YENİ SÖKÜNTÜ BUMU GÖZLƏNİLİR
Tarix: 12-03-2012, 12:57 |
Çap et
QANUNSUZ TİKİLİLƏRİN TƏN YARISI SİYAHIYA ALINIB
Azərbaycan paytaxtında qanunsuz tikililərin sənədləşdirilməsi ilə bağlı prezidentin tapşırıqlarına uyğun olaraq Bakı Şəhər İcra Hakimiyyəti belə tikililərin siyahısını hazırlayır.
“APA-ECONOMICS”in xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov bildirib.
Onun sözlərinə görə, araşdırma zamanı bu məsələnin əvvəlcə nəzərdə tutulandan daha mürəkkəb olduğu üzə çıxıb. Məlum olub ki, paytaxtdakı bəzi plansız tikililərin yaşı 100-dən artıqdır: “Bakı şəhərində 1900-cü ildə, 1950-70-ci illərdə tikilən və sənədi olmayan tikililər də var. Ona görə də Bakı Şəhər İcra Hakimiyyəti belə tikililəri 4 kateqoriyaya - 1950-ci ilədək, 1975-ci ilədək, 2000-ci ilədək və 2012-ci ilədək tikilən tikililərə bölərək siyahılar hazırlayır”.
İndiyədək aparılan işlər nəticəsində 1950 və 1975-ci ilədək tikilən tikililərin siyahısı hazırlanaraq Nazirlər Kabinetinə təqdim edilib. Hazırda isə 2000-ci ilə və 2012-ci ilədək olan bütün qanunsuz və ya plansız, sənədi olmayan tikililərin siyahıları Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən hazırlanır. İş başa çatandan sonra onlar da Nazirlər Kabinetinə təhvil veriləcək və bundan sonra müvafiq qərar qəbul ediləcək: “Milli Məclis təsdiq edən kimi bütün mənzillər qeydiyyata alınacaq. Belə mənzillərin sayı 400 minə yaxındır”.