Əsas Səhifə > Hadisə, Manşet > Ramiz Mehdiyevdən Cəmil Həsənliyə təəccüblü cavab
Ramiz Mehdiyevdən Cəmil Həsənliyə təəccüblü cavab6-04-2021, 10:05 |
AMEA prezidenti Ramiz Mehdiyev Cəmil Həsənlinin səsləndirdiyi iddialarla bağlı akademiyanın rəsmi saytında açıqlama yayıb. Axar.az xəbər verir ki, adətən, heç bir ittihama cavab verməməsi ilə seçilən akademikin Cəmil Həsənlinin bəlli ittihamına dərhal reaksiya verməsi təəccüblüdür. Əvvəlcə, bəyanata diqqət edin: “2 aprel 2021-ci il tarixində “Azadlıq” qəzetinin “Feysbuk” sosial şəbəkəsində Cəmil Həsənlinin 2009-cu ildə Azərbaycan-Türkiyə münasibətlərinə dair yazısı yerləşdirilmişdir. Yazıda Cəmil Həsənli guya 2009-cu ilin aprelində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə Prezident Administrasiyasının o dövrdəki rəhbəri Ramiz Mehdiyevin bir sıra millət vəkillərinə Türkiyə əleyhinə çıxışlar etməyə dair təlimatlar verdiyini bildirmişdir. İctimaiyyətin diqqətinə çatdırmaq istəyirəm ki, Cəmil Həsənlinin bildirdikləri tamamilə böhtandır və qətiyyən həqiqətə uyğun deyil. Cənab Prezident İlham Əliyev tərəfindən mənə heç zaman belə bir tapşırıq verilməyib. Öz növbəmdə mən də heç bir millət vəkilinə bənzər məzmunda təlimat verməmişəm. Cənab Prezident İlham Əliyev Türkiyə-Azərbaycan münasibətlərini daim yüksək qiymətləndirmiş, “Bir millət, iki dövlət” prinsipinin əlaqələrimizin bütün sahələrində dərindən kök salmasına böyük töhfələr vermişdir. Azərbaycan-Türkiyə münasibətləri hər iki ölkə üçün strateji əhəmiyyətə malikdir və qardaşlıq prinsipləri üzərində qurulmuşdur. Hər kəs bu əlaqələrin əhəmiyyətini dərk etməli, onların qorunmasına çalışmalı, kənar qüvvələrin təxribatlarına rəvac verməməlidir. Öz növbəmdə Cəmil Həsənlini belə bir həssas məsələdə bəyanatlarını yüz ölçüb bir biçməyə, daha məsuliyyətli davranmağa çağırıram”. Əvvəla, açıqlamanın üslubu, akademikin Cəmil Həsənlini “belə bir həssas məsələdə” bəyanatını yüz ölçüb-bir biçməyə çağırması əlbəttə ki, qəribədir. Necə ola bilər ki, Ramiz Mehdiyev siyasi rəqib yox, düşmənçilik edən Cəmil Həsənliyə cavab verməyi - həm də bu cür tövsiyəvari - özünə sığışdırır? İkincisi, İlham Əliyev yalnız Türkiyə ilə əlaqələrə üstünlük verən deyil, Türkiyə ilə əlaqələri məhz bu səviyyəyə qaldıran liderdir. İlham Əliyevin 2014-cü ilin aprelində dediyi “Türkiyə burda yoxdur, ancaq mən burdayam” sözləri nəinki Azərbaycan və Türkiyə diplomatiyası tarixinə qürurla yazılıb, həm də qardaş Türkiyə ilə münasibətlərdə yeni səhifə açıb. Həm İlham Əliyev və Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın qarşılıqlı münasibətləri, həm də Türkiyə-Azərbaycan münasibətlərinin səviyyəsi Cəmil Həsənlinin hansısa bəyanatı ilə ləkələnə bilməz. O ki qaldı iki dövlət arasında münasibətlərin həssaslığına, bu həssaslıq – qarşılıqlı sayğı, sevgi və dəyər üzərində qurulub və onun indiki, keçmiş və gələcək zamanlara heç bir aidiyyəti yoxdur. Üçüncüsü, Ramiz Mehdiyev daha geniş, bu münasibətləri açıqlaya bilən məqalə ilə də çıxış edə bilərdi – zatən onun adi bir tənqid qarşısında necə böyük reaksiya göstərdiyi hər kəsə bəllidir. Aradan da 3 gün keçib – yəni Cəmil Həsənlinin iddiasından. Əməllicə vaxtı vardı hörmətli akademikin. Dördüncüsü, Ramiz Mehdiyev YAP-da paralel olaraq yüksək vəzifə tutub və onun YAP-çı deputatlara da bu baxımdan hansısa tövsiyələr verməsi normaldır. Bəs, YAP-çı deputatlara verdiyi “təlimatları” Cəmil Həsənli hardan bilib? Əslində, bu açıqlama ilə Cəmil Həsənli özünü rüsvay edib. Dolayısı ilə təsdiqləyib ki, o, ya Ramiz Mehdiyevin kadrıdır və yaxud Ramiz Mehdiyevin tapşırıqlarını icra edən deputatlardan biri olub. Beşincisi, doğrudan da belə bir “təlimat” olubsa, kim deyir ki, Ramiz Mehdiyev bunu Prezidentin göstərişi əsasında verib? Ramiz Mehdiyev bunu özbaşına edə bilməzdimi? Və ümumiyyətlə, Ramiz Mehdiyevin istiqaməti və siyasi oriyentasiyası kimin üçün şübhəlidir ki? Onun hara istiqamətləndiyini və hansı mərkəzlərlə “dost” olduğunu kim bilmir? Yoxsa Cəmil Həsənli bilmir? Cəmil Həsənli nəyə işarə edir və nəyi xatırladır? R.Mehdiyevin narahatlığının səbəbi doğrudanmı “indiki həssas münasibətlərdir”, yoxsa tam ayrı mərkəzə istiqamətli gizli siyasi fəaliyyətinin aşkarlanmasıdır?.. Geri qayıt |