Əsas Səhifə > Dünya > “Qazpromla danışıqlar bizim üçün çox önəmlidir, biz onlarla birinci il deyil ki əlaqədəyik"

“Qazpromla danışıqlar bizim üçün çox önəmlidir, biz onlarla birinci il deyil ki əlaqədəyik"


12-01-2016, 09:17
“Qazpromla danışıqlar bizim üçün çox önəmlidir, biz onlarla birinci il deyil ki əlaqədəyik"
Gürcüstanın enerji naziri Kaxa Kaladze “Qazprom”la gizli danışıqlar aparması ilə bağlı yerli ekspertlərin iddialarına cavab verib. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, gürcü nazir danışıqların məzmununu açıqlayıb.

“Qazpromla danışıqlar bizim üçün çox önəmlidir. Biz onlarla birinci il deyil ki əlaqədəyik. Hər il razılaşma gözdən keçirilir, sadəcə bu dəfə şərtlərin dəyişdirilməsi məsələsinə baxılır. Belə ki, istəyimiz bundan ibarətdir ki, “Qazprom” Ermənistana satdığı qaza görə bizə ödədiyi 10%-lik təbii qazı nağd pulla əvəz etsin. Artıq bir neçə görüş keçirilib, lakin yekun razılaşma əldə edilməyib.” – deyə Gürcüstanın Energetika naziri Kaxa Kaladze bildirib.

Kaxa Kaladze ekspertlərin “Qazpromla” danışıqlar barədə doğru informasiyalar yaymadıqlarını deyib. O, istənilən eksperti energetika nazirliyində şəxsən qəbul edib görüşlərin detalları barədə məlumat verə biləcəyini deyib. Onun bu açıqlamasına artıq reaksiya gəlib və beynəlxalq məsələlər üzrə şərhçi Tornike Şaraşenidze nazirlə görüşərək Gürcüstan – “Qazprom” görüşlərinin detallarını öyrənmək istədiyini bildirib.

Görüşlər barədə İqtisadiyyat naziri Dmitri Kumsişvili də fikirlərini bölüşüb: “Hazırkı danışıqlar bir tərəfdən texniki xarakter daşıyır, belə ki “Qazprom” Gürcüstandan, Ermənistana təbii qazın nəqlində istifadə edir. Təbii ki, bunun üçün “Qazprom”un müəyyən maliyyə öhdəlikləri var. Görüşlərdə tranzit məsələsi ilə yanaşı digər texniki detallar da müzakirə edilir.” – deyə Gürcüstanın İqtisadiyyat naziri Dmitri Kumsişvili qeyd edib.

Ölkənin aparıcı müxalifət partiyası Vahid Milli Hərəkatın rəhbərləri isə Energetika nazirliyinin “Qazprom”la apardığı danışıqları ictimaiyyətə açıqlamayacağı halda iri miqyaslı mitinqlərə başlayacaqlarını deyiblər.

Geri qayıt