Prezidentin 7 iyun 2018-ci il tarixli sərəncamı ilə «Zəhər Mamed» ləqəbli Məmməd Cahangir oğlu Məmmədov Tovuz Rayon İcra Hakimiyyətinin başçısı təyin ediləndən sonra onu çox ehtiyac duyduğu “baldan şirin dillə” qarşılayan, qılığına girən məmurların korruptiv fəaliyyəti üçün münbit şərait yaratdı, bəzilərinin də vəzifədə irəli çəkilmələrinə təqdimat verdi. Həmin məmurlardan zaval görmüş, süründürdükləri Tovuz vətəndaşları isə bu təyinatlara mat qaldılar.
Xatırladaq ki, Tovuzun Qaraxanlı kəndində anadan olmuş Məmməd Məmmədov Kənd Təsərrüfatı Nazirliyində çalışıb. Uzun müddət bitçilik sahəsi, xüsusən bu sahəyə aid dərmanların hazırlanması üzrə işlədiyindən, «Zəhər Mamed” ləqəbi ilə tanınıb. Bundan başqa o, “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Aparat rəhbəri Cahan Məmmədovun qardaşıdır. Yeri gəlmişkən, özünün bu məsələyə münasibəti belə olub: “Mən bitki mühafizəsi sahəsi ilə məşğul olmuşam. Bitkiləri qorumağa çalışmışam. Yəqin, ona görədir. Deyirlərsə, elin ağzını yummaq olmaz”.
Onu da qeyd edək ki, Deryaz.az saytına məlumat verən mənbə M.Məmmədov rayon rəhbəri təyin olunandan sonra daha əvvəl başçılıq etdiyi “AQROKİMYA” MMC-də boşaltdığı kürsüyə oğlunu oturtdu, bir sözlə, “zəhərli” işlərinin başını buraxmayıb. Onun Tovuz rayon torpaqlarının bir qismini, Şəmkir, Tərtər, Agstafa, Kürdəmir, Saatlı və İmişli rayonlarında da yüz hektarlarla xam torpaqları ələ kecirib müxtəlif adamların adına sənədləşdirərək istifadə etdiyi, həmin torpaq sahələrinin əkilib — becərilməsi ücün ayrılan subsidiya vəsaitlərini nagd yolla əldə etməklə külli miqdarda dövlətə ziyan vurduğu, Tovuz fermerlərindən ucuz qiymətə aldığı toxumu istehsal olunmuş kimi siyahıya saldıraraq baha qiymətə rəsmiləşdirdiyi və dövlətdən bu təyinatla ayırılan maliyyə vəsaitini silib mənimsədiyi barədə çoxsaylı informasiyalar yayılıb.
İş o yerə gəlib çatıb ki, Məmməd Məmmədovun tətbiq etdiyi idarəçilik üsulunda, sərgilədiyi rəftarda “ifraz etdiyi zəhərə” Tovuzda az qala bütün sahələrdə, hər yerdə rast gəlmək mümkündür. Məsələn, Kürdən Qovlar qəsəbəsinə gələn kanalın içi və kanalın magistral yolun sol kənarına yaxın həndəvəri zibilliklə doludur. Bələdiyyə mülkiyyətinə düşən torpaqlara aid həmin ətrafda üfunətdən baş çatlayır. Yolun təmiz görünən sağ kənarında isə Məmməd Məmmədovun meyvə bağı yerləşir.
Müşahidə apardığımız digər ərazi Tovuz rayonunun Aşağı Quşçu kəndinə gedən yolun kənarıdır. Burada yaranmış zibil təpəsi ətrafa pis qoxu yayır. Xəstəlik mənbəyinə çevrilmiş zibil qalaqlarının üstü basdırılmır. Bəzi yerlərdə qalaqları topa-topa yandırırlar. Nəticədə tullantının, polietilen qabların yanmasından hasil olan toksik tüstü-duman yayılaraq insanların səhhətinə ciddi təhlükə törədir.
Məmməd Məmmədovun rayona rəhbər təyin olunanda yeni iş yerləri yaradacağına, insanlarınn məşğulluğunu təmin edəcəyinə dair verdiyi vədlər yalan çıxdığından, aclıqdan həmin zibillikdə eşələnən adamlara da tez-tez rast gəlinir
Bundan başqa, öyrənmişik ki, Məmməd Məmmədov təkcə Qovlarda 250 hektar torpaq sahəsini ələ keçirib. Alakol Toxumçuluq Sovxozunun balansında olan, hələ də özəlləşdirilməyən 30 hektar sahəyə də qanunsuz yiyələnib, çiləmə üsulla kartof əkdirir, sovxoz üzvü olmuş kəndlilərin isə əli boşda qalıb. Qovlarda, eləcə də başqa kəndlərdə (Düz Qırıqlı, Dönük Qırıqlı, Aşağı Ayıblı (Əyyublu), Alakol və s.) mənimsədiyi, yaxın adamlarının adına rəsmiləşdirdiyi torpaqların əkini üçün dövlətin ayırdığı subsidiyalardan da yararlanan icra başçısının başqa əkinçilərlə də subsidiya alveri etdiyi bildirilir.
Düz Qırıqlı kəndində inşa olunan, hazırda son tamamlama işləri aparılan “Aqrosənaye” MMC-nin də, həmin obyektin qarşısındakı toxumçuluq təsərrüfatının da Məmməd Məmmədova məxsus olduğu deyilir. Dönük Qırıqlı tərəfdən gələndə Qovlar qəsəbəsinin girişindəki Rusiyaya meyvə tədarükü daşınmasına hesablanmış Loqistika Mərkəzinin Strateji Yol Xəritəsində müəyyən edilmiş tədbirlərə uyğun olaraq qurulduğu və yerli istehsalçılar üçün bazara çıxış şərtlərini asanlaşdıracağı deyilsə də, onun da Məmməd Məmmədova xidmət edəcəyi deyilir.
Məmməd Məmmədov təkcə özünün fayda götürəcəyi torpaq sahələrini su ilə təmin etmək üçün artezian quyularının qazılmasını qardaşı, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin aparat rəhbəri Məmmədov Cahan Cahangir oğlunun dəstəyi ilə həyata keçirir.
O, övlət hesabına həyata keçirilməsini əsaslandırmaq üçün onlara məhz Tovuz zəhmətkeşlərinin ehtiyacı olduğunu göstərir. Halbuki, həmin quyuların məhz “kiçik padşaha” işləyəcəyi “Meliorasiya və Su Təsərrüfatı” ASC-yə də, “Azərsu” ASC-yə də məlumdur.
Tovuzda ikinci ən böyük sahibkar – məmur isə icra başçısının müavini Niftalı Qasımovdur. Sadiq oxucularımız bəlkə də xatırlayarlar, bir müddət bundan əvvəl “Dəryaz” qəzetinin redaksiyasına Tovuz rayonu, Həzi Aslanov küçəsi, ev-49 ünvanında yaşayan Məmmədov Rəşid Qədir oğlunun müraciəti əsasında redaksiya əməkdaşlarımız Tovuz rayonunda olmuş və 1994-cü ildən sahibkarlıq fəaliyyəti ilə məşğul olan bu şəxsin problemlərini araşdırmış və bəlli olmuşdu ki, əlində məhkəmə qaydasında təsdiqlənmiş sənədi olan sahibkarın torpaqlarını ondan satın almaq istəyən icra başçısı Məmməd Məmmədov imtina cavabı alandan sonra onunla düşmənçilik aparır, bürokratik maneələr törədərək subsidiyalardan yararlanmasını əngəlləyir. Rəşid Məmmədovun işi əlaqədar bölgədə ezamiyyətdə olan əməkdaşlarımıza Niftalı Qasımova məxsus minlərlə heyvanın bəslənildiyi iri maldarlıq təsərrüfatları, geniş əkin sahələri də göstərilmişdi
Bütün bu və digər məsələlərlə bağlı hazırki mövqeyiuni öyrənmək üçün Niftalı Qasımova zəng vurduq. Özündən razı məmurun cavabı qısa oldu: “Gedin, nə yazırsınız – yazın”.