Əsas Səhifə > Hadisə, Manşet > "Mən bu pulu Namiq adlı şəxsə çatdırdıqdan sonra, hakim Xaliq İmanov məlum qərardadı qəbul etdi..."

"Mən bu pulu Namiq adlı şəxsə çatdırdıqdan sonra, hakim Xaliq İmanov məlum qərardadı qəbul etdi..."


10-08-2018, 09:33
"Mən bu pulu Namiq adlı şəxsə çatdırdıqdan sonra, hakim Xaliq İmanov məlum qərardadı qəbul etdi..."
“Uğurlu” MMC-nin təsisçisi və direktoru, müharibə veteranı Nəcəfov Adil Əli oğlu məhkəmədə üzləşdiyi özbaşınalıqla bağlı Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti Mehriban xanım Əliyevaya müraciət edib.

AzToday.az xəbər verir ki, iş adamı müraciətində 2 saylı İqtisad Məhkəməsinin hakimi Xaliq İmanovun merkantil maraqları əsasında Azərbaycan Dövləti adından qərarlar verdiyini yazır.

Müraciəti olduğu kimi təqdim edirik:

“Hörmətli Mehriban xanım!

Nəzərinizə çatdırmaq istəyirəm ki, 15.04.2015-ci ildə “Allahverdi” müəssisəsinin rəhbəri, 204 saylı marşrutun sahibi Namiq Allahverdiyev rəhbərlik etdiyim müəssisədən 7 ədəd “İSUZU” markalı avtobus icarəyə götürmüşdür. Kreditə görə “Bank of Azərbaycan”ın ləğvetmə komisiyası məni məhkəməyə verdikdən sonra məlum olmuşdur ki, “Allahverdi” firması icarə müqaviləsinin şərtlərinə əməl etməyib. Belə ki, nə kreditləri, nə də icarə haqqını ödəməmişdir. Biz bununla əlaqədar27 may 2018-ci il tarixdə 2 saylı İqtisad Məhkəməsinə müraciət etdik. Məhkəmə hakimi Xaliq İmanov müqavilənin birtərəfli şəkildə ləğv olunması və mənə məxsus olan 7 ədəd avtobusun tutulub cərimə meydançasına qoyulması barədə 1 iyun 2018-ci il tarixli qərardad qəbul etdi. Buna qədər qərardad qəbul edilməsi üçün Xaliq İmanovun köməkçisi Namiq adlı şəxs bizlə görüşərək, qərardad üçün məndən min (1000) manat pul tələb etdi. Mən bu pulu Namiq adlı şəxsə çatdırdıqdan sonra, hakim Xaliq İmanov məlum qərardadı qəbul etdi. Bundan təqribən bir ay sonra iddiam əsasında ilkin məhkəmə prosesi keçirildi və hakim elan etdi ki, növbəti proses 26 iyul 2018-ci il tarixdə keçiriləcək. Qarşı tərəf Xaliq İmanovun çıxardığı 1 iyun 2018-ci il tarixli qərardaddan əlində heç bir əsas olmadan şikayət etmişdir. Hakim Xaliq İmanov şikayəti Apellyasiya Məhkəməsinə göndərmək əvəzinə nə məni, nə də mənim vəkilim Cəfər Cəfərova bildiriş göndərmədən və xəbərdarlıq etmədən 2-2(82)-511/2018 saylı qərardad qəbul etmişdir. Xaliq İmanov yaxşı bilirdi ki, mən və vəkilim prosesdə iştirak etsəydi, saxta sənəd əsasında alver edib, əvvəl qəbul etdiyi qərardada qarşı qərar qəbul edə bilməz. Sözügedən qərardadda mənə məxsus olan avtobuslar üzərində qoyulan həbs qərarı ləğv edilmişdir. Və qərardad saxta sənəd, əsli olmayan sənəd əsasında qəbul edilib. Bu iddiamın sübuta belə ehtiyyacı yoxdur.
Qeyd edim ki, avqustun 7-si hakim Xaliq Imanov ona verdiyim min manatı mənə geri qaytardı. Ancaq Xaliq İmanovun heç bir hüquqi əsası olmadan əleyhimə verdiyi qərar məni ən azı 3 ay müddətində gecikdirəcək. Bu vaxt itkisi mənə əlavə əsəb və maddi itkilər deməkdir. Məhz bu səbəbdən də mən müvafiq qurumlardan Xaliq İmanovun cəzalandırılmasında israrlı olacam.

Hörmətli Mehriban xanım!

Sizcə hakimin qanuni şeydən min manat alıb qərardad verdiyi halda, nə qədər pul alaraq heç bir əsası olmayan qərar qəbul edib?
Vətəndaşların məhkəmələrdə bu şəkildə incidən və heç bir hüquqi əsası olmayan qərarlar verən hakimə vətən xaini adından başqa heç bir ad vermək olmaz. Azərbaycan dövləti adından qərarlar çıxaran hakim Xaliq İmanovun etdikləri ölkəmizə və qanunlarımıza xəyanətdən başqa bir şey deyil. Xahiş edirəm ki, 2 saylı İqtisad Məhkəməsinin hakimi Xaliq İmanovla bağlı müvafiq tədbirlərin görülməsinə göstəriş verəsiniz”.

Müraciətdə səslənən ittihamlarla bağlı Xaliq İmanovun da mövqeyini işıqlandırmağa hazırıq.

Geri qayıt