar parlament seçkisinin ilkin nəticələri açıqlandıqdan sonra bu ölkənin xaricdəki səfirliklərində və konsulluqlarında verilən səslərin də nisbəti açıqlanıb. ANS PRESS-in məlumatına görə, bu barədə nəticələri Türkiyənin yarı-rəsmi “Anadolu” xəbər agentliyi açıqlayıb. Bu nəticələrə görə, Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) Azərbaycanda da ən çox səs toplayan partiya olub.

Bildirilir ki, AKP 34.80%-lə 1 053, Cümhuriyyət Xalq Partiyası (CHP) 30.73%-lə 930, Milliyətçi Hərəkat Partiyası (MHP) 13.38%-lə 405, Xalqların Demokratiya Partiyası (HDP) 18.77%-lə 568 səs toplayıb.

Ən qəribə nəticə isə Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) və İranda qeydə alınıb. Belə ki, BƏƏ-də yaşayan Türkiyə vətəndaşlarının 63.29%-i yəni 150 nəfər, İranda yaşayan türklərin isə 37.92%-i yəni 91 nəfər CHP-ni dəstəkləyərək AKP-ni qabaqlayıb.

Ötən gün Türkiyədə növbədən kənar parlament seçkisi keçirilib. Qeyri-rəsmi nəticələrə görə, bu seçkinin qalibi 49.5% səs çoxluğu ilə AKP olub. AKP-nin xaricində daha 3 partiya da öz seçicisini Türkiyə Böyük Millət Məclisində təmsil edəcək.

Türkiyədə iyunun 7-də parlament seçkisi keçirilmişdi. Parlamentə girməyə müvəffəq olan 4 siyasi partiyanın heç biri tək başına hökumət quracaq qədər millət vəkili əldə etməyib. 550 yerli Türkiyə Böyük Millət Məclisinə AKP 258, CHP 132, MHP və HDP hər biri 80 millət vəkili ilə daxil olmuşdu. Təkbaşına hökumət qurmaq üçün bir partiyanın 276 millət vəkilinə ehtiyacı olsa da ölkədə koalisiya hökuməti qurulması barədə başlayan müzakirələr nəticəsiz qalmışdı.

Bundan sonra ölkədə növbədən kənar parlament seçkisi keçirilməsinə qərar verilmişdi.

Geri qayıt