Əsas Səhifə > Hadisə, Manşet > Əhalini donduran “Azəriqaz”ın “qış nağılı”:
Əhalini donduran “Azəriqaz”ın “qış nağılı”:30-01-2021, 12:33 |
Cəmi bir həftə əvvəl Bakıda havanın temperaturu bir qədər aşağı düşdü və paytaxt sakinləri maye qazın verilişi ilə bağlı ciddi problemlə üzləşdilər. Maye qaza tələbatın çoxaldığı bir vaxtda bu problemin yaranması qaz təsərrüfatının necə idarə olunmasını bir daha ortaya qoydu. Digər tərəfdən son zamanlar smart sayğacların mexaniki sayğaclarla əvəzlənməsi ilə bağlı narazılıqlar kütləvi xarakter almağa başlayıb. Belə ki, sayğaclar dəyişildikdən sonra qaz sərfiyyatının dəfələrlə artığı bildirilir ki, bunun da reallığı əks etdirməsinə ciddi şübhələr var. “Azəriqaz” İstehsal Birliyinin rəhbərliyi buna müxtəlif səbəblər gətirsə də, onlar inandırıcı görünmür. Hökumətin isə bu məsələdə israrlı olduğu müşahidə olunur. 2 gün əvvəl Baş nazir Əli Əsədovun rəhbərliyi ilə respublikanın qaz təsərrüfatında mövcud problemlərə, o cümlədən qazdan səmərəli və təhlükəsiz istifadə qaydalarına həsr olunmuş videoformatda iclas keçirilib. İclasda mövcud problemlərin həlli istiqamətində müzakirələr aparıldığı, müvafiq tapşırıqlar verildiyi bildirilir. Qeyd edək ki, iclasda Baş Prokurorluğunun, Energetika, Fövqəladə Hallar, Ədliyyə, Maliyyə, İqtisadiyyat nazirliklərinin, həmçinin Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, SOCAR-ın və “Azəriqaz” İB-nin rəhbərliyi iştirak edib. Azərbaycanın qaz təsərrüfatında mövcud olan problem yalnız smart sayğacla bağlıdır ki, hökumət, həmçinin “Azəriqaz” İstehsalat Birliyi öz fəaliyyətini əsasən bu istiqamətdə qurub? İqtisadçı Akif Nəsirli “Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, Azərbaycanın qaz təsərrüfatının cox ciddi problemləri var: “Ən ciddi problem BP şirkəti tərəfindən ölkəyə hədiyyə edilən səmt qazı ilə bağlıdır, o səmt qazı ki, hər il yüzlərlə insanın canını alır. Azərbaycanda qaz təmizləyici zavod yoxdur, halbuki əhaliyə verilən qazın 80-90 faizi belə bir zavoddan keçməlidir. Neftlə birlikdə çıxan səmt qazı yanarkən aralıq maddələr alınır. Bunlar da zəhərləyici maddələrdir. Harda ki, havasızlıq olur, orada dəm qazı yaranır və insanları zəhərləyir. Əslində, məişətdə istifadə olunan qaz səmt qazı ola bilməz. Dünya təcrübəsində - məsələn, Meksikada səmt qazını əhalinin istifadəsinə verilməsi üçün onu zənginləşdirirlər, onun tərkibindəki yanar karbohidratların çəkisini 60-70 faiz artırırlar. Əgər mətbəxdə məişət avadanlıqlarının altı hiss olursa, deməli, bu səmt qazıdır və təhlükəlidir. Məişət üçün nəzərdə tutulan qaz hiss etməməlidir”. Akif Nəsirli deyir ki, sayğaclarla bağlı ortaya çıxan problem qaz təsərrüfatı ilə bağlı deyil: “Bu, Azərbaycandakı oğru, korrupsioner məmurların yaratdığı problemdir. Smart tipli sayğacların qoyulmasına 2009-cu ildən başlayıblar. Bu cür sayğacların istifadə müddəti 27 ildir. İndi istismar müddəti başa çatmamış sayğacların dəyişdirilməsində əsas səbəb odur ki, ağıllı sayğaclarla oğurluq etmək, vətəndaşa əlavə sərfiyyat yazmaq mümkün deyil. Yəni burada möttəkirliyə yer yoxdur. Bu “Azəriqaz”a, rüşvətxor, korrupsioner məmurlara sərf etmir. Mexaniki sayğaclar isə oğurluq mənbəyidir. Hələ ki, həyət evlərində bunu dəyişiblər, əgər cəmiyyətdə buna qarşı etiraz güclənməsə, hündürmərtəbəli binalarda da bunu edəcəklər. Burada möhtəkirlik, oğurluq olacaq, əhalinin çoxlu borcu yığılacaq, Prezidentə müraciət edəcəklər ki, əhalinin bunu ödəmək imkanı yoxdur və xahiş edirik, tədbir görülsün. Xatırladım ki, 10 il bundan əvvəl belə borcların silinməsi ilə bağlı tədbir görülmüşdü. Beləcə, yenidən “Azəriqaz”ın hesabına milyonlar ayrılacaq. 10 il qabaqkı hadisəni yenidən təkrarlamaq, büdcədən milyonlar oğurlamaq üçün şərait yaradırlar. Yeni qoyulan mexaniki sayğaclarda artıq sərfiyyat yazılması ilə bağlı şikayətlər mətbuatda yer almaqdadır. Yəni hökumətin o boyda iclasında geriyə addım atılması ilə bağlı müzakirələr aparılır”. İqtisadçı deyir ki, smart sayğaclar mütərəqqi, Avropa ölkələrində təcrübədən keçib: “Ola bilər ki, mart sayğacların qiyməti bahadır. Hardasa 250 manata smart sayğaclar, 80 manata isə mexaniki sayğaclar başa gəlir. Smart sayğacların bir detalı var - onun qiyməti 1-2 manatdır. Həmin element 9 ildə bir dəfə dəyişilməlidir. Onu dəyişməklə həmin sayğacların 27 il fəaliyyət göstərməsi mümkündür. Bundan sonra isə onlar əsaslı təhlil edilir. Təhlildən çıxan sayğaclar yenidən quraşdırılır. Avstriyada bu cür sayğaclar 30 ildən çox işlədilir. Azərbaycanda isə cəmi 11 ildir bu cür sayğaclar quraşdırılıb və istismar müddəti başa çatmamış sayğaclarla biz vidalaşırıq, konkret məsələ isə bundan ibarətdir ki, bununla bizim oğurluq etmək imkanlarımız yoxdur”. Qış aylarında, soyuq günlərdə qazın verilişində fasilələrin yaranmasına gəldikdə isə, Akif Nəsirli bildirib ki, bu, yayda qaz təsərrüfatçılarının heç bir təmirlə məşğul olmamaları ilə bağlıdır: “Qaz kəmərlərində vaxtaşırı yoxlama aparılmır, ümumiyyətlə, təsərrüfat normal işləmir. Əslində abonentlə müqavilələr də işlək deyil. Həmin müqavilələrdə göstərilməlidir ki, yanacağın verilişi kəsilən zaman kompensasiya ödənilməlidir. “Azəriqaz”-la abonentlər arasında bağlanan müqavilələrdə belə bir bəndin olması vacibdir ki, qurumda məsuliyyət hiss etsinlər. “Azəriqaz”da bilməlidirlər ki, abonentin qazı kəsildiyinə görə cərimə ödəyəcək. Müqavilədə isə bütün bəndlər şirkətin hüquqlarını müdafiə edir. Abonent isə heç həmn müqavilələri oxumur, ümumiyyətlə, bu cür müqavilələr işlək sayılmır. Bundan da istifadə edərək, kefləri nə zaman istəyir qazı kəsirlər, sızma var, qəza var. Guya ki, qəzanın olması normal haldır. Əslində isə bu normal deyil və şirkəti məsuliyyətə cəlb etməyin mexanizmi işlənməlidir. Bunu isə vətəndaş cəmiyyəti etməlidir. Bu gün haqqını tələb edən yoxdur, ona görə də tək “Azəriqaz” yox, bütün dövlət şirkətləri “at oynadır”. Qaz təsərrüfatında problemləri müzakirə edən hökumətin tariflərə yenidən baxması, əhaliyə verilən qazın qiymət artımı ilə bağlı qərar verməsi gözləniləndirmi? İqtisadçı qiymət artımının baş verəcəyini düşünmür: “Çünki artıq yanacağın qiymətində artımlar edilib və bu ölkədə kifayyət qədər bahalaşmaya səbəb olub. Ona görə də yaxın zamanlarda qazın qiymətinə yenidən baxılacağını, qiymət artımının baş verəcəyini gözləmirəm”. Geri qayıt |