Əsas Səhifə > Dünya > Ərdoğan tərəfdarı qəzetə bombalı hücum

Ərdoğan tərəfdarı qəzetə bombalı hücum


11-02-2016, 08:50
Ərdoğan tərəfdarı qəzetə bombalı hücum
Türkiyədə fəaliyyət göstərən “Yeni Şafak” qəzetinin binasına silahlı hücum olub. ANS PRESS-in “İHA”ya istinadən verdiyi məlumata görə, naməlum şəxslər qəzetin binasına odlu silahlarla və “molotov kokteyli” ilə hücum edib. Hadisədən sonra qəzetin binasında yanğın başlasa da hücum zamanı xəsarət alan olmayıb.

Hadisənin baş verməsindən sonra qəzetin İstanbul şəhəri Bayrampaşa rayonundakı binasında və ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib.

1994-cü ildə nəşr həyatına başlayan qəzet iqtidaryönümlü mətbu orqandır. Ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanın yaxın dostunun və ya qohumunun bu qəzetin ortaqlarından biri olduğu da iddia olunur.

Həmçinin bu gecə Türkiyədə fəaliyyət göstərən “Akit” media qrupuna aid bina da naməlum şəxslərin silahlı hücumuna məruz qalıb. ANS PRESS-in “yeniakit” saytına istinadən verdiyi məlumata görə, gecə saatlarında mətbuorqanın binasına “molotov kokteyli” atılıb. Hücum nəticəsində binada yanğın başlayıb. Hücumu törədən naməlum şəxslər isə hadisə yerindən qaçaraq uzaqlaşıblar.

Hadisə yerinə dərhal yanğından mühafizə briqadaları cəlb olunaraq yanğının qarşısı alınıb. Hadisə yerinə baxış keçirən polis 3 ədəd tüfəng gülləsinin gilizini aşkarlayıb.

Hər iki faktla bağlı araşdırmalar davam edir.

Geri qayıt