Əsas Səhifə > Dünya > Ərdoğan kralla razılığa gəldi
Ərdoğan kralla razılığa gəldi30-12-2015, 09:21 |
Səudiyyə Ərəbstanı ilə iki tərəfli əlaqələri gücləndirmək məqsədilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu ölkəyə iki günlük rəsmi səfər edib. Ərdoğan və onu müşayiət edən böyük nümayəndə heyəti kral Salman tərəfindən “Əl Yamama” sarayında qarşılanıb. Salamlaşma və nazirlərin təqdimatından sonra Türkiyə lideri, kral Salmanın təşkil etdiyi nahar süfrəsinə dəvət olunub. Ərdoğan Səduiyyə Ərəbstanına xarici işlər naziri Mevlut Çavuşoğlu, iqtisadiyyat naziri Mustafa Elitaş, energetika və təbii resurslar naziri Bərat Albayraq daxil olmaqla geniş tərkibli heyətlə gedib. Bağlı qapılar arxasında keçiriləcək görüşlərdə əsas müzakirə mövzusunun Suriyada davam edən vətəndaş müharibəsi olacağı bildirilir. Türkiyə və Səudiyyə Ərəbstanı, Bəşər Əsəd rejiminə qarşı savaşan Qərbyönümlü üsyançıların əsas dəstəkçiləri hesab olunur. Səudiyyə Ərəbstana yola düşməzdən əvvəl jurnalistlərə verdiyi açıqlamada Ərdoğan Suriya prezidentini “acımadan” yüz minlərlə insanı qətlə yetirməkdə ittiham edib və Rusiyanın Əsəd rejiminə dəstək olmasını pisləyib. “ 400 min günahsız insanı kimyavi və ənənəvi silahlarla qətlə yetirmiş rejimi dəstəkləməklə heç yerə getmək olmaz” deyə Ərdoğan bildirib. Bu 2015-ci ildə Ərdoğanın Ər-Riyada sayca 3-cü səfəridir. İlk görüşlərdən sonra Türkiyənin xarici işlər naziri Çavuşoğlu Riyadda səudiyyəli həmkarı ilə jurnalistlər üçün brifinq keçirib. Nazirlər prezident Ərdoğanla kral Salman arasında aparılan danışıqların konstruktiv, məhsuldar və pozitiv olduğunu vurğulayıb. Birgə mətbuat konfransında iki liderin Səudiyyə Ərəbstanı-Türkiyə arasında yüksək səviyyəli strateji əməkdaşlı şurasını yaratmaq barədə ilkin razılığa gəldikləri bildirilib. Regionda sabitliyin, təhlükəsizliyin və əmin-amanlığın təmin olunması üçün güclü əlaqələrin qurulması vacib hesab olunub. Türkiyəli xarici işlər naziri Mevlut Çavuşoğlu iki ölkənin Suriya ilə bağlı mövqeyinin üst-üstə düşdüyünü vurğulayıb. Türkiyəli ali diplomat Suriya böhranını çözümünün yeganə yolunun danışıqlar masasından keçdiyini diqqətə çatdırıb və Suriyanın müharibəsiz gələcəyində Bəşər Əsədə yer olmadığını bildirib. Moskva ilə pisləşən münasibətlərə də toxunan Çavuşoğlu, Türkiyənin heç kimlə münasibətləri gərginləşdirməyə çalışmadığını vurğulayıb və Rusiyanın Suriyada həqiqətən dediyi kimi yalnız İŞİD kimi terrorçu qruplaşmalar qarşı mübarizə apardığı təqdirdə, Ankaranın Rusiyanın bu əməliyyatlarını dəstəklədiyini bildirib. “Biz bunun belə olmasını istəməzdik. Ama biz əvvəldən bəri bütün görüşlərdə və açıqlamalarımızda Suriyada qatil Əsəd rejimiylə mücadilə edən müxalifyönümlü qüvvələrə edilən hücumları gündəmə gətirdik və bunu qınadıq. Son zamanlar Rusiyanın müxalifətçilərə etdiyi hücumları gündəmə gətirdik və bu hücumların nəticəsində xeyli uşaqların ,qadınların həyatını itirdiyini bəyan etdik.” Geri qayıt |