Əsas Səhifə > Hadisə, Manşet > Hamı Vətən uğrunda səfərbər olanda... O DA PUL QAZANIRMIŞ...
Hamı Vətən uğrunda səfərbər olanda... O DA PUL QAZANIRMIŞ...7-06-2021, 09:21 |
44 günlük müharibə ordumuzun qüdrəti, igidlərimizin dəyanəti, şücaəti ilə bərabər, bəzi dövlət qurumlarının, həmçinin məmurların vəzifə fəaliyyətinə də ayna tutmuş oldu. Belə ki, 44 günlük müharibənin saxta simasını aşkara çıxardığı dövlət qurumlarından biri də yerli Hərbi Komissarlıqlar idi. Hansı ki, ixtiyarı olmadığı halda, rüşvət yolu ilə imkanlı şəxslərin övladlarını müharibədən yayındırıb, əvəzində maddi durumu zəif olan, müharibəyə yararsız, bir evin 2-3 oğlunu birdən, hətta xəstə ata-ananın yeganə övladını belə müharibəyə göndərdi. Bu cür ölkənin, xalqın ağır günündən belə yararlanan nankor, xain məmurlardan bəziləri də Beyləqan rayon Hərbi Komissarlığında özlərinə "taxt-tac" qurub, "əbədi mənzil" kimi əyləşiblər. DogruXeber.az İnformasiya agentliyinin redaksiyasına bir qrup Beyləqan rayon sakinləri tərəfindən Rayon Hərbi Komissarlığı barəsində məlumatları əks etdirən məktub daxil olmuşdur. Daxil olan məktubda deyilir: "Şəhid valideyinlərinin narazılıqlarını nəzərə alaraq, sizə bildirmək istəyirik. Beyləqan şəhəri Ş.H.X.Ç.D.X - nin Beyləqan şəhər şöbəsinin rəisi Məmmədov Əlsafa Musa oğlu, uzun illər qardaşı məhbus həyatı yaşamağına baxmayaraq bugünkü gündə rəhbər vəzifədə çalışır və buna baxmayaraq 44 günlük 2-ci Qarabağ müharibəsi gedən zaman etdiyi haqsızlıqlara şəhid valideyinləri dözə bilmir. Belə ki, Əlsafa Məmmədov 44 günlük 2-ci Qarabağ müharibəsi dövründə 7-10 min AZN arası nəğd pul alaraq, səfərbərliyə cəlb olunan çağırışçıları xidmətdən yayındırıb. Yığılan pullara isə öz şəxsi biznesinin inkişafını artırmaqla məşğuldur. Şəhid valideyinlərinin şikayət və narazılığını nəzərə alaraq bu haqda tədbir görməyinizi sizdən xahiş edirik." Biz də bir neçə sakin tərəfindən redaksiyamıza ünvanlanmış bu məktubu dərc etmədən öncə, vəzifə borcumuzu yerinə yetirib, qarşı tərəfin də məsələ barədə fikrini öyrənmək istədik. Odur ki, adı korrupsiyada hallanan Əlsafa Məmmədov ilə telefon əlaqəsi saxladıq. Özümüzü təqdim edib, redaksiyamıza daxil olan məktub barədə qısa məlumat verib, fikrini soruşmuşduq ki, Əlsafa müəllim: "Ə... Sən kimsən ki, araşdırma aparırsan!?" - deyib, telefonu üzümüzə qapatdı. Doğrusu bu boyda kobud davranışı dövlət məmuruna qondura bilmədik deyə, düşündük bəlkə əlaqə kəsilmiş olar. Odur ki, yenidən Əlsafa Məmmədov ilə telefon əlaqəsi saxladıq. Telefona cavab verərkən soruşduq ki: - "Əlsafa müəllim, əlaqə kəsildi, ya özünüz söndürdünüz?" Əlsafa müəllim: - "Özüm "adboy" verdim." - deyə cavab verdi. Bu zaman biz Ə.Məmmədovun diqqətinə çatdırdıq ki, redaksiyamızda bütün telefon danışıqları qeydə alınır. Sonra yenidən məsələyə münasibətini soruşduq. Ə. Məmmədov cavab verdi ki: - "Mən telefonda məlumat verə bilmərəm." Hansı formada cavab verə biləcəyini soruşduq. Ə.Məmmədov çox aqressiv şəkildə: - "Heç cürə. Mənim mövqeyim odur ki, məlumat yalandır. Sən araşdıran orqan deyilsən. Lazım olan orqanlar özü araşdırmalıdır. Mən heç nə deyə bilmərəm. Gedin rəhbərliyə verin suallarınızı." (Rayon Hərbi Komissarlığının rəisi "rəhbərlik" deyərkən kimi nəzərdə tutduğunu deyəsən heç özü də bilmirdi. Və özü də bilmədən Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətini birbaşa ittiham etdiyinin fərqində deyildi.) Biz: - "Rəhbərlik deyərkən kimi nəzərdə tutursunuz?" Sualımıza Ə. Məmmədov: - "Siz özünüz yaxşı bilirsiniz" - cavabını verib, yenidən telefonu qapatdı. P.S: Sözügedən şəxs Əlsafa Məmmədov haqqında internet üzərindən kiçik araşdırma apardığımız zaman belə bir məlumata da rast gəldik ki, "gününün böyük hissəsini kabinetində işçilərlə kompüter müxtəlif oyunlar oynamaqla keçirən Ə.Məmmədov Xidmət rəisi Arzu Rəhimovla yaxın olduğunu deyir." Bu da ehtimal verir ki, Ə.Məmmədov "rəhbərlik" deyərkən elə. A.Rəhimovu nəzərdə tuturmuş. Mövzu diqqətimizdədir. Redaksiyamız hər kəsin söz haqqını tanıyır. Gundemxeber.Az Geri qayıt |