Əsas Səhifə > Hadisə, Manşet > Sudan İstifadəedənlər Birliyi niyə sahibkarlarla müqavilə bağlamır?

Sudan İstifadəedənlər Birliyi niyə sahibkarlarla müqavilə bağlamır?


25-03-2021, 11:33
Sudan İstifadəedənlər Birliyi niyə sahibkarlarla müqavilə bağlamır?
Salyan rayonundan olan bir qrup sahibkar əkinəcəklərini vaxtı-vaxtında suvara bilmədikləri üçün həm sosial şəbəkədə məlumat yayıblar, həm də redaksiyamıza şikayət ediblər.

Onların Moderator.az-ın əməkdaşıyla söhbəti zamanı məlum olub ki, rayonda qanunsuz balıq nohurları olduğundan təsərrüfatlarını vaxtında suvara bilmirlər. Bununla yanaşı, həmin balıq nohurlarının qurunt suları ətrafdakı əkinəcəkləri də məhv edir. Qanunsuz balıq nohurlarına isə ildə 4-5 dəfə su verilir.

Onların sözlərinə görə su idarələri ilə əhali arasında vasitəçilik edən bir qurum olan Sudan İstifadəedənlər Birliyi (SİB) Melorasiya İdarəsindən suyu alır və əhaliyə satır. Lakin həmin qurum əkin əkən sahibkarlarla müqavilə bağlayıb, öhdəlik götürmür. Sahibkarlar bildirir ki, SİB onlarla müqavilə bağlamağa və öhdəlik götürməyə borcludur. Çünki vaxtı-vaxtında əkin sahəsini suvarmaq istəyən sahibkar bunu həmin qurumdan tələb etməlidir. SİB vaxtında su verməsə, sahibkar ziyana getsə, onda o, dəymiş ziyanı heç kimdən tələb edə bilməyəcək. Daha bir məsələ isə suyun qiymətidir. Əkin sahəsinə verilən suyun qiyməti təyinatına görə təyin olunmalıdır.

İkinci bir məsələ isə odur ki, Salyan Dövlət Aqrar İnkişaf Mərkəzi rayonda kənd təsərrüfatının inkişafına cavabdeh bir qurum kimi bu məsələni həll etməkdə maraqlı deyil. Sahibkarlar bildirir ki, rayonun Şorsulu və Boranı kəndi ərazisinin otlaq sahəsinin 750 hektarlıq ərazisində qanunsuz balıq nohurları var. Həmin nohurlara suyun bir dəfə verilməsinin qiyməti isə 100 manatdır. Maraqlıdır görən həmin balıq nohurları Salyan Dövlət Aqrar İnkişaf Mərkəzinin əkin sahələriylə bağlı xəritəsində niyə göstərilmir?

Sudan İstifadəedənlər Birliyi niyə sahibkarlarla müqavilə bağlamır?

Məsələylə bağlı Salyan Aqrar İnkişaf Mərkəzinin sədri Taryel Atamalıyevlə əlaqə saxladıq. Qurum sədri Moderator.az-a açıqlamasında sakinlərin şikayətini haqlı saydı və bildirdi ki, adı çəkilən problemlə bağlı dəfələrlə su idarələrinə müraciət olunub:

“Bu müqaviləni sakinlər suya məsul olan idarələrlə bağlamalıdır. Biz də sahibkarları maarifləndiririk ki, sudan düzgün istifadə etsinlər. Su itkisinin qarşısını almaq üçün dünyada bu dəqiqə dəyişiklik gedir. Ana kürdə su yoxdur və bununla əlaqədar bütün yuxarı aidiyyatı orqanlar qarşısında məsələ qaldırmışıq. Kürdə ötən ilki vəziyyət heç də dəyişməyib. Ona görə biz o su birliklərinə dəfələrlə demişik ki, fermerlərlə müqavilə bağlayın. Bu işlər qırmızı xətt kimi gedir. Amma rəsmi olaraq suyu satan Suvarma Sistemləri İdarəsidir və alan da Su Birlikləridir. Onların arasında rəsmi müqavilələri var”.
T.Atamalıyev rayonda qanunsuz balıq nohurları olmasını da təsdiqlədi:

“Rayonda həm qanuni, həm də qanunsuz balıq nohurları var. Bununla bağlı dəfələrlə dövlət səviyyəsində yoxlamalar gedib. Ümumiyyətlə su qıtlığıyla bağlı onlarla da mübarizə aparılır. Amma bəzən görürsən ki, balığı susuzluqdan qırılır və insanlıq edib köməklik edirsən. Lakin tapşırılır ki, gələn ildən bu cür qanunsuz nohurlar yaratmasın. Rayonumuza padarlar gəlib bizim torpaqlarda bostan əkirlər. Bizdə ərzaq təhlükəsizliyi, pambıqçılıq, baramayla əlaqədar dövlət proqramı var. Amma bostanla bağlı dövlət proqramı yoxdur. Bütün kəndin torpağını icarəyə götürüb bostan əkirlər. Belə olanda da bizdə su qıtlığı yaranır, pambığa su çatdıra bilmirik. Onunla əlaqədar cənab başçıdan xahiş etmişəm və su birlikləri ilə üç dəfə onlayn konfrans keçirmişik. Bunun qarşısını alsaq da yenə də çətinliklər var. Biz su birliklərinə tapşırırıq ki, həmin adamlarla müqavilə bağlamayın. Əkəndə səsləri çıxmır, amma sonra deyirlər ki, şikayət edəcəyik. Belə olanda isə biz pambığın suvarılmasında çətinlik çəkirik. Çünki pambığı iki dəfə suvarırıq, amma bostan isə 10 dəfə suvarılır. Hər şey bərabər olmalıdır. Biz bu şeylərlə çox ciddi məşğuluq”.

Geri qayıt