Əsas Səhifə > Hadisə, Manşet > Bakı meri postuna kim təyin olunacaq?

Bakı meri postuna kim təyin olunacaq?


27-04-2018, 08:49
Bakı meri postuna kim təyin olunacaq?
Prezident İlham Əliyev aprelin 21-də Nazirlər Kabinetinin yeni tərkibi haqqında imzaladığı sərəncamla Bakı Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilən Hacıbala Abutalıbov baş nazirin müavini vəzifəsinə təyin olundu. Abid Şərifovun hökumətdəki yerini tutan H.Abutalıbov yenə də Bakıdakı tikinti-söküntü işlərinə, Bayılda və digər ərazilərdə sürüşmə zonalarındakı vəziyyətə cavabdeh olacaq.

Yada salaq ki, A.Şərifov istefaya göndərilməmişdən bir neçə gün əvvəl “Sovetski” adlanan ərazidə yeni söküntülərin başlayacağının anonsunu vermişdi.

A.Şərifov demişdi ki, ərazidə yaşayan sakinlər köçürülmə ilə bağlı məlumatlandırılıblar. Mayın əvvəlindən “Sovetski”də köçürülmənin növbəti mərhələsinə başlanılacaq. Bu mərhələdə 2500-ə qədər evin sökülməsi nəzərdə tutulur. A.Şərifovun bu görəvini indi H.Abutalıbov icra edəcək. Yeri gəlmişkən, Abutalıbov 2000-ci ilin yanvar ayından 2001-ci ilin yanvar ayına qədər də baş nazirinin müavini vəzifəsində çalışıb. Onun mer təyinatından sonra bu postu A.Şərifov tutub. Yəni prinsipcə, Abutalıbov köhnə iş yerinə və görəvinə qayıdıb.

“Yeni Müsavat” a verilən məlumata görə, H.Abutalıbov artıq kabinetini boşaldıb və sabiq merin əşyaları Nazirlər Kabinetinə daşınıb. İndi diqqətlər həm də Bakı meriyasında H.Abutalıbovun boşalan yerinə kimin təyin ediləcəyinə yönəlib.

Modern.az saytının məlumatına görə, hazırda Bakı Şəhər İcra Hakimiyyətinə faktiki olaraq Fidumə Hüseynova rəhbərlik edir. Məsələ burasındadır ki, Bakı Şəhər İcra Hakimiyyətinin rəhbərliyində 3 vəzifə var - başçı və iki müavin. Amma hazırda başçı və bir müavin vəzifəsi boşdur. Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini Rauf Pənahov ötən ilin iyununda vəfat edib və onun yerinə də hələ təyinat olmayıb. R.Pənahov 2001-ci ildən Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini idi.

Hazırda Bakı Şəhər İcra Hakimiyyətində yeganə rəhbər şəxs olan Fidumə Hüseynova 2005-ci ildən şəhər merinin müavini vəzifəsində çalışır. O, uzun illərdir ki, BŞİH müavin postundadır. 2003-cü ilin yayında H.Əliyevin sərəncamı ilə müavin vəzifəsindən azad edilərək Binəqədiyə icra başçısı təyin edildi. Amma cəmi ik il sonra-2005-ci ildən yenidən BŞİH-ə qaytarıldı.

BŞİH-ə təyinatın ləngiməsi ilə bağlı ən müxtəlif iddialar var. Məlumdur ki, Azərbaycan Avropa Şurasına üzv olan yeganə dövlətdir ki, onun böyük şəhər bələdiyyəsi yoxdur. Azərbaycan 2001-ci ildə Avropa Şurasına üzv qəbul edildiyi vaxt üzərinə götürdüyü öhdəliklərdən biri də iri şəhərlərdə böyük şəhər bələdiyyəsinin yaradılması idi.

Müxtəlif vaxtlarda bu məsələ gündəmə gətirilsə də, hələ də müsbət sonluqla nəticələnməyib. Bələdiyyələr Bakının 11 rayonunda yaradılıb. Amma Bakı Şəhər Bələdiyyəsinin yaradılması yubanır. Yaxın illərdə də Bakı Şəhər Bələdiyyəsinin yaradılması real olmadığı üçün təyinatın gecikməsinin, şübhəsiz ki, bununla əlaqəsi yoxdur.

Mer postuna ən müxtəlif adamların adı çəkilir. Məsələn, bir iddiada deyilir ki, Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov mer ola bilər. O, həm də gənclər və idman naziri Azad Rəhimovun qudasıdır. SOCAR-ın vitse-prezidentlərindən birinin bu vəzifəyə gətiriləcəyi də deyilir. Səbayel RİH-in başçısı Eldar Əzizov, Nəsimi RİH-in başçısı Asif Əsgərov və Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin sədri Rəfail Mehrəliyevin adı da son günlər daha çox çəkilir.

Amma prezidentin son təyinatları bir daha göstərdi ki, medianın bu istiqamətdə cəhdləri əbəsdir. Bu səbəbdən də mer postuna sürpriz isim gətiriləcəyi daha çox gözləniləndir. Amma kim?

Geri qayıt