Əsas Səhifə > Dünya, Güney Press > Mədinə polisi AKP-liləri həbs etdi

Mədinə polisi AKP-liləri həbs etdi


3-11-2015, 08:51
Mədinə polisi AKP-liləri həbs etdi
Türkiyədə bazar günü keçirilən növbədən kənar parlament seçkisindən hakim Ədalət və İnkişaf Partiyasının (AKP) zəfərlə çıxmasını Səudiyyə Ərəbistanının Mədinə şəhərindəki bir qrup türk özlərinə məxsus formada qeyd etməyə çalışıb. ANS PRESS-in məlumatına görə, 13 nəfər Türkiyə vətəndaşı AKP-nin qələbəsi münasibəti ilə “Uhud” şəhidlər xiyabanından Mədinə ətrafı yola qədər yürüş ediblər.

Hər hansı bir insident qeydə alınmasa da aksiyaçılar dağılışmaq istəyəndə Mədinə polisi onları saxlayaraq nəzarətə götürüb. Bazar gecəsi yerli vaxtla saat 00.00-da saxlanılan aksiyaçılar 17 saat polis nəzarətində qalıblar. Onlar ancaq Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Səud rəsmilərinə vurduğu telefon zəngindən sonra azadlığa buraxılıblar.

Noyabrın 1-də Türkiyədə növbədən kənar parlament seçkisi keçirilib. Qeyri-rəsmi nəticələrə görə, bu seçkinin qalibi 49.6% səs çoxluğu ilə AKP olub. AKP-nin xaricində daha 3 partiya da öz seçicisini Türkiyə Böyük Millət Məclisində təmsil edəcək.

Məlumata görə, 49.6% səs toplayaraq seşkinin qalibi olan hakim Ədalət və İnkişaf Partiyası (AKP) TBMM-də 317 stula sahibdir. Onun ən yaxın rəqibi olan və 25% səslə anamüxalifətdəki mövqeyini qoruyan Cümhuriyyət Xalq Partiyası (CHP) parlamentdə 134 yerin sahibi olub. Bozqurdların siyasi təmsilçisi olan Milliyətçi Hərəkat Partiyası (MHP) bu seçkidə öz dəstəyini qismən itirib. Ötən seçkidə 80 yerə sahib olan MHP bu dəfə 11.7%-lə sadəcə 40 yer əldə edib. Separatçı kürdlərin siyasi təmsilçisi olan Xalqların Demokratiya Partiyası (HDP) da geriləyib. Seçicinin 10.9 faizinin dəstəyi ilə bariyeri kiçik bir fərqlə keçən HDP TBMM-də separatçıları 59 millət vəkili ilə təmsil edəcək.

Türkiyədə iyunun 7-də parlament seçkisi keçirilmişdi. Parlamentə girməyə müvəffəq olan 4 siyasi partiyanın heç biri tək başına hökumət quracaq qədər millət vəkili əldə etməyib. 550 yerli Türkiyə Böyük Millət Məclisinə AKP 258, CHP 132, MHP və HDP hər biri 80 millət vəkili ilə daxil olmuşdu. Təkbaşına hökumət qurmaq üçün bir partiyanın 276 millət vəkilinə ehtiyacı olsa da ölkədə koalisiya hökuməti qurulması barədə başlayan müzakirələr nəticəsiz qalmışdı. Bundan sonra ölkədə növbədən kənar parlament seçkisi keçirilməsinə qərar verilmişdi.

Geri qayıt