Əsas Səhifə > Hadisə, Manşet > Ramiz Mehdiyevin AMEA-sında pardaxlanan YEYİNTİ...
Ramiz Mehdiyevin AMEA-sında pardaxlanan YEYİNTİ...29-12-2020, 10:55 |
Azərbaycanda əksər dövlət qurumlarının rəhbərliyinin “ailə podratı”na çevrilməsi barədə dəfələrlə söz açılmışdır. Belə ki, əksər hallarda kiçik ştatı olan dövlət müəssisələrinə gətirilən rəhbər şəxs az keçmir ki, qohum-əqrabasını, tanışını rəhbərlik etdiyi təşkilatda müxtəlif yüksək vəzifələrə yerləşdirir. Ən acınacaqlısı isə budur ki, belə xoşagəlməz hallar çox zaman qeyri-xidmət sahələri üzrə fəaliyyət göstərən təşkilatlarda, əsasən də elmi profilli dövlət müəssisəsində rast gəlinir. Hər il dövlət büdcəsindən milyonlarla manat vəsait ayrılmasına baxmayaraq, Azərbaycan elminin ləng inkişafının başlıca səbəbi də elmi təşkilatlarımızda aparıcı vəzifələri rəhbər şəxsin ona yaxın olan kəslərə, hətta eyni ailədən olan şəxslərə “pay-püş” etməsidir. Əfsus ki, məsələ bununla da yekunlaşmır. Elmi institutlarımızda baş verən bu cür silsilə haqsızlıqlar illərlə elm yolunda, sözün əsl mənasında, külüng vuran, dövlətdən aldığı cüzi məvacibin müqabilində əsl elm adamı kimi işinə vicdan və məsuliyyətlə yanaşan alimləri sonadək təqib edir. O cür alimlərimiz, xüsusən də gənc nəslin nümayəndələri beynəlxalq konfranslara, simpoziumlara göndərilmir. AzFakt.com-un əldə etdiyi məlumata görə yüksək vəzifələri bölüşdürülən təşkilatlardan biri də Azərbaycan Milli Elmlər Akademiyasıdır. Elm ocağı yoxsa korrupsiya yuvası? Sovetlər dönəmindən Azərbaycanın müstəqilliyinə qovuşduğu ilk illərə qədər Ulu öndər Heydər Əliyevin, sonrakı dövrlərdə Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xüsusi diqqət və qayğısı ilə əhatə olunan Azərbaycan MEA, rəhbərlərliyində olan səriştəsiz şəxslərin ucbatından demək olar ki, ona göstərilən qayğı və diqqəti doğrulda bilmədi. Elmi institutların müəyyən şəbəkələşmiş qruplar arasında bölünməsi, şəxsi maraqların önə çəkilməsi, bəzi hallarda korrupsiya və rüşvətxorluq böyük və əzəmətli tarixi olan Milli Elmlər Akademiyasının “çarxına” saplanaraq onu dünyada gedən sürətli elmi uğurlardan geri saldı. Bu yazıda Azərbaycan MEA-da baş verən neqativ hallardan ümumiləşdirilmiş şəkildə deyil, daha konkret danışmağa çalışacağıq. Əlbəttə, Azərbaycan MEA-da uzun illərdən bəri yaşanan xoşagəlməz halları bir yazıya sığdırmaq mümkünsüzdür. Bununla belə, çalışacağıq ki, müqəddəs elm məbədinin çırağını söndürənlərin kimlikləri barədə az da olsa xalqımıza məlumat verək. AMEA-da “humanitar yeyinti” Azərbaycan MEA-nın strukturları barədə hazırlayacağımız silsilə yazıları öncə Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutundan başlayacağıq. Qeyd edək ki, bu instituta 2014-cü ildən etibarən akademik Teymur Kərimli rəhbərlik edir. T.Kərimli bundan əvvəl 2012-2013-cü illərdə Nizami adına Ədəbiyyat İnstitutunun direktoru vəzifəsini icra etmişdir. Elə o dönəmlərdə də həmin İnstitutda adı müxtəlif qalmaqallarda hallanan T.Kərimli 2014-cü