Əsas Səhifə > Hadisə, Manşet > “Kəndin məktəbliləri kor-koranə yaşayır”

“Kəndin məktəbliləri kor-koranə yaşayır”


20-04-2021, 09:03
“Kəndin məktəbliləri kor-koranə yaşayır”
“Nə ötən il, nə də bu il məktəblilər onlayn dərslərə qoşula bilib. Səbəb telefon xəttinin olmaması üzündən internetə qoşula bilməməyimizdir. Nəticədə uşaqlar təhsildə geriləyir. Sanki ölkədəki onlayn təhsilin bizim kəndə heç bir aidiyyəti yoxdur”.

Göyçayın Bəydövül kənd sakinləri Meydan TV-yə danışırlar ki, kənddə telefon xəttinin olmaması ilk növbədə məktəblilərə problemlər yaradıb. Onlar 1 ildən çoxdur ölkə ərazisində tətbiq olunan onlayn təhsildən kənarda qalıblar.

“Kəndin məktəbliləri kor-koranə yaşayır”

Kənd sakini Nüsrət Qurbanov danışır:

“Mənim bir övladım məktəblidir, ancaq 1 ildir ki, internetin olmaması üzündən təhsildən kənarda qalıb. Yuxarı sinif şagirdləri imtahanlara, məzunlar ali məktəbə hazırlaşmalıdır, bu məsələdə ən böyuk dəstəkləri internetdir. İnternet bu uşaqlara hava-su kimi vacibdir. Məlumatlar, əlavə bilgilər ordadır. Ancaq sanki sivilizasiya bizim kəndə gəlib çatmayıb. Kəndimizin yeniyetmələri, gəncləri kor-koranə həyat sürür”.

Kənd sakinləri Prezident Administrasiyasına, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə müraciət edib, ancaq müsbət cavab ala bilməyiblər. Nüsrət Qurbanov deyir, Bəydövül rayonda telekommunikasiyası olmayan yeganə kənddir.

“Qarşıdan imtahanlar gəlir, amma…”

“Demək olar ki, bütün kəndlərdə telefon xətti də var, internet də… Bircə Bəydövül bu vəziyyətdədir. Prezident Administrasiyasından, icra hakimiyyətindən, aidiyyəti üzrə nazirlikdən tutmuş hər yerə müraciət etmişik. İki mindən çox əhalisi olan kəndin telekommunikasiya problemi heç kimi narahat etmir. Qarşıdan yuxarı siniflərin imtahanları gəlir, ancaq uşaqlar heç dərs edə bilmir, o ki qala imtahana hazırlaşalar”, – şikayətçi deyir

“Müasir texniki avadanlıqlar quraşdırılacaq”

Göyçay Rayon İcra Hakimiyyətindən bildirilib ki, Bəydövül kənd ərazisində rabitə xidmətlərinin təminatıyla əlaqədar texnoloji quraşdırma işləri aparılmadığından problemin həlli hazırda mümkün deyil:

“Həmin ərazidə telekommunikasiya xidmətinin yüksək səviyyədə göstərilməsi üçün müasir növ texniki avadanlıqlar quraşdırılacaq. Yalnız bundan sonra “Aztelekom” MMC-nin Göyçay Telekommunikasiya Qovşağı tərəfindən rabitə xidməti göstəriləcək”.


Geri qayıt