“AMNESTY İNTERNATIONAL” REPERİ MÜDAFİƏ ETDİ
Tarix: 23-03-2012, 15:06 |
Çap et
QURUM POLİSLƏRİN CƏZALANDIRILMASINI İSTƏYİR
Reperlər Camal Əli və Natiq Kərimovu döyən polislərin zorakılığı araşdırılmalı, təqsirkarlar isə cəzalandırılmalıdır. Bu barədə Amnesty İnternational-ın şənbə günü Bakının Bayıl qəsəbəsində gənclərin mitinqi zamanı reperlərin dövlət başçısı İlham Əliyevin ünvanına təhqir səsləndirməsindən sonra baş verən hadisə ilə bağlı bəyanatında deyilir.
Reperlər saxlandıqdan və döyüldükdən sonra məhkəmə onları, habelə aksiya təşkilatçılarından biri olan Etibar Salmanlını xuliqanlıq ittihamı ilə 10 gün müddətinə həbs edib.
Amnesty İnternational saxlanılanlara qarşı zorakılıq və işgəncəni yolverilməz sayır və hakimiyyəti Bakının mərkəzində etiraz aksiyaları keçirilməsinə qadağa tətbiq etdiyi üçün pisləyir.
Digər nüfuzlu təşkilat - Human Rights Watch da reperlərə qarşı polis zorakılığını pisləyib və onların dərhal azad edilməsini tələb edib.
Təhsil sistemində korrupsiyaya son qoyulması və siyasi məhbusların azad edilməsi tələbi ilə keçirilən etiraz aksiyasında 1500 gənc iştirak edib. Aksiya zamanı reperlər dövlət başçısının ünvanına senzuradankənar ifadələr yer alan mahnı ifa ediblər.