ildə Əlyazmalar İnstitutunun direktoru seçiləndən sonra belə, ona olan böyük ümidləri doğrultmadı. Qeyd edək ki, Teymur Kərimli Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru vəzifəsini icra etməklə yanaşı, Azərbaycan MEA Humanitar elmlər bölməsinin akademik katibidir. Bu isə T.Kərimliyə Humanitar elmlər bölməsinə daxil olan bir çox elmi müəssisələri də nəzarətdə saxlamaq imkanı verir. Aparılan çoxsaylı müşahidələr göstərir ki, akademik T. Kərimli bu işinin öhdəsindən də “bacarıqla” gəlir. Əldə olunan məlumatlara əsasən, Hüseyn Cavidin Ev Muzeyi T.Kərimlinin bilavasitə nəzarəti altındadır. Muzeyin direktoru Gülbəniz Babaxanlı ilə yaxın qohumluq münasibətləri olan T. Kərimli burada görülən hər bir işə ən xırda detallarına qədər nəzarət edə bilir. Belə ki, muzeydə keçiriləcək tədbirlər, simpoziumlar, elmi tədbirlər, yubileylər, nəşrə hazırlanan kitablar, elmi jurnallarda dərc ediləcək məqalələr birbaşa T.Kərimlinin göstərişi əsasında həyata keçirilir. Hətta, bəzən həmin müəssisədə dövlət hesabına keçirilən tədbirlər, banketlər ən kiçik məclislər şəklində yola verilir, orada isə iştirak hüququnu elmə xidmət edənlər yox, Kərimli və Babaxanlı “ittifaqına” “sədaqətlə” xidmət edənlər, vəfalı olanlar qazanırdı. Digər maraqlı məqamlardan biri də, müstəqil olaraq muzeyin həyata keçirdiyi dövlət satınalmaları ilə bağlıdır. Azərbaycan MEA-nın digər elmi müəssisələrində olduğu kimi, Hüseyn Cavidin Ev Muzeyinin sifarişçi olduğu dövlət satınalmalarında da son dərəcə ciddi, şübhəli məqamların olduğu şəksizdir. Əlyazmalar İnstitunda Kərimli-Kəngərli tendemi Akademik Teymur Kərimlinin direktoru olduğu Əlyazmalar İnstitutunda da vəziyyət Hüseyn Cavidin Ev Muzeyindəki vəziyyətdən fərqlənmir. Əlyazmalar İnstitutunda da T.Kərimli və müavini Aybəniz Kəngərli (Aybəniz Kəngərli Hüseyn Cavidin Ev Muzeyinin direktoru Gülbəniz Babaxanlının bacısıdır) “ittifaqına” beyət etməyən elm adamları dövlətin verdiyi bütün imtiyazlardan kənarda qalırlar. İnstitutun elmi işçilərinin yubiley tədbirləri, xüsusi günlərdə verilən maddi yardımlar rəhbərliyə yaxın şəxslər arasında bölüşdürülür. Hər il institut cari və əsaslı təmir adı altında satınalmalar həyata keçirir. Dəyəri 50 min manata qədər olan satınalmalarda isə görülən işlər kosmetik xarakterli, bütünlüklə bir neçə min manatlıq işlərdən ibarət olur. Digər vəsaitlər isə tamamən mənimsənilir. Əlyazmalar institunda onlayn sərgilərin təşkilində və tədqiqatların aparılması məsələlərində də vəsaitlərin şişirdilməsinə, mənimsənilməsinə yol verildiyi deyilir. Bundan əlavə, Əlyazmalar İnstitunda tarixi-arxeoqrafik sənədlərin, şəxsi arxivlərin toplanması, sistemə salınması, kataloqlaşdırılması və elektronlaşdırılması işlərində də müəyyən maxinasiya hallarına yol verildiyi iddia edilir. Məsələ ilə bağlı Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun rəhbərliyinin münasibətini örgənməyə çalışsaqda, suallarımıza və sorğularımıza cavab verən tapılmadı. Geri qayıt |