MOBİL TELEFON İNHİSARI RƏSMİLƏŞİR
Tarix: 18-03-2012, 13:27 |
Çap et
AZƏRBAYCANDA BU İŞLƏ YALNIZ İKİ ŞİRKƏT MƏŞĞUL OLACAQ
Azərbaycanda telefon satışının monopoliyaya alınmasına hazırlıq gedir. Bu barədə redaksiyamıza daxil olan məlumatlarda deyilir ki, yaxın vaxtlarda telefon satışı yalnız iki şirkətin əlində cəmləşəcək. DİA.AZ-a ötürülən məlumata görə bu «Mobitel» və «İnteqral» şirkətləridir.
Məlumatlarda bildirilir ki, son günlər hüquq-mühafizə orqanlarının, xüsusilə MTN və DİN-in telefon mağazalarında apardığı reydlər də bununla bağlıdır. Bildirilir ki, reydlər zamanı telefonlar ciddi şəkildə yoxlanılır. Bəlli olanda ki, telefonlar rəsmi distribütorlardan alınmayıb, qaçaqmal hesab edilir. Mağaza sahiblərinə bildirilir ki, telefonlar yalnız onların ölkədəki rəsmi distribütorlarından alınmalıdır.
Onu da əlavə edək ki, yuxarıda adı qeyd edilən şirkətlərin hər ikisi hakim ailəyə yaxındır. Hələ bir müddət əvvəl telefon satışının ailə tərəfindən nəzarətə götürüləcəyi barədə məlumat yayılmışdı. Göründüyü kimi, artıq prosesə start verilib